Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-07 17:05:00
Şagirdlərə Zəfər tariximiz haqqında danışmaq qürurvericidir - Tarix müəllimi  

Rəsmiyyə Fərzəliyeva: “Mənim həyatda qazandığım uğur şagirdlərimin müəllimlik ixtisasına yiyələnməsidir”

 

O, tarix müəllimidir... İllərini  şagirdlərinin istər dünya  ölkələrinin, istərsə də  doğma  Azərbaycanın tarixini öyrənmələrinə həsr edib. Özü də sevə-sevə, müəllimlik fəaliyyətindən zövq ala-ala. Bəlkə də bu peşəyə olan həvəsindəndir ki, aspiranturaya qəbul olunsa da elm dalınca getməyi deyil, məhz müəllim kimi fəaliyyət göstərməyi qərarlaşdırıb. Bu dəfəki yazımızın qəhrəmanı Bakıdakı 266 nömrəli tam orta məktəbin tarix müəllimi  Rəsmiyyə Fərzəliyevadır.

 

Müəllimlik peşəsinə olan sevgisi...

 

Qəbələ rayonunun  Aydınqışlaq kəndində doğulan Rəsmiyyə Fərzəliyeva orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olur.  1995-ci ildə ali təhsilini başa vuraraq bir müddət doğma kəndində tarix müəllimi kimi fəaliyyət göstərir. 1999-cu ildə aspiranturaya qəbul olunsa da müəyyən obyektiv səbəblərdən onu  bitirmir.  Müəllimlik peşəsinə olan sevgisi  onu hazırda çalışdığı doğma məktəbinə, əziz şagirdlərinə bağlayır. Və 20 ildən artıqdır ki, ömrünü yetişməkdə olan gənc nəslin savadlı, öz vətəninə layiq böyüməsi  istiqamətində bilik və bacarığını əsirgəməyən Rəsmiyyə Fərzəliyeva bu gün məhz müəllim kimi tanınmasından, sevilməsindən qürur duyur. 

 

Qarabağ xanlarının Cavanşirlər nəslindən sayılan nənəsi  rayonun ilk ali təhsilli müəllimi olub

 

Niyə məhz  müəllim olmağı istəyib?  Müəllimliyi vaxtilə ona dərs demiş bu müqəddəs peşənin sahibləri sevdirib. Onun üçün müəllimləri hər zaman ən yüksək zirvədə olub. Ən əsası isə bu sevgi ona irsən keçib. Nənəsi  Zümrüd müəllim Şuşalı qızı idi. Qarabağ xanlarının Cavanşirlər nəslindəndir. 1930-cu illərdə Qəbələyə gəlin gəlib. Rayonun  ilk ali təhsilli müəllimi olub. Burada uşaqların  məktəblərə  cəlb olunmasında, savadlanmasında əvəzsiz xidmətlər göstərib.  O dövrün ən çətin vaxtlarında 3 kənddə müəllimlik edib. Böyük arzuları olsa da  yarımçıq qalıb. Həyatdan vaxtsız köçüb. Məhz nəvəsi Rəsmiyyə müəllim onun yolunu davam etdirməyi qərara alıb. Bu haqda özü belə söyləyir: “Müəllimliyi seçməkdə əsla peşman deyiləm, çox şərəfli bir missiyam var. Usaqlarla işləməyi sevirəm,  onların  saf, kövrək qəlblərində özünə taxt qurmaq hər bir müəllimin arzusudur”.

 

İlk növbədə müəllim öz fənnini sevməlidir ki...

 

Uzunillik təcrübəyə malik yazımızın qəhrəmanı məhz belə düşünür. Deyir ki, öz fənnini sevən müəllim şagirdlərinə də onu sevdirməyi bacaracaq. Dünya, eləcə də Azərbaycan tarixini şagirdlərinə sevə-sevə öyrədən pedaqoq hər dəfə sinfə ilk dəfə girirmiş kimi daxil olur.

 

Müəllimliyin çətin olduğu qədər eyni zamanda məsuliyyət tələb etdiyini yaxşı anlayan R.Fərzəliyeva fənninin tədrisinə yaradıcı yanaşmağa çalışır.

 

Bir ildən artıqdır ki, pandemiya şəraitində yaşadığımızdan dərslər onlayn keçirilsə də bu, onun dərsə olan münasibətini dəyişdirməyib. Əksinə, daha məsuliyyətli olmağa sövq edib. Məktəbi, sinif otaqlarını onlayn  tədris mühiti əvəz eləsə də əsas odur ki, sevimli şagirdlərindən uzaq düşməyib. Virtual olsa da hər gün sevimli şagirdlərinə eyni həvəslə, şövqlə dərs keçir.

 

Rəsmiyyə müəllim deyir ki, şagirdlərin və ətrafındakılarının sevgisini qazanmaq bir müəllim üçün ən böyük mükafatdır: “Mənim bu həyatda qazandığım uğur  vaxtilə dərs dediyim şagirdlərimin ali məktəb seçərkən məhz müəllim ixtisasına  yiyələnməsidir. Müəllim sanki bağban, yetişdirdiyi müxtəlif ağacların barı isə onun şagirdləridir”.

 

Bu gün şagirdlərinə Azərbaycanın şanlı Zəfər tarixindən fəxrlə söz açır

 

Tarixçi müəllim 2020-ci ilin tariximizdə  Zəfər ili kimi qalmasının sevincini yaşamaqdadır.  Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı qələbə ilk növbədə vətəndaş olaraq onu da qürurlandırıb. Ölkə başçısının işğal olunmuş torpaqlarımızı geri qaytarması hər bir Azərbaycan vətəndaşına  ən böyük hədiyyəsidir. İllərdir mənfur düşmənlərimizin əsarəti altında  olan torpaqlarımızı şagirdlərinə  xəritədə göstədiyini söyləyən pedaqoq  azad olunan rayon və kəndlərimizə, Qarabağın mirvarisi sayılan Şuşamıza - doğma yurdumuzun əsl sakinlərinin yaxın vaxtlarda qayıdışı gününün  həyəcanı ilə yaşayır. Hətta ölkənin bir sıra saytlarında  çıxan yazılarında da bu qələbənin sevinci ilə bağlı fikirlərini, duyğularını qələmə alıb. Və təsadüfi deyil ki, 2021-ci ildə Rəsmiyyə Fərzəliyeva Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlu nəticələrinin mətbuatda işıqlandırılmasında yüksək fəallıq göstərdiyinə görə Nəsimi Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmana layiq görülüb.

 

O, yaradıcı müəllim, dövlətçiliyimizə sadiq bir təhsil işçisidir.

 

Bu gün  Azərbaycanın şanlı Zəfər tarixindən fəxrlə söz açan və bunun qürurverici olduğunu qeyd edən pedaqoq kim bilir daha neçə-neçə şagirdinin gələcəkdə onun yolunu davam etdirməsinə vəsilə olacaqdır.

 

Samirə KƏRİMOVA 

Azərbaycan müəllimi