Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 09:36:00
Dünyada ən çox istinad olunan Azərbaycan alimi – “Nobel mənim üçün əsas hədəf deyil” - Qısa söhbət      

Hazırda İngiltərədə yaşayıb, orada çalışan soydaşımız Qərib Mürşüdov məqalələrinə ən çox istinad edilən   azərbaycanlı alimdir.

Böyük Britaniya Kral Statistika Cəmiyyətinin üzvü olan Qərib Mürşüdovun əsas elmi nailiyyətləri müasir statistika üsullarının struktur biologiya eksperimentlərinin analizi və modelləşdirilməsinə tətbiqi, molekulyar saflaşdırma üçün ən geniş yayılmış proqram təminatlarının hazırlanması,  struktur biologiyası cəmiyyətinin istifadəsi üçün bir sıra proqram təminatlarının və alqoritmlərin qurulması  kimi istiqamətləri əhatə edir. 1993-2011-ci illərdə Böyük Britaniyanin York Universitetində çalışıb, universitetin Kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru olub.

Məqalələrinə, o cümlədən proqramlarına olan istinadların sayı 20000-dən çoxdur.  Alim Yaponiya, Amerika, Braziliya, Uruqvay, Çin, Hindistan  və sair ölkələrdə  beynəlxalq kurslar təşkil edib.

Alim bu günlərdə daha bir uğura imza atıb. Dünyanın say-seçmə alimlərinin qatıla bildiyi EMBO-nun (Avropa Molekulyar Biologiya Təşkilatının) üzvü seçilib. EMBO-ya üzvlük dünya elmi cameəsi arasında Nobel mükafatına aparan yol kimi də bilinir.

AzEdu.az  əməkdaşı bu münasibətlə dünya çapında tanınan professor Qərib Mürşüdovla qısaca da olsa,  söhbət aparıb, onun təəssüratlarını öyrənməyə çalışıb. Qərib müəllim qısa söhbət zamanında da öz təvazökarlığından əl çəkməyib:

-EMBO üzvü olan ilk azərbaycanlı alimsiniz? EMBO-ya üzv etdikcə əsasən hansı kriteriyalara diqqət edilir?

-Mən üçün hər hansı sahədə birinci azərbaycanlı olaraq uğur qazanmağımın  heç bir mənası da yoxdur. Birinci və ya yüzüncü azərbaycanlı olmaq mənim üçün əhəmiyyətli deyil. Mənə belə gəlir ki, birinci azərbaycanlı olsam da bununla fəxr etməyin mənası yoxdur.

Üzv seçilmək üçün əsas kriteriya molekulyar biologiya elmində dünya səviyyəsində elmi işlərin görülməsidir. Mən bildiyimə görə üzvlük mövcud olan üzvlər arasında səs vermə ilə seçilir. Yəni ki, namizədlərin nəinki elmi işləri olmalıdır, onlar mövcud olan üzvlər arasında müəyyən qədər populyar da olmalıdırlar.

-Dünya elmi mətbuatında EMBO-ya üzvlüyü bəzən Nobelə aparan yol hesab edirlər. Siz bu fikirlə nə dərəcədə razısınız?

-Mən bu fikirlə razı deyiləm. Bir cəmiyyətin üzvlüyü Nobel üçün yol demək deyil. Bundan əlavə, mənim üçün Nobel və ya ayrı mükafatlar hədəf deyil. Əsas öz üzərinə götürdüyün işi yaxşı həyata keçirmək lazımdır. Mükafatlar və ya cəmiyyət üzvlükləri sonra ola bilər və ola bilməyə də bilər.

Azərbaycanda Nobel mükafatı haqqında həddindən artıq fikirləşir və danışırlar. Əslində bu haqda yox, ölkədə elmin inkişafı, elmi kadrların hazırlanması, təhsilin inkişafı haqda danışmaq və fikirləşmək lazımdır. Ümumiyyətlə, mükafat, elmi dərəcə və ya cəmiyyət üzvlüyü elmi karyeraya və ya kadrların qiymətləndirilməsinə az təsir etməlidir. Kadrların qiymətləndirilməsinə onların elmi fəaliyyəti, elmi nəticələri və planları təsir etməlidir.

-Lakin EMBO üzvü olan 45 Nobel mükafatçılı alim var.  EMBO-ya qatılmanız sizin nə zamansa Nobel qazanmaq şansınıza heçmi müsbət təsir göstərməz?

-Mən yenə deyirəm ki, mükafatlar mənim hədəfim deyil. Gənclərə də məsləhət görərdim ki, onlar mükafatları hədəf götürməsinlər.

Ümumiyyətlə, hər hansı bir fərdi insan üçün hədəf mükafatlar yox, müəyyən elmi və ayrı sahələrdə dərin və geniş biliklərin alınması və onların tətbiqi olmalıdır. Onlar bu hədəfə ixtiyari ölkədə, müvafiq şəraitlərin olduğu halda çata bilərlər. Avropa, Amerika və digər yerlərdə belə şəraitlər var. Amma müəyyən ölkənin hədəfi isə istedadlı gənclərin inkişafı, öz arzularına, hədəflərinə çatmaq üçün şəraitin yaradılmasıdır. Azərbaycanda belə şəraitin yaranması üzərində işləsələr çox güman ki, müəyyən nəticələr əldə etmək olar.

-Bu hadisə - sayılan dünya alimlərinin, böyük elmi nailiyyətləri olan şəxslərin sıraslnda yer almaq – elmi  fəaliyyətinizdə başqa hansı perspektivlərə yola açacaq?

-Mən öz elmi işlərimi davam etdirəcəyəm. Onsuz da mən elmi işlərdən əlavə müəyyən təşkilatçılıq işləri ilə də məşğulam. Məsələn, gənc alimlər üçün müxtəlif ölkələrdə müasir üsulların öyrədilməsi üçün kursların təşkili... Biz bu kursları ABŞ-da, Yaponiyada, Uruqvayda, Braziliyada, Çində və ayrı ölkələrdə həyata keçiririk.

Bundan əlavə mən Azərbaycanda elmi qrupun yaradılması ilə məşğulam. Bu yaxınlarda bizim Azərbaycandakı elmi qrup birinci nəticəsini verdi. Görülən iş texniki olduğu üçün onun haqda ətraflı danışmağın mənasını görmürəm. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri arasında mövcud olan pessimizm çox böyük problemdir. Əlbəttə bunun obyektiv səbəbləri var və bunların həlli ilə məşğul olmaq lazımdır. Mən öz tərəfimdən ancaq misallar vasitəsi ilə göstərməyə çalışıram ki, Azərbaycanda elmi iş ilə məşğul olub nəticələr almaq olar. Bu haqda çox danişmaq olar. Ola bilər ki, gələn dəfə...

Qeyd edək ki, hazırda Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında tədqiqat  qrupunun rəhbəri olan professor  Qərib Mürşüdovun EMBO-ya üzvlüyü Azərbaycan elmi üçün hadisə sayılmalıdır.

1964-cü ildən aparıcı alimlər hər il elmdə onların sübut edilmiş elmi nailiyyətləri nəzərə alınmaqla  EMBO üzvü olurlar.  Bu il təşkilatın üzvlüyünə  56 alim layiq görülüb.

"EMBO-nun üzvləri    həyat haqqında elmlərin bütün əsas istiqamətlərində  -  hesablama modellərindən və ya ayrı-ayrı molekul və hüceyrə mexanikasından tutmuş inkişafın daha yüksək nizamlı sistemlərinin,  təkamül və koqnitiv neyroelmlər sahələrinin öyrənilməsi sahəsində araşdırmalar aparan görkəmli alimlərdir",- deyə EMBO-nun direktoru  Mariya Leptin bildirib.

Diqqətəlayiq  fakt odur ki, bu vaxta qədər EMBO-nun 45 üzvü Nobel mükafatına layiq görülüb.   EMBO-un bir çox təşəbbüsləri Avropada təbiət  elmləri sahəsində alimlərin tədqiqatlarına əhəmiyyətli  dərəcədə  təsirə malikdir. EMBO gənc alimlərə öz tədqiqatlarını irəli aparmağa,  beynəlxalq reputasiyalarını inkişaf etdirməyə və onların mobilliyini  təmin etməyə kömək edir.