Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-04 17:12:00
Yay məktəbinə qatılmaq məcburidirmi? - ARAŞDIRMA

Pandemiya hər sahədə olduğu kimi, təhsil sahəsində də çətinliklər yaratdı. Tədris ilinin demək olar ki, əsas hissəsi distant formada təşkil olundu. Distant təhsil də ənənəvi təhsili əvəz edə bilmədiyi üçün şagirdlərin dərsləri mənimsəməsində, qavramasında bəzi çətinliklər yarandı. Elə bu çətinlikləri aradan qaldırmaq üçün 16 iyun tarixindən 2 həftəlik yay məktəbi açılacaq.

 

Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyir ki, 1-ci, 10-cu sinif şagirdləri yay məktəbinə qatıla bilərlər: “11-ci sinif şagirdlərinin isə məlum səbəbdən dolayı tamam başqa qayğıları olduğuna görə onlar üçün nəzərdə tutulmayıb. 2 həftə olacaq bu yay məktəbi. Həftədə 5 dəfə olacaq. Əgər sinifdə şagird sayı çox olarsa, uşaqlar qruplara bölünəcək. 16-30 iyun tarixləri arasında bizim 10 dərs günümüz olacaq. Hər gün 4 saat dərs keçiriləcək. Bu dərslərin böyük əksəriyyəti tədris dilinin, riyaziyyatın, xarici dilin bir qismi də məktəbin pedaqoji şurasının təklifinə əsasən digər fənlərə ayrılacaq”.

 

30 iyunadək davam edəcək yay məktəbi könüllü və ödənişsiz əsaslarla təşkil olunacaq. Baxaq görək, şagirdlər arasında yay məktəbi üçün könüllülər çoxdurmu?

 

- Mən 8-ci sinifdə oxuyuram. Məncə, biz getməliyik. Distant təhsildə əlaçı oldum. Amma buna baxmayaraq, onlayn dərslər keçdiyimiz zaman bəzən müəllimlərin, bəzən də bizim internetimizdə problemlər olur. Ona görə də yay məktəbi açılsa, yaxşı olar.

 

- Xədicə, 16 iyundan etibarən yay məktəbi açılır. Sən gedəcəksənmi?

- Bəli, gedəcəyəm.

 

- Distant təhsildə uşaqların başa düşmədiyi dərslər olurdu. Bu yay məktəbini də yəqin buna görə yaradıblar. Mənə elə gəlir ki, əyani dərs daha yaxşıdır.

 

- Gedəcəksənmi yay məktəbinə?

- Yox.

- Niyə?

- Yayda məktəbə getmirlər.

 

- Xeyr, hələ ki, dərslərlə məşğulam.

- Orada da dərslə məşğul olacaqsan.

- Yox, hazırlıqlarım çoxdur, getməyəcəyəm.

 

Yay məşğələlərində qiymətləndirilmə aparılmayacaq. Bəs yay məktəbi müəllimlər üçün də könüllü olacaq?

 

Nazirliyin şöbə müdiri deyir ki, bu müəllimlər üçün əlavə yük olmayacaq: “Çünki iyun ayında müəllimlərimiz onlar üçün nəzərdə tutulmuş dərs yüklərinə uyğun maaş alırlar. Ayın son iki həftəsini əhatə edən yay məşğələsində də onların mövcud dərs yükünü aşmayan dərslərlə yüklənəcəklər. Müəllimlər adətən məzuniyyətə iyul ayından gedirlər, iyun ayı isə onların iş qrafikinin bir hissəsidir. Ötən illər onlar bu müddəti hesabatların verilməsinə, fəaliyyətlərin ümumiləşdirilməsinə həsr edirdilər. İndi bunun bir qismini yay məktəbindəki məşğələlərə sərf edəcəklər”.

 

Yay məktəbi üçün qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldığı müəssisələrə və aidiyyəti təhsil şöbələrinə müraciət edə bilərlər.

apa.tv