Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 15:47:00
Məktəbəqədər təhsil müasir tədqiqatlar çərçivəsində  

Təhsil İnstitutu 90 illik yubileyi ilə əlaqədar vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, “Məktəbəqədər təhsil müasir tədqiqatlar çərçivəsində” adlı növbəti vebinar iyunun 17-də təşkil olunacaq. Vebinarda spiker qismində Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Laləzər Cəfərova və Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin rəhbəri İlahə Rəsulova çıxış edəcək.

 

Laləzər Cəfərova məktəbəqədər təhsil sahəsində həyata keçirilən təhsil islahatlarında, o cümlədən normativ hüquqi sənədlərin, standart və kurikulumların hazırlanmasında iştirak edib. O, məktəbəqədər təhsil sahəsində, eləcə də məktəbəqədər təhsilin məzmunu (didaktika) üzrə çoxsaylı tədqiqatlar aparıb. 200-dən çox elmi-metodik və pedaqoji əsərin, o cümlədən 90-a yaxın proqram, dərslik, metodik vəsait, kitab və kitabçanın müəllifidir.

 

İlahə Rəsulova isə 2017-2018-ci illərdə Təhsilin planlaması, siyasəti və idarəçiliyi ixtisası üzrə peşəkarlığın artırılması ilə bağlı ABŞ-ın Vanderbilt Universitetində təhsil alıb. O, 2016-cı ildə Bakı şəhərində yerləşən bütün ümumtəhsil məktəblərində fəaliyyət göstərən 300-ə yaxın psixoloq və 600-ə yaxın kitabxana işçisinin ehtiyaclarının araşdırılması layihəsini icra edib. Erkən uşaq inkişafı ilə bağlı bir sıra kitab, jurnal və qəzetlərdə məqalələri dərc olunub.

 

Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər.