Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-17 19:03:00
“Xarı Bülbül” Festivalı , tariximizin qəhrəmanlıq səhifəsinin musiqili obrazı...  

 

Yaz havası, quşların cəh -cəh vurması, bulaqların fışıltısı, tam 28 ildən sonra Azərbaycanın mədəniyyət beşiyi, musiqi incisi, muğam mərkəzi, tariximizin şərəfli abidəsi Şuşada ənənəvi “Xarı bülbül” festivalında muğamın dağlarda əks olunan əsrarəngiz sədası və Cıdır düzündə əyləşən Azərbaycanlılar.... Necə deyərlər , nağıl kimi....
Amma bu nağıl deyildi , bu illər ərzində sönməyən ümid işığımızın canlanması idi. Bu, bütün bir tarix, milli kimlik, keçmiş, bu gün və gələcək idi, bu qəlbimizdə əsla qaysaq bağlamayan Qarabağ adlı yaranın sağalması idi. Başda Ali Baş Komandan, Qarabağın Fatehi İlham Əliyev olmaqla hər kəsin gözündən sevinc göz yaşı axırdı. Bu göz yaşlarında həm də bir qürur var idi , illər öncə Qarabağı tərk etməyə məcbur edilən anaların naləsinin, ataların fəryadının, oğulların dünyaya cavan yaşda əbədi göz yumuşunun və ya heç doğulmamış körpələrini elə qarnındaca dəfn edən anaların acısının, hayqırtısının alınmış qisasının qüruru...

 

Bütün bir xalq olaraq orada səslənən əsrarəngiz musiqilərdən daha fərqli səslər eşitdik, Üzeyir bəyin musiqisi, Vaqifin əsərləri, Koroğlu uverturası, Xan qızı Natavanın poeziyası, Turşsunun şırıltısı, İsa bulağının şır-şır axışı eşilirdi o dağlarda!

O dağlarda ruhlar da var idi, gözlərindən ağlamaqdan mirvari suyu gələn, ölümünü gözləyən analar, özünü ailədə möhkəm, iradəli göstərməyə çalışıb kənarda hönkür-hönkür ağlayan nurani atalar, bir uşaq təki şəfasını Qarabağ torpağında tapacağına inanan xəstələrin , Murovun şaxtasında əlində silah, tək vətən istisiylə isinə biləcək, müharibə əmrini gözləyən o şərəfli Azərbaycan Əsgərinin gözü yolda qalan valideynlərinin, vətən uğrunda düşünmədən canını qurban verən igid oğullarımızın ruhu var idi o dağlarda...
Donuz saxlanılan məscidlərimizdən azan sədası qalxdı göylərə, tarixi abidələrimizin ruhu rahatladı, sanki göylər də sevinirdi, insanlar torpağı öpdükcə, torpaq da ağlayırdı sanki sevincdən, əgər səsi olsaydı, dağlar öz həqiqi sahibləri qayıtdı deyə sanki hayqıraraq, hönkür-hönkür ağlayacaqdı...

 

Başda Ali Baş Komandan olmaqla, müzəffər Azərbaycan ordusu, vətən üçün canlarından keçən şəhidlərimiz, canlarını, sağlamlıqlarını Vətən üçün düşünmədən qurban verən qazilərimiz sayəsində bu gün əzəli və əbədi torpaqlarımız bütünləşdi, əqidəsinin təməli Ulu Öndərimizin bünövrəsini qoyduğu “Gənclər siyasəti” ilə formalaşan Azərbaycan gəncliyi bir an belə düşünmədən vətənin müdafiəsinə qalxdı. Bizə, Qarabağımızı qaytardı, sıldırımlı qayalarda heç bir texnika işlətmədən, cəngavər kimi azad etdilər Şuşanı. Bütün dünyaya möcüzə kimi görünən o igid cəngavərlər, əlbəyaxa döyüşlə düşməni məhv etdilər.
“Xarı Bülbül” Festivalı həm də multikulturalizm ənənələrinin də simvolu oldu. Ölkəmizdə onlarla xalqın necə sayqı, qarşılıqlı hörmət içərisində yaşadığını, hamısının qəlbinin Azərbaycan üçün döyündüyünü göstərərək, ölkəmizin öz şəxsi nümunəsi ilə bütün dünyaya örnək olduğunu nümayiş etdirdi.

Bu festival tariximizə, keçmişimizə, vətənimizin hər qarışına necə bağlı olduğumuzu göstərdi. Və kiçikdən böyüyə hamımızın sevinc göz yaşları ilə izlədiyi festival, bizə “El bir olsa, dağ oynadar yerindən” deyiminin həqiqət olduğunu sübut etdi. Bu günə qədər bu festival ən mühüm mədəniyyət hadisələrindən biri idi, “Xari bülbül” festivalı, artıq həm də qəhrəmanlıq, zəfər, ləyaqət simvolumuz oldu!
Laçın Rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin direktoru, Şəbnəm Uğurlu