Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 09:55:00
Lerik rayonunda ziyalılar və dindarlarla görüş keçirilib - FOTO  

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Lerik rayonu Heydər Əliyev Mərkəzində son günlər Gəncədə baş vermiş hadisələrlə bağlı yerli ziyalılarla görüş keçirilib.

Bilik Fondundan AzEdu.az-a bildirilib ki, görüşdə bu qurumun sektor müdiri Hacı Abdulla Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzanın ardınca Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə edilən sui-qəsd və bu olaylardan öz məqsədləri naminə istifadə etmək istəyən bir sıra ünsürlərin təhriki ilə cərəyan edən hadisələr haqqında məlumat verib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran regionu üzrə şöbə müdiri Qağayı Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vasif Qafarov ölkəmizdə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış genişmiqyaslı islahatlar, iqtisadi-sosial, mədəni, səhiyyə və digər sahələrdə müşahidə edilən tərəqqidən danışıblar.

Qeyd edilib ki, bir sıra xarici ölkələrdə Azərbaycanın stabil, dinamik inkişafını gözü götürməyən qüvvələr hər vəchlə ölkəmizdəki inkişafın, tərəqqinin qarşısını almaq, demokratik-hüquqi dövlət quruculuğuna maneə törətmək üçün təhrikçi hərəkətlərə rəvac verir və belə ünsürlərə dəstək olurlar. Natiqlər dini ekstremizm və radikalizm faktlarını çox kəskin şəkildə pisləyib, xalqın hər zaman dövlətin yanında olduğunu əminliklə vurğulayıblar.

Lerik rayonundakı Mərkəzi Kitabxana Sisteminin müdiri Tərxan Feyziyev, Lüləkəran kənd orta məktəbinin direktoru Şakir Babayev, dini icma rəhbərləri – kərbəlayi Rauf Əliyev, Xanoğlan Əliyev, Şəfaəddin Mirzəyev, Xanağa Babayev, Qələmmirzə Məmmədov, Şahgəldi Əliyev, Bala Əsgərov, tanınmış filoloq, tədqiqatçı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Əfqan Quliyev Azərbaycanın bütövlüyünə, birliyinə xələl gətirmək, ləkə salmaq istəyən təhrikçilərin çıxışlarını, bədnam hərəkətlərini qətiyyətlə pisləyiblər. Lerik ziyalılarının və dindarlarının hər zaman Heydər Əliyev siyasətinin daim müdafiəsində durduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, rayon ziyalıları və dindarlarla mütəmadi görüşlərin təşkili böyük əhəmiyyət daşıyır. Bilik Fondunun belə bir zamanda yerlərdə əhali ilə yaxından təmas qurması və maarifləndirici tədbirlər keçirməsi təqdirəlayiqdir.