Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 15:34:00
XQTİ-yə qəbul olmaq istəyən cari ilin abituriyentləri qabiliyyət imtahanları üçün qeydiyyatdan keçməlidirlər

2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən cari ilin abituriyentləri qabiliyyət imtahanlarında iştirak etmək üçün iyunun 18-dən 29-dək qeydiyyatdan keçməlidirlər.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan mərkəzindən məlumat verilib. Qabiliyyət imtahanlarına yazılmaq üçün qeydiyyat linki: https://eservices.dim.gov.az/qabiliyyet

 

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər istənilən sayda komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Kinooperator ixtisasına qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək. Bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər müsabiqəyə qəbul (buraxılış) imtahanında topladıqları bal əsasında qatılacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu barədə ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayından əldə etmək olar.
Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

Qeydlər:

1. IX sinif bazası üzrə əvvəlki illərin məzunları üçün kolleclərə qəbul imtahanı verənlər üçün onların imtahanları keçirildikdən və nəticələri məlum olduqdan sonra qabiliyyət imtahanlarına əlavə qeydiyyat tarixləri elan olunacaq.

2. İyunun 16-17-də buraxılış imtahanları vermiş abituriyentlərin imtahan nəticələri elan olunduqdan sonra qabiliyyət imtahanları komissiyaları üzrə qeydiyyatdan keçə biləcəklər.

3. Elektron ərizəsi olmayan abituriyentlər əvvəlcə ümumi qaydada 9 illik orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq edib, daha sonra qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.

4. Ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən abituriyentlər də qeydiyyatdan keçib qabiliyyət imtahanlarına yazıla bilərlər.