Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-16 15:00:00
Xaricdə təhsil üçün təqaüd verən 7 qurum – Tələbələrin NƏZƏRİNƏ    

Xaricdə  təqaüdlə  təhsil almaq  istəyən tələbələr üçün  bir  çox  dünya  universitetləri  müəyyən  imkanlar  yaradır.

 

Bununla  yanaşı  bəzi  hallarda  tələbələrin  təhsil  almaq  istədikləri  universitet, ixtisas  yüksək  miqdarda  təhsil  xərcləri  tələb  edir. Ancaq  həm  Avropa,həm Asiya, həm də Amerika  müxtəlif  mədəniyyətlərin  nümayəndləri  olan  dərslərində müvəffəqiyyətli  tələbələrə  təqaüd  imkanları  yaratmaq  məqsədi  ilə  bəzi  qurumlarla  daimi əməkdaşlıq  edir.

 

AzEdu.az   müxtəlif  dünya  ölkələrinin  tələbələr  üçün  təqaüd  imkanları  yaradan  qurumlarını  təqdim  edir.

 

1.British Council

 

British Council  adından  da  göründüyü  kimi  İngiltərədə  təhsil  almaq  üçün  sizə  təqaüdlə  bağlı  dəstək  olacaq və vasitəçilik edə  biləcək  bir  təşkilatdır. Eyni  zamanda  xaricdəki  təqaüd  proqramlarına  qatıla  bilməyiniz  üçün  vacib sayılan  dil  sertifikatlarından biri  olan  IELTS  bu qurum  tərəfindən  təmin  edilir.

 

Təşkilatın   web  saytı  vasitəsi  ilə, yaxud  filialının  yerləşdiyi  məkandakı  nümayəndələrinə  yaxınlaşaraq  istəkləriniz daxilində əldə edə biləcəyiniz  təqaüd  proqramları və  müraciət  edə  biləcəyiniz  təhsil müəssisələri arasından  seçim  edərək, sənəd  qəbulu  müddətində  bu  təşkilatdan  faydalana  bilərsiz. Ətraflı  olaraq   www.britishcouncil.az  adresindən  məlumat  əldə  edə  bilərsiniz.

 

2.Fulbright

 

Amerikada təhsil və təcrübə imkanlarından faydalanmağınıza kömək edə biləcək ən təsirli təşkilatlardan biridir. Çünki qəbul olsanız, xüsusən bakalavriatdan sonrakı  təhsil  pillələri  üçün 50 min dollara qədər təqaüd ala və bundan 2 il faydalana bilərsiniz. Üstəlik, təqaüd geri qaytarılmır.

 

Fulbright vasitəsilə alacağınız vizaya uyğun olaraq  məzun  olduqdan dərhal sonra ölkənizə qayıtmalı və ən azı 2 il ölkənizdə yaşamalısınız. Ətraflı olaraq https://az.usembassy.gov/education-culture/educational-programs/fulbright-student-program/ saytından  məlumat əldə edə bilərsiz.

 

3.Campus France

 

Fransadakı təhsil  müəssisələrində  oxumaq istəyən tələbələrin müraciət etmələri və məlumat almaları lazım olan təşkilatdır. Təşkilat, Fransada təhsil almaq istəyənlərə müraciət  etmək  istədikləri  ixtisas  və universitet daxilində təqaüd imkanları da təqdim edir.

 

Veb ünvanı vasitəsilə inlayn  olaraq  müraciət  etmək  mümkün  olduğu  kimi, sənədlərinizi  səfirliyə  yaxınlaşaraq  birbaşa  da  təqdim edə bilərsiz. Daha  ətraflı  https://www.campusfrance.org/en/node/300147  ünvanından məlumat  ala  bilərsiniz.

 

4.DAAD

 

Almaniyada oxumaq istəyənlər  üçün  əhəmiyyətli  olan, sərt alman nizam-intizamını və qaydalarını kənara qoyub asanlıqla təqaüd almanızı təmin edən bir təşkilatdır.

 

Bakı  şəhərinin  Azadlıq  prospektində  filialı  yerləşən  bu  təşkilat  vasitəsi  ilə  əldə  edə  biləcəyiniz  təqaüd  imkanları  üçün  həm  filiala  yaxınlaşaraq  məsul  şəxslərlə  görüşə, həm də  veb  saytında  araşdırma  edərək  istədiyiniz  məlumatları  öyrənə  bilərsiniz.

 

Almaniyada, xüsusi  ilə  magistratura bölmələrinin  müddəti  bir  ildir  və  təhsil  xərclərinin  qiymətləri  də  Amerikaya  nisbətən  çox  uyğundur.Almaniyanın ən yaxşı universitetlərindən biri olan Goethe Universitat, 12 min avroya qiyabi təhsil almaq hüququ verir. Eyni  zamanda  DAAD  adlı  bu  təşkilat  bu  məbləği  ödəmək  imkanına  malikdir. Maraq  dairəniz  və  təhsil  almaq  istədiyiniz  universitet  haqqında  ətraflı  araşdırma  etsəniz  lazım  olan  bütün  məlumatları  tapacaqsınız. Ətraflı  olaraq  www.daad.az  ünvanından  məlumat  əldə  edə  bilərsiniz.

 

5.China  Scholarship  Chouncil

 

Adından da göründüyü kimi, Çində təhsil almaq istəyənlərin müraciət edə biləcəyi bir təşkilat olan China Scholorship Council, Çin Hökumətinin tutumu sayəsində təqaüd baxımından çox səxavətli bir başqa təşkilatdır.

 

Xüsusilə,idarəetmə və ya beynəlxalq ticarət sahəsində çox sayda təhsil proqramı ilə tanınan Çin, son illərdə Maliyyə sahəsində böyük uğurlara imza atdı. Bununla  əlaqədar  olaraq  təhsil proqramlarını inkişaf etdirmək üçün  də  xüsusi  qayğı göstərməyə  başladı. Nəticə  olaraq  yaşayış şərtlərinin də çox uyğun olduğu Çin xüsusilə son illərdə tələbələr üçün ən çox seçilən ölkələrdən biri olmuşdur.

 

Üç növ təqaüd fürsəti təqdim edən Çin, proqram və universitet daxilində edilən müraciətlər nəticəsində müraciət edən tələbələrə lazımi fürsətləri təqdim edir. Çin  Xalq  Respublikasının  təşkil  etdiyi  təqaüd  proqramlarına  Azərbaycan  Respublikasından  tələbə  qəbulu  Təhsil  Nazitliyinə  həvaləedilib. Çinin  ölkəmizdəki  səfirliyi  fərdi  müraciətlərin  qəbuluna  nəzarət  etmir. Bu  təqaüd  proqramlarından  faydalanmaq  üçün  onlayn  müraciətlə  yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil və Xarici Tələbələrlə İş sektoruna  yaxınlaşa  bilərsiz. Ətraflı  olaraq  az.china-embassy.org  və  www.campuschina.org.  ünvanlarından  məlumat  əldə  edə  bilərsiniz.

 

6. Swedish Institute

 

İsveçdə təhsil almaq istəyənlərin müraciət edə  biləcəyi  bir təşkilatdır. İsveç yüksək gəlirli bir ölkə olduğu üçün bu çərçivədə təhsilə böyük əhəmiyyət verir. Bu  ölkədə  təhsil  almaq  istəyən  şəxslərin  təhsil  göstəriciləri  yüksək  olmalıdır.

 

İsveçdəki təhsil  müəssisələrinin, eyni zamanda  bu təşkilatın qəbul və təqaüd mərhələsində çox seçici olduğunu desək   yanılmarıq. Ancaq təhsil baxımından mümkün olan ən yüksək şərtlərdən faydalanmağınızı təmin edən hökumət, tədris  müddətindən  sonrakı  fəaliyyətinizdə  sizə  yaxşı imkanlar  yaradsacaq  qapılar  açır.

 

Ətraflı  məlumat  almaq  istəyənlər  https://eng.si.se/  ünvanına  müraciət  edə  bilərlər.

 

7.NUFFİC

 

Hollandiyada təhsil almaq istəyənlərin müraciət edə biləcəyi təşkilat olan Nuffic, qapılarını hər ölkədən gələn xarici tələbələrin üzünə açır. Bir çox mədəniyyətlərdən namizəd olduğu üçün rəqabət yüksəkdir. Bu da  təqaüd verərkən  çox  seçici   olmalarına  şərait  yaradır.

 

Xüsusilə Hollandiyada magistratura  təhsili  aldıqdan sonra doktorantura təhsili almaq niyyətindəsinizsə, müraciət  etmək  istədiyiniz  proqramın  bir  araşdırma  proqramı  daxilində  olub-olmamasına  xüsusi  ilə  diqqət  edin. Çünki təhsilinizi  davam  etdirmək  istədiyiniz universitetə  də  qəbul  şansınız  aşağı  düşə  bilər.

 

Yaxşı bir transkript ilə təqaüd tapmaq şansınız olduqca yüksəkdir. Bu təşkilat vasitəsilə Hollandiyada həm təhsil almaq, həm də işləmək fürsətiniz ola bilər. Mövzu ilə bağlı ətraflı məlumat almaq istəyən oxucularımız https://www.epnuffic.nl/ ünvanına  müraciət  edə  bilərlər.

 

Yuxarıda  qeyd  olunan  təşkilatlar, dünya  üzərində  təqaüd  proqramı  həyata  keçiriən  təşkilatlardan  sadəcə  bir  neçəsidir  və  bu təşkilatlar təqaüd alacağınıza zəmanət vermir. Ümumiyyətlə, hər bir təşkilatın sizdən tələb etdiyi şərtlər fərqlidir. Bəziləri sizdən ölkələrinin rəsmi dilini bilməyinizi tələb edir, bəziləri  isə  yalnız GPA (ortalama  bal) ilə maraqlanır.