Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-12 15:31:00
Türkiyənin Qazi Universitetinin rektoru Mingəçevir Dövlət Universitetində olub

Respublikamızın ən gənc ali məktəblərindən biri olan   Mingəçevir Dövlət Universiteti   (MDU)  son illər sürətli modernləşmə yolundadır.

 

Yeni dövrün ali təhsil müəssisəsinə çevrilməyi özünün strateji  vəzifəsi olaraq müəyyənləşdirən  MDU qardaş Türkiyənin tanınmış Qazi Universiteti ilə sıx əməkdaşlıq edir.

 

QAZİ UNİVERSİTETİNDƏ DOKTORANTİRA TƏHSİLİ


 
     Hazırda müasirləşmə mərhələsində olan Mingəçevir Dövlət Universitetində  akademik heyət üzvlərinin aparıcı dünya universitetlərində doktorantura təhsili almasına xüsusi önəm verilir.

MDU-nun Riyaziyyat kafedrasının gənc müəllimi Nailə Allahyarova Türkiyə Respublikasının  2020/2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı çərçivəsində keçirilən müsabiqədə fərqlənərək  Ankara Qazi Universitetinin Təhsil Elmləri İnstitutunda “Təhsilin idarə edilməsi” ixtisası üzrə doktorantura təhsili  almaq hüququ qazanıb.

Nailə Allahyarova bakalavriat və magistratura təhsilini Mingəçevir Dövlət Universitetində  alıb.

MDU-nun  tarixində ilk dəfə olaraq,  məzun- gənc əməkdaşın öz təhsilini nüfuzlu Qazi Universitetində doktorantura səviyyəsində davam etdirməsi Mingəçevir Dövlət Universitetinin  akademik potensialının  gücləndirilməsi və elmi-pedaqoji sahədə qabaqcıl təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

“NİZAMİ GƏNCƏVİ-880” BİRGƏ KONFRANS

 

Mingəçevir Dövlət Universiteti və Türkiyənin Qazi   Universiteti dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə  konfrans keçirmişlər.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov açaraq  Türkiyənın qabaqcıl ali məktəblərindən biri olan Qazi Universiteti ilə birgə keçirilən konfransın dahi Azərbaycan şairi, türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik  yubileyinə həsr olunmasını əlamətdar hadisə kimi qiymətləndirdi.

Qazi Universitetinin  prorektoru  Bekir Buluc öz  çıxışında   ortaq konfransın Nizami irsinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Konfrans Qazi Universitetinin dosenti nazilə Burcunun moderatorluğu ilə davam etdirildi.

Qazi Universitetinin professoru Halil Çeltik  “Nizami Gəncəvinin Fərhadı və Şirini”,  Kastamonu Universitetinin professoru Vüsalə Musalının “Nizami Gəncəvi  məsnəvilərinin  Mançester və Berlin nüsxələrindəki miniatürlər”, Mingəçevir Dövlət Universitetinin dosenti Esmira Cəfərovanın “Nizami Gəncəvinin əsərlərində tolerantlıq və multikulturalizm ideyaları”,   Mingəçevir Dövlət Universitetinin dosenti Mayıl İsmayılovun “ Nizami Gəncəvinin ədəbi irsi dünya şərqşünaslığında” mövzularında məruzələri diqqərlə və  maraqla dinlənildi.

Qazi Universitetinin Təhsil fakültəsinin dekanı Mahmud Selvi proqramın həyata keçirilməsindəki dəstəyə görə MDU rəhbərliyinə və məruzəçilərə təşəkkürünü bildirdi.

 

QAZİ UNİVERSİTETİNİN REKTORU MDU-da  

2021-ci ilin 22-23 may tarixlərində Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldız və Universitetin bir  qrup əməkdaşı Mingəçevir şəhərində səfərdə olublar.  Qonaqları Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Nəcibə Nəsibova müşayiət edirdilər.

Mingəçevir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyan qonaqlar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüblər. Qonaqları səmimi salamlayan İ.İsmayılov Vətən müharibəsi dövründə göstərilən mənəvi dəstəyə görə təşəkkürünü bildirib,  Respublikamızın böyük sənaye şəhərlərindən biri olan Mingəçevirin dünəni, bu günü, gələcəyi barədə ətraflı məlumat verdi,  Mingəçevir Dövlət Universiteti ilə Qazi Universiteti arasında əməkdaşlığın əhəmiyyətindən və qardaş ölkənin ali təhsil sahəsindəki böyük təcrübəsindən faydalanmaq imkanlarından danışdı.

Daha sonra Qazı Universitetinin rektoru Musa Yildız və universitetin əməkdaşları Mingəçevir Dövlət Universitetinə gəldilər.

MDU-nun rektoru Şahin Bayramov Türkiyənin qabaqcıl universitetləri sırasında yer alan Qazi Universitetinin, eləcə də Respublikamızın aparıcı ali təhsil müəssisələrindən biri olan AzTU-nun rektorlarının Mingəçevir Dövlət Universitetinə gəlişini Universitetin həyatında əlamətdar hadisə kimi qiymətləndirdi.  Türkiyə Cümhuriyyətinin ilk ali məktəblərindən olan, 95 illik tarixə və zəngin ənənəyə malik Qazi Universiteti ilə işbirliyinin MDU-nun strateli hədəflərinə çatmaq baxımından əhəmiyyətini diqqətə çatdırdı.

Mingəçevirdə olmaqdan məmnunluğunu ifadə edən Qazi Universitetinin rektoru Musa Yıldız yeni dövrün ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyən Mingəçevir Dövlət Universitetində həyata keçirilən işləri yüksək qiymətləndirib, iki universitet arasında qarşılıqlı faydalı işbirliyi üçün böyük potensialın mövcudluğunu bildirdi. Türkiyədə yeni yaranmış bir sıra universitetlərin inkişafında pay sahibi olduqlarını vurğulayan rektor eyni yanaşma ilə Mingəçevir Dövlət Universitetinə də hərtərəfli dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırdı.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Mingəçevir Dövlət Universiteti ilə çoxşaxəli əməkdaşlığın sürətli inkişafından danışdı, hər iki universitetin əməkdaşları arasında dostluq münasibətlərinin və səmərəli işbirliyinin formalaşdığını vurğuladı.

AzTU ilə Qazi Universiteti arasında reallaşdırılması nəzərdə tutulan ortaq tədbirlərdən danışan   Vilayət Vəliyev  Mingəçevir Dövlət Universiteti də daxil olmaqla mühəndislik sahəsində üçtərəfli formatda əməkdaşlığın yaradılmasına zəruri dəstək göstərəcəklərini diqqətə çatdırdı.

Sonda  Mingəçevir Dövlət Universiteti ilə  Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalandı.
 

Namaz MANAFOV,

Mingəçevir Dövlət Universitetinin dosenti,

filologiya üzrə fəlsəfə doktoru