Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-05 13:31:21
Minimal balı toplaya bilməyən 200 bakalavrlar yalnız ödənişli ixtisaslar seçə biləcəklər

AzEDU.az xəbər verir ki Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının növbəti iclası keçirilib

İclasda magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri və müsabiqə şərtləri, ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının I mərhələsi, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA-nın) 2019-cu ildə keçiriləcək illik konfransının Azərbaycanda təşkil olunması, son iki ay ərzində dövlət qulluğu sahəsində görülən işlər, “Dövlət qulluğu haqqında Qanun"da dəyişikliklər edilməsinə dair DİM-in təklifləri, Mərkəzin maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi və s. məsələlər müzakirə edilib.

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı Sədr M.Abbaszadə qeyd etmişdir ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə təqdim edib.

İclasda müsabiqə şərtləri də müzakirə olunub və bakalavrların çoxsaylı müraciətləri, eləcə də gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi nəzərə alınaraq ümumi müsabiqə şərtini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, 40-65 bal intervalında 359 (30-65 bal intervalında isə 717 nəfər) bakalavr birinci mərhələ üzrə müsabiqə şərtini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı ödəməyib. Onlardan 200 nəfərə yaxın bakalavr Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş ediblər. Lakin bu bakalavrlar imtahanın II mərhələsinə buraxılsa da, ixtisas seçimi zamanı onlara yalnız ödənişli ixtisasları seçmək imkanı veriləcək.

M.Abbaszadə ümumi orta təhsil bazasında buraxılış imtahanlarının 1-ci mərhələsinə dair iş planını da iclas iştirakçılarının diqqətinə çatdıraraq Şura üzvlərini öz istəklərinə uyğun hər hansı tədbirdə iştirak etməyə ( müşahidə etməyə) dəvət etmişdir. Dövlət qulluğu ilə əlaqədar görülmüş işlərə dair qeyd olunub ki, indiyə qədər ümumilikdə 1488, o cümlədən inzibati vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət qulluğuna qəbul imtahanlarında iştirak edərək sertifikat əldə edilib. Son iki ay ərzində dövlət orqanlarından daxil olmuş 2026 vakansiya üçün müsabiqə üzrə 4 müsahibə elanı verilib. 11 yanvar 2018-ci il tarixdə 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçən 1450 namizədlə müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilir. İndiyə qədər 2018-ci il 11 yanvar tarixində elan edilən dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə 459 müsahibə keçirilib. Müsahibələrdə iştirak edən 175 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 284 namizəd isə vəzifə uyğun hesab edilməyib.

Qeydiyyatdan keçən namizədlərdən 247-si müsahibələrdə iştirak etməkdən imtina edib, 231 namizəd isə müsahibələrdə iştirak etməyib. 5 nəfərin nəticəsi etibarsız hesab edilmişdir. Sədr xüsusi olaraq vurğulamışdır ki, müsahibə mərhələsində əsas problem ondan ibarətdir ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmamışdır. Nəticədə bəzi namizədlər bu haldan sui istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçmişdir. Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Əgər qanunvericilikdə müvafiq dəyişiklik həyata keçirilməsə DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq.

Qeyd olunanlar nəzərə alınaraq qanunvericilikdə müvafiq dəyişiklərin olunması üçün təkliflər hazırlanması və müvafiq orqanlara təqdim olunması zəruri hesab edilmişdir. DİM-in maliyyə hesabatlarının yoxlanılması ilə bağlı sədr bildirmişdir ki, Mərkəzin büdcəsinin auditini Beynəlxalq Audit Standartlarına uyğun aparmaq məqsədilə audit xidmətinin satın alınması üçün tender komissiyası yaradılmış, müvafiq prosedurlar həyata keçirilmiş, bir neçə audit şirkəti tərəfindən təkliflər daxil olmuş, nəticədə “Baker Tilly Audit Azerbaijan” MMC qalib gəlmişdir. İclasda, həmçinin Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 45-ci illik konfransının 2019‑cu ilin 23-27 sentyabr tarixlərində Azərbaycanda təşkil olunması ilə bağlı Şura üzvlərinə məlumat verilmişdir.