Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-15 21:02:00
Cənub regionunda silsilə maarifləndirmə tədbirləri keçirilib

Prezident yanında Bilik Fondu iyulun 8-dən 15-dək Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında silsilə maarifləndirmə tədbirləri təşkil edib. AzEdu.az xəbər verir ki,  mühazirə, “dəyirmi masa”, seminar və görüşlərdə minədək dinləyici iştirak edib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev, Bilik Fondunun sektor müdiri Hacı Abdulla, manera.az saytının baş redaktoru Şəhla İbişova, ilahiyyatçılar Emin Həmidli, Fariz Veysəlov, Ayaz Mirzəyev, Rauf Əliyev, Əməkdar Müəllim, filoloq Azər Kişiyev, şair Nizami Azəri və başqalarının elmi-tarixi, dini mövzularda mühazirə və çıxışları maraqla qarşılanıb.

Keçirilən tədbirlərdə ziyalıların, dindarların, ictimaiyyət nümayəndələrinin fikirləri, təklif və məsləhətləri dinlənilib, onların sualları cavablandırılıb.

Çıxışlarda Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi və dini dəyərlərimiziin təbliğinin həm dövlətimizin siyasətində, həm də Bilik Fondunun fəaliyyətində mühüm istiqamət olduğu, ölkəmizin multikultural, tolerantlıq nümunəsi olmaqla yanaşı, milli əxlaqi adət, ənənələrimizi qoruyub saxladığı, xalqımızın söykəndiyi bu dəyərlərin ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durduğu diqqətə çatdırılıb.

Son zamanlar baş verən Gəncə hadisələrinə toxunan natiqlər hər bir vətəndaşın Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyə, demokratik-hüquqi tərəqqiyə, milli birlik və bərabərliyə qəsd olduğunu qeyd edib, pozucu qüvvələrin, cinayətkar ünsürlərin hərəkətlərini pisləyərək, qanunsuz əməlləri törədənlərin, təşkilatçıların layiqli cəza almasını tələb ediblər.

İctimaiyyət nümayəndələri çıxışlarında dövlətimizin başçısının ölkəmizdə yaşayan bütün xalqların rifahının yüksəlməsinə, hüquq və azadlıqlarının təminatına yönəlmiş siyasətini bəyəndiklərini bildiriblər.

Məscid və dini icmaların, seyid ocaqlarının çoxsaylı təmsilçiləri öz çıxışlarında cənub bölgəsində dini zəmində hər hansı bir ziddiyyət, qarşıdurma, ayrı-seçkilik olmadığını qeyd edərək, bu sahədə əldə olunmuş uğurlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bilik Fondunun, Qafqaz Müsəlmanları İdarəsinin, yerli icra orqanlarının apardığı maarifçilik tədbirlərinin mühüm rolu olduğunu vurğulayıblar.

Astara rayonunun Pensər kəndində dindarların birgə vəhdət namazı birlik və bərabərliyin təcəssümü olub. İlk növbədə dindarların dini, milli-mənəvi dəyərlərə xələl gətirmək istəyən ekstremist qruplara və dini radikalizmə qarşı mübarizə aparmalı olduğu, Gəncədə pozucu qüvvələrin cinayətkar hərəkətlərinin həm də dini birliyimizə qarşı yönəldiyi oxunan xütbədə xüsusi vurğulanıb.

Keçirilən maarifləndirmə tədbirlərində ölkəmizin cənub bölgəsində mənəvi dəyərlərimizin qorunması və möhkəmlənməsi sahəsində həyata keçirilən tədbirlərdən danışılıb, Azərbaycanda mövcud dini etiqad azadlığının və dini tolerantlığın beynəlxalq aləmdə rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı mühazirələrdə cənub bölgəsinin tarixi və Cümhuriyyət dövründə baş verən tarixi hadisələr barədə geniş məlumat verilib.

Yerli icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər şöbələri rəhbərlərinin dəstəyi və iştirakı ilə keçirilən tədbirlərdə sakinlər, dindarlar, ziyalılar Bilik Fondunun maarifçilik tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla bildirib ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin tövsiyəsi ilə keçirilən müxtəlif istiqamətli belə silsilə maarifçilik tədbirləri ölkəmizin digər bölgələrini də əhatə edəcək.