Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 14:35:00
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının tərkibi - Təhsil naziri, prorektor...    

 

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul, buraxılış, dövlət qulluğu və digər mühüm imtahanları təşkil edən Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası tərəfindən idarə olunur.

Uşaqdan böyüyə  hər kəsin diqqət mərkəzində olan və cəmiyyətin hər təbəqəsi üçün əhəmiyyət kəsb edən qurumun idarəetmə strukturunu nə dərəcədə tanıyırıq?

AzEdu.az bu sualın cavabı olaraq  DİM-in Direktorlar Şurasının tərkibini təqdim edir.

AzEdu.az DİM-in rəsmi saytına istinadən xəbər verir ki,  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədr, 2 sədr müavini, və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli 1949 nömrəli sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 aprel 2016-cı il tarixli 1950 nömrəli sərəncamı ilə Namiq Əsgər oğlu Babayev və 15 aprel 2016-cı il tarixli 1951 nömrəli sərəncamı ilə Bəhram Bəhman oğlu Xəlilov Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini vəzifəsinə təyin olunublar.

Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini Niyazi Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri Kamil Aydazadə və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Direktorlar Şurasının üzvləridir.

Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Şura sədrinin təşəbbüsü ilə keçirilir.

Qeyd edək ki, Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Şuranın qərarları Şura sədri tərəfindən imzalanır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları