Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-13 10:31:00
Müəllimlər rəhbərliklə münasibətdə mütləq bu  qaydalara əməl etməlidirlər  - Əks halda...

Müəllimlərin etik davranış qaydaları təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.


Bu qaydalar "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və "Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğun hazırlanıb.


Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir və bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir.

 

AzEdu.az müəllimlərin rəhbərliklə münasibəti qaydalarını təqdim edir:

 

-Müəllim vəzifəyə təyin edilərkən və işlədiyi müddətdə rəhbərlik onu etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi aktlarla tanış etməlidir.

 

-Müəllim səlahiyyətləri daxilində rəhbərliyin qanuna uyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.

 

-Müəllim təhsil müəssisəsinin rəhbərliyi tərəfindən ona verilən əmrin və tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir.

 

-Rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

 

 

-Təhsil müəssisəsinin rəhbərliyi kollektivin etik davranış qaydalarına əməl etməsinə birbaşa məsuliyyət daşıyır.

 

-Rəhbərliyin müəllimlərlə münasibəti qarşılıqlı hörmət əsasında qurulmalıdır.

 

-Rəhbərlik tərəfindən müəllim əməyinin qiymətləndirilməsi həqiqi xidmətlərinə görə olmalı, qərəzsiz və ədalətli formada həyata keçirilməlidir.

 

-Rəhbərliyin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi həyatı haqqında məlumatlar tələb etməsi və yayması yolverilməzdir.

 

-Müəllim rəhbərliyə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar verməməli, məlumatı verməzdən əvvəl bütün imkanlardan istifadə edərək onun düzgün olub-olmamasını müəyyən etməlidir.

 

-Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müəllim əməyinin keyfiyyətinə və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ya ona təhrif olunmuş məlumatların verilməsi yolverilməzdir.

 

-Rəhbərlik təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış münaqişəni konstruktiv həll etməyə çalışmalı və nizam-intizam yaratmalıdır.

 


Qeyd edək ki, bu qaydalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilib.