Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-25 15:24:00
"İlin gənc müəllimi"nin qalibi olan döyüşçü:"Şagirdlərin bu davranışı məni kövrəltdi"-FOTOLAR

“Vətən müharibəsindən qayıtdıqdan sonra şagirdlərimin böyük coşqu ilə yanaşması məni həm kədərləndirdi, həm də sevindirdi”.

 

 

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2021" müsabiqəsinin qalibi, Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllim Elvin Səlimov deyib.

 

 

O, II Qarabağ savaşında Şuşa, Füzuli, Cəbrayıl və Xocalı istiqamətində gedən döyüşlərin  iştirakçısı olub və “İlin gənc müəllimi-2021” müsabiqəsində birinci yerə layiq görülüb. Münsiflərin dəyərləndirməsinə əsasən 67, 5, səsvermənin nəticələrinə görə  isə 11 bal  toplayan müəllim ümumilikdə 78,5 bal nəticə göstərib.  

 

 

Gəlin, 2021-in gənc müəllimini yaxından tanıyaq:

 

 

DOSYE: Elvin Səlimov 2009-cu ildə Bakı şəhər 202 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub və 2017-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində İnformatika müəllimliyi ixtisası üzrə ikinci təhsil alıb.

 

 

 

2018-ci ildə Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək informatika fənni üzrə respublika birincisi olub. Həmin ildən etibarən Bakı şəhəri 27 nömrəli tam orta məktəbdə informatika müəllimi vəzifəsində çalışır. 

 

 

2019-cu ildən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Bakı şəhəri üzrə koordinatorudur. 2020-ci ilin sentyabrından “Rəqəmsal bacarıqlar”da təlimçi, teledərs layihəsində isə informatika müəllimi kimi fəaliyyət göstərir.

 

 

 

Elvin bəy müəllim olmamışdan öncə başqa  işlə məşğul olub, lakin onun peşəsinə olan sevgisi bu sahədən yan keçməyə icazə verməyib:

 

 

“Müəllim olmazdan öncə özəl sahədə İT üzrə çalışırdım. İstirahət vaxtlarımda ətrafımda olan məktəblilərin riyaziyyat fənnindən tapşırıqlarına dəstək olurdum. Bir zaman hiss etdim ki, şagirdlərlə işləmək mənə böyük zövq verir. Həm əməyimin bəhrəsini görəndə şad olur, həm də sevdiyim peşənin sahibi olmaq istəyirdim. Bu məqsədlə 2017-ci ildə təhsilimi pedaqoji istiqamət üzrə davam etdirdim. 2018-ci il müəllimlərin işə qəbulu müsabiqəsinə qatıldım və Bakı şəhər 27 nömrəli tam orta məktəbdə informatika müəllimi vəzifəsinə qəbul olundum”.

 

 

Ölkəmizin ən şanlı tarixi olan Vətən müharibəsində əsgər olaraq döyüşmüsüz. Maraqlıdır, Elvin müəllim döyüş yolunda hansı çətinliklərdən keçib?

 

 

“2020-ci il sentyabr ayının sonlarından başlanan 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Əvvəlcə Füzulinin Kürdmahmudlu kəndi istiqamətindən döyüşə başladıq.  Sonra Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə oldum. Topxana meşəsi, Sığnaq və Çanaqçı kəndlərində, Daşaltı istiqamətində hərbi əməliyyatlara qatıldım”.

 

 

“İlin gənc müəllimi” müsabiqəsində birinciliyə layiq görüldüz. Sizcə gənc müəllim hansı xüsusiyyətlərə sahib olmalıdır?

 

 

"”İlin gənc müəllimi"  şagirdlərlə yeri gələndə dost və sirdaş da olmalıdır. Şagird müəlliminə öz sirrini bildirməkdə çəkinməməlidir. Mən kövrək insan deyiləm,  nadir hallarda kədərləndiyim müşahidə oluna bilər. Amma  son illərdə bir hadisə ilə ilk dəfə kövrəldiyimi hiss etdim. Vətən müharibəsindən qayıdandan sonra şagirdlərimin məktəbin qarşısında böyük coşqu ilə qarşılaması məni həm fərəhləndirdi, həm kövrəltdi, həm də sevindirdi”.

 

 

Bu layihənin rəhbərliyinə, Azedu təhsil portalına da öz təşəkkürlərimi bildirirəm”.

 

 

Müəllim həmkarlarınıza dərs keçmə üsullarınız və şagirdlərlə ünsiyyət barədə nə kimi tövsiyələr verərdiz?

 

 

“Hazırda müəllimlərimiz dərsləri interaktiv formada keçirlər. Bu istiqamətdə həmkarlara tövsiyəm odur ki, daha çox intetaktivliyi təmin etsinlər. Çünki XXI əsr şagirdləri monotonluqdan sıxılırlar. İnformasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı onlardan istifadə vərdişlərinin dəyişməsini də zəruri edir. İKT bacarıqlarının formalaşdırılmasında və inkişafında şagirdlərə dəstək olarsaq, onların fənn göstəriciləri yüksələcək. Çünki, şagird axtardığı məlumatı İKT biliyi sayəsində daha tez və optimal şəkildə tapa bilər.


Dərsdənkənar məşğələlər zamanı şagirdlərlə milli-vətənpərvərlik ruhunda söhbətlərin aparılması da onlar tərəfindən həvəslə qarşılanar”.

 

Bütün sahələrdə olduğu kimi gənc və yaşlı nəsil müəllimləri arasında fikir ayrılıqları yaşanır. Sizcə, yaşlı nəsil müəllimləri fəaliyyətlərində nə kimi səhvlərə yol verirlər?

 

"Gənc müəllim olaraq qeyd edə bilərəm ki,  hazırda uğurlarımın qazanılmasında müəllimlərimin də zəhməti böyük olub. Məhz onlar mənə bilik əldə etmənin müxtəlif yollarını, mübarizə aparmağı aşılayıblar. Təbii ki, illər keçdikcə dövrümüzün tələbləri dəyişir. Məhz bu  səbəbdən dərslərin ənənəvi metodlarla deyil, müasir üsullarla qurulması əsas prioritet mövzu olaraq gündəmə gəlir. Düşünürəm ki, bizdən yaş olaraq böyük müəllimlər dərs prosesinin bu şəkildə qurulmasının öhdəsindən gələcəklər”.

 

 

Müəllimlik peşəsinə təlabət əvvəllki illərlə müqayisədə kifayət qədər artıb. Lakin yenə də bölgələrdə müəllim çatışmazlığı yaşanır. Sizcə, müəllimliyi təlabatlı sahəyə çevirmək üçün nə kimi tədbirlər görülməlidi?

 

 

“Biz nə qədər cəmiyyətə müəllim obrazı ilə nümunə olarıqsa, bu işə maraq və tələbat da artar. Uşaqdan soruşulur: - “Hansı peşə sahibi olmaq istəyirsən?”. O, da bu suala hansı sahənin yaddaşında necə qalmasından asılı olaraq cavab verir. Yəni şagird bunu tanıdığı peşələrin nümayəndələrini yada salmaqla müəyyənləşdirir. Əgər həmin işin nümayəndəsi həm şagirdlər, həm böyüklər üçün nümunə, örnək olarlarsa, ona rəğbət, maraq və tələbat da artar”.

 

 

Müəllim peşəsini şərəflərə yerinə yetirən hamıya uğurlar arzu edirik!

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları