Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-15 11:50:00
“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

“Uşağın təhsilə erkən yaşlarda cəlb olunması onun növbəti illərdə keyfiyyətli təhsil alması və həyat rifahının yaxşılaşmasına birbaşa təsir göstərir. Bu, onları həyata daha erkən hazırlayır”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ASAN radioda canlı yayım zamanı deyib. O, məktəbəqədər hazırlıqla bağlı nazirliyin mövqeyini bildirib:

“Bəzən məktəbəqədər və məktəbə hazırlıq mərhələlərini qarışdırırlar. Məktəbəqədər hazırlıq dedikdə bağça yaşlı, yəni, 3-5 yaşa qədər uşaqlar nəzərdə tutulur. Amma hazırda məktəbəqədər təhsil haqqında qanuna görə hətta bir yaşlı uşaqlara xidmət edən müəssisələrin açılması da nəzərdə tutulur. Bu sahə daha çox yerli İcra Hakimiyyəti orqanlarının nəzarətindədir. Təhsil Nazirliyinin mövqeyi isə aydındır: valideynlər uşaqları nə qədər erkən bağçaya versələr, onlar üçün faydalıdır. Amma ortaya sual çıxır: bu yaşda olan bütün uşaqları məktəbəqədər təhsil müəssisələrinə yerləşdirə bilirikmi?”

Məhəbbət Vəliyeva məktəbəqədər hazırlıqla bağlı maraqlı göstəriciləri qeyd edib:

“2016-cı ilin 11 iyul tarixli q ərarla Nazirlər Kabineti Təhsil Nazirliyinin sərəncamında olan məktəblərdə hazırlıq siniflərinin açılması ilə bağlı qərar qəbul edib. Bunun əsasında qaydalar müəyyənləşib. Əgər iki il əvvəl qəbul olunan qaydalara əsasən, 2016-2017-ci tədris ilində məktəbəhazırlığa  cəlb olunan 5 yaşlı uşaqlar ümumi sayın 55%-ni təşkil edirdisə, sonrakı il bu göstərici 65% idi. Bu  dərs ilindən bu say 75,  2020-ci ildə isə 90%-i əhatə edəcək.

Məktəbəqədər təhsil almayan uşaqlar heç olmasa məktəbə getməzdən bir il öncə xüsusi hazırlıq keçəcəklər. Fikrimcə, bu, son illərdə təhsil sahəsində atılan ən önəmli addımlardandır. Çünki aparılan tədqiqatlar göstərir ki, uşaqlar nə qədər erkən yaşda təhsilə cəlb olunsalar növbəti illərdəki təlim nəticələri daha yüksək olur”.

Onun sözlərinə görə məktəbəqədər təhsilin məzmununda beynəlxalq təcrübəyə də istinad olunub:

“Hazırda 4-cü sinifdə dərs deyən müəllimlər paralel olaraq uşaqlara məktəbə hazırlıq dərsləri də keçirlər. Bu zaman  həm təhsilin məzmunu, müəllimlərin hazırlığı, həm də infrasturuktur, sinif otaqlarının lazımi avadanlıqla təchiz olunmasında beynəlxalq təcrübəyə istinad olunub. Təhsilin  məzmunu UNİCEF tərəfindən işlənib hazırlanıb”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları