Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-16 14:27:00
Hərb tarixini əhatə edən İLK toplunun müəllifi-"Bu üsulla abituriyentlər mövzunu daha tez qavrayacaq"

Bildiyimiz kimi yaxın aylarda ali məktəblərə qəbul imtahanı keçiriləcək. Bu il imtahanlarda Tarix fənnindən 44 günlük Qarabağ müharibəsinə də aid testlər salınacaq. İlk dəfə bu mövzudan olan  suallardan ibarət kitab Abşeron rayon Ceyranbatan qəsəbə 1 saylı tam orta məkəbin tarix müəllimi Cahid İmanov tərəfindən çap etdirildi. Kitab zəfər tariximizlə bağlı abituriyentlərin özlərini sınamağı üçün nəşr olunub.

 

 

“Kitab hərb tariximizi əhatə edir. Bütün kitab satış məntəqələrindən əldə etmək mümkündür. Kitabın əsas özəlliklərindən biri də budur ki, burada Milli qəhrəmanlarımızın, şəhidlərimizin rəngli fotoları da yer alıb. Abituriyentlər testləri həll edərkən onları həm vizual tanıyacaq, həm də ad-soyadlarını yadda saxlayacaqlar. Belə ki, abituriyentlər test yazmaq üçün Vətən müharibəsi qəhrəmanlarını şəkilə əsasən tanıyıb cavablandırmalıdırlar.  Düşünürəm ki, qələbəmizi borclu olduğumuz əsas insanları tanımaq lazımdır”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında kitabın müəllifi Cahid İmanov bildirib. O, kitabda 3000 testin yer aldığını da vurğuladı:

 

 “Bunu DİM-dən öncə ilk dəfə mən çap etdirdim. Əsasən abituriyentlər, həmçinin müəllimlər üçün nəzərdə tutulub. Zəfər tariximizə aid suallarla yanaşı, 6-11-ci sinif tarix dərsliyini də əhatə edən sınaq testlərinə geniş yer verilib. Ümumilikdə 3000 testdən ibarətdir”.

 

Xatırladaq ki, müəllif 2018-ci ildə kurikulum kitabları əsasında respublikada yenə də ilk dəfə olaraq 11- ci sinifə aid Test toplusu nəşr etdirərək abituriyent və müəllimlərə metodiki köməklik edib. Müəllifə bundan sonrakı işlərində də uğurlar arzu edirik.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları