Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-16 12:00:00
DİM beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə təhsil almış abituriyentlərə müraciət edib  

Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları dedikdə, Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme); təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education) və yüksək yerləşdirmə (Advanced Placement) nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyənlər iyunun 16-dan iyulun 9-dək aşağıda qeyd olunan sənədləri Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, M. Müşfiq 1M) və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə, Şəmkir) təqdim etməlidirlər:

- “Abituriyentin elektron ərizəsi”nin surəti;

- Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin surətini;

- Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrini DİM-ə göndərilməsini təmin edirlər.

IB diplom üzrə nəticələrini (qiymətlərini) təqdim edən abituriyentlər IB-nin rəsmi saytında bitirdiyi məktəbin nümayəndəsinin (Diploma Programme Coordinator) hesabı və ya öz şəxsi hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu (039315) daxil etməklə nəticələrini elektron formada DİM-ə göndərilməsini təmin edə bilərlər. Bununla yanaşı, həmin abituriyentlər öz şəxsi kodunun nömrəsini (IB Personal Code) [email protected] ünvanına göndərməlidirlər.

Qeyd olunan proqramlar üzrə təhsil almış abituriyentlər proqram üzrə təhsil aldıqları dildə tədris aparılan ixtisasları seçə bilərlər.

Bu abituriyentlər “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almalıdırlar. Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından nisbi balı ən azı 50 olduğu halda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahan üzrə nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunur və qəbul imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən iyunun 24-də yenidən imtahan verirlər.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın nəticəsi iki il qüvvədə olduğundan, 2020-ci ildə həmin imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər. Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxılmır.