Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-13 12:52:00
Lütfi Zadə haqqında maraqlı faktlar - Bilinməyən nəzəriyyələri 

Onun böyük alim, dünyanın yeni baxış tərzini müəyyənləşdirən bir şəxsiyyət olması barəsində çox yazılıb, çox deyilib. Bu yazıda da deyiləcək. Amma daha çox alimin bir insan kimi maraqlı tərəflərinə toxunulacaq. Bu faktlar alimin bir il bundan əvvəl dünyasını dəyişən sevimli xanımı Fey Zadənin onun haqqında yazdığı kitabdan götürülüb:

1-Lütfi Zadənin hobbisi – Bu barədə müsahibələrinin birində özü maraqla danışıb: “Mən fotoşəkil çəkməklə maraqlanırdım. Lakin yalnız fotoportretlər üzrə ixtisaslaşmışam və paparatsilər kimi, icazəsiz bir çox məşhur insanları çəkmişəm.

Onların arasında ABŞ-ın sabiq prezidentləri Nikson və Trumen də olub. Ümumilikdə isə, Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter kimi 50-yə yaxın tanınmış şəxsin şəklini çəkmək mənə nəsib olub”;

2-Sevdiyi hədiyyə- Lütfi Zadəni tanıyanlar və həyatı haqqında məlumatı olanlar onun hədiyyə almağı qətiyyən xoşlamadığını bilirlər. Təpədən dırnağa sadə həyat tərzi yaşayan Zadə dəbdəbəli hədiyyələrdən də uzaq olub. Amma özü kiməsə hədiyyə verməyi çox sevir. Hədiyyə etməyi ən çox xoşladığı əşya isə qalstukdur. O, çox adama öz qalstuklarını hədiyyə edib;

3-Sevdiyi yeməklər- 
Ümumilikdə, qoyun ətindən hazırlanan yeməkləri çox sevirmiş. Azərbaycanda isə ən çox bəyəndiyi yemək lülə kabab və kələm dolması olub. 1965-ci ildə uzaq illərdən sonra Bakıya gələndə də uşaqlığının keçdiyi Bakının bu iki təamını çox arzulayıb;

4-Qəribəlikləri – Lütfi Zadənin yaxşı mənada qəribəliklərindən danışsaq, qurtaran deyil. Məsələn, onun ən böyük qəribəliyi elmi böyük pullara qurban verməməsidir. O, nəzəriyyəsindən yararlanan şirkətlərdən pay sahibliyini tələb etsə idi, dünyanın ən zəngin insanlarından biri olardı. Amma hələ də, dar bir mənzildə yaşayır.

Bütün təmtəraqlardan uzaq şəxsdir. Mehriban bir insan kimi səmimiyyəti sevsə də, qələbəlikdə qətiyyən dayana bilmir. Çətin elmi, riyazi bilgiləri, saysız informasiyaları yaddaşında cəm edən, demək olar ki, elmə aid heç bir bilgini unutmayan Zadə hərdən corab geyməyi unudurmuş…

5-Mənzili – elə əvvəlki bəhsdə adını çəkdiyimiz mənzil haqqında qısa da olsa məlumat verək: Təxminən, 5 kvadratmetr ərazidə kitablar, qovluqlar, müxtəlif kağızlar qoyulub. Qapını açırsan, Lütfi Zadə qapıdan yarım metr qabaqda oturub. Lütfi Zadənin qapısının üstündə onun adı yazılıb. Adının yanında onun zarafatyana çəkilmiş şarjı asılıb. Otaq başdan-başa qalaqlanmış kitablar, qovluqlar, üzərində müxtəlif məqalələr və qeyd olunan ofis kağızlarının dağınıqlıqından ibarətdir. Bir növ, kiçik evinin zirzəmisidir. Bir neçə pilləli nərdivanla onun iş otağına düşüb kağız və kitab qalaqları arasında itmək olar. Amma Zadə bu yaşında belə onların hamısının yerini əzbərdən bilir;

6-Zadədən ən çox yarlanan ölkə və şirkətlər- Bu ölkə və şirkətlərin təbii ki, sayı-hesabı yoxdur. XXI əsrdə yaşayıb Zadədən yararlanmayan nəinki bir ölkə, hətta hər hansı bir insan belə yoxdu. Amma Zadəni ilk olaraq özü üçün kəşf edib ondan əməllicə yararlanan ölkə isə Yaponiya oldu. Elə Zadənin hesabına ən çox gəlir qazanan da yapon şirkətləridir: Hitachi”, “Matsusita”, “Mitsubishi”, “Sharp”, “Nissan”, “Canon”, “Fuji”, “Toshiba”, “Omron”, “Sanyo”, “Sany-Trintron”, “Daewoo”, “Goldstar” (LC), “Samsung”, “Honda”, eləcə də Amerikanın “General Motors”, “Motorola”, “DuPant”, “Kodak”

7- Zadənin bilinməyən nəzəriyyələri - Lütfi Zadə dünya elminə ona şöhrət qazandırmış qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə, 5 fundamental nəzəriyyə bəxş edib.

“Təəssüratlar nəzəriyyəsi”, “Fəza vəziyyətləri nəzəriyyəsi”, “Sözlə hesablama nəzəriyyəsi”, “Soft Computing nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşflər dünya elminin inkişafında böyük rol oynayıb. Eyni zamanda bu gün bu nəzəriyyələr həyatımızın bir çox sahələrində çox geniş tətbiq olunur.

Sözlə işləyən kompyuterlər nəzəriyyəsi əsasında işləyən kompyuterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələrdən istifadə olunur. Bu tip kompyuterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat texniki modeldir.
Təəssürat nəzəriyyəsi isə dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir.

1963-cü ildə idarəetmə nəzəriyyəsini kökündən dəyişdirən vəziyyətlər fəzası yanaşmasını təklif edir və Çarlz Dezoirlə birlikdə “Xətti sistemlər nəzəriyyəsi” kitabını nəşr etdirir.

Fəza vəziyyətləri nəzəriyyəsi dinamik sistemlərin idarə olunması və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

“Soft Computing” nəzəriyyəsi isə qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticə çıxarmaq paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirən yeni texnologiyaların əsasını təşkil edir.

L.Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi kimi “Optimal süzgəclər nəzəriyyəsi” də müasir riyaziyyatda və kibernetikada yeni bir addım, yeni bir hadisədir. Bu nəzəriyyə təkcə elmi orijinallığı ilə deyil, həm də əməli nəticələri ilə qiymətlidir.

Xatırladaq ki, Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.