Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-19 14:39:00
Müəllimin şagirdə münasibətində yol verdiyi xətalar-Pedaqoqun bilmədikləri

Müəllimlərin etik davranış qaydaları təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.

 

Bu qaydalar "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və "Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğun hazırlanıb.

 

Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir və bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir.


AzEdu.az
müəllimlərin təhsilalanlarla münasibəti qaydalarını təqdim edir:

-Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir;

-Müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və müsbət xarakter daşımalıdır;

-Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır;

-Müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir;

-Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları zərərli vərdişlərdən çəkindirməlidir;

-Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünəinam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir;

-Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır;

-Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir;

-Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir;

-Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, müəllim təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır;

-Təhsilalanlarla münasibətdə müəllim öz vəzifə səlahiyyətlərindən suiistifadəyə yol verməməlidir;

-Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir;

-Müəllim qanunvericiliklə müəyyən edilmiş qaydada təhsilalanlara göstərdiyi əlavə təhsil xidməti (xidmətləri) müqabilində hədiyyə və ya pul tələb etməməlidir.


Qeyd edək ki, bu qaydalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilib.