Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 14:55:00
Abituriyentlərin imtahan zamanı təhlükəsizliyi necə qorunur? – Qurumların bilmədiyimiz ciddi tədbirləri  

Yay qəbul imtahanlarına 1 həftədən az vaxt qalıb. Bu imtahanlarda minlərlə abituriyentin iştirakı nəzərdə tutulub. İmtahana sayılı günlər qaldığından şagird və valideynlərin həyəcanı da durmadan artır.

Bəs Dövlət İmtahan Mərkəzi, eləcə də digər aidiyyatı qurumlar qəbul imtahanlarının bütün istiqamətlərdə təhlükəsizliyini necə təmin edir?

DİM-dən AzEdu.az-a verilən məlumata görə, şəffaflıq daim Dövlət İmtahan Mərkəzinin əsas fəaliyyət prinsipidir.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılır. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçirilir və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilir.

2014-ci ildən TQDK çap edilən imtahan materiallarının keyfiyyətini yüksəltmək, insan müdaxiləsi tələb etməyən, tam avtomatlaşdırılmış çap vasitəsilə imtahan materiallarının təhlükəsizliyini artırmaq məqsədilə “Sual Kitabçalarının Rəqəmsal üsulla Hazırlanması və Auditi sistemi” layihəsini tətbiq edir. DİM-in keçirdiyi bütün növ imtahanlarda hər bir imtahan iştirakçısı üçün tam avtomatlaşdırılmış şəkildə, imtahan zalları üzrə paketlənmiş fərdi sual kitabçaları hazırlanır. Çap olunmuş hər bir sual kitabçasının üzərində həm açıq, həm də kodlaşdırılmış şəkildə abituriyentə dair bütün zəruri şəxsi məlumatlar qeyd edilir. Kitabçaların fərdi məlumatları ehtiva etməsi imtahanlarda yazılı tapşırıqlardan da istifadə etməyə imkan verir. Yazı işlərini sonradan yoxlanılması məqsədilə skan edərkən kodlaşdırılmış fərdi məlumatlar sayəsində onların kimə məxsus olduğunu təyin etmək mümkün olur.

Kitabçaların tam avtomatlaşdırılmış şəkildə, kodlaşdırılaraq  hazırlanması bütövlükdə imtahan prosesinin  təhlükəsizliyini daha da artırır. Qeyd olunan avadanlıq böyük ərazini tutur və DİM-in icarəyə götürdüyü ayrıca binada quraşdırılır. İmtahan zamanı binada tam qapalı şərait yaradılır və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən təhlükəsizlik təmin edilir.

DİM-in keçirdiyi imtahanların məzmunu həmişə açıq olub: fənlər üzrə qəbul proqramları, model testlər, sınaq və qəbul imtahanlarında istifadə olunan test kitabçaları, test tapşırıqları topluları və müxtəlif metodiki vəsaitlər hazırlanıb abituriyentlərin istifadəsinə verilib. Qəbul kampaniyasının bütün gedişi və ayrı-ayrı mərhələləri ardıcıl olaraq internetdə, kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Qeyd olunanların davamı olaraq DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır.

İctimai Şuranın üzvləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən formalaşdırılır. Proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçirilir və hüquq və vəzifələri izah edilir.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları