Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-07 11:24:00
Dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2020-ci il üzrə hesabat hazırlanıb

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusunun əsas vəzifələrindən biri etik davranış qaydalarına əməl etməkdir.

 

AzEdu.az xəbər verir ki, dövlət qulluqçuları üçün etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu” ilə müəyyən olunur. Həmin Qanuna əsasən hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq həmin Qanunun müddəalarına əməl etməyə borcludur.

 

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə və adı çəkilən Qanunun tətbiq edilməsi barədə Azərbayca Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli 614 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirir.

 

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən Mərkəz “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir, dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, tövsiyələr və məruzələr tərtib edir, onlar tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir, bu barədə məlumatları ümumiləşdirir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir. Qanunvericiliyə uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və bu barədə məlumatların ümumiləşdirilərək təhlil edilməsi məqsədilə Mərkəz tərəfindən müvafiq iş aparılır.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən “Etik davranış məsələləri üzrə məlumatın təqdim edilmə Forması” hazırlanmış və həmin Formaya uyğun olaraq müvafiq məlumatların Mərkəzə təqdim edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə Ali Attestasiya Komissiyasına, Milli Televiziya və Radio Şurasına, Məhkəmə-Hüquq Şurasına, Hesablama Palatasına, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) və Əqli Mülkiyyət Agentliyinə məktublar göndərilmişdir. Qeyd edilən qurumlar tərəfindən etik məsələlər üzrə təqdim edilmiş məlumatlar təhlil edilmiş, ümumiləşdirilmiş və müvafiq hesabat hazırlanmışdır.

 

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı müəyyən olunmuşdur ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 10, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 370, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 20, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 150, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 5, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 453, 11-ci (Qərəzsizlik) maddəsinin tələblərinin pozulması üzrə 2, 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 110, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 117, 14-cü (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinin tələblərinin pozulması üzrə 3, 15-ci (Maraqlar toqquşmasının qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 1, 16-cı (Əmlakdan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 1, 17-ci (Məlumatlardan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 1 intizam tənbeh tədbiri tətbiq edilmişdir.

 

Ümumilikdə hesabat dövründə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 1245 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilmişdir. Həmin intizam tənbeh tədbirlərindən 1044-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 201-i isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilmişdir.

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 1044 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunmuşdur ki, Daxili İşlər Nazirliyi     üzrə - 538, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə - 351, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə - 88, Dövlət Gömrük Komitəsi üzrə - 33, Xarici İşlər Nazirliyi üzrə - 10, İqtisadiyyat Nazirliyi üzrə - 7, Dövlət Statistika Komitəsi üzrə - 4, Kənd Təsərrüfatı Nazirliyi üzrə - 3, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə - 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə - 2, Qida Təhlükəsizliyi Agentliyi üzrə - 2, Ali Attestasiya Komissiyası üzrə - 1, Maliyyə Nazirliyi üzrə - 1, Energetika Nazirliyi üzrə - 1, Dövlət Miqrasiya Xidməti üzrə - 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilmişdir.

 

Hesabatla bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.