Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-06 09:30:00
“Məktəb təkcə təlim deyil, həm də tərbiyə müəssisəsidir”-Nadir İsrafilov

Təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakteri diqqət mərkəzində...

 

Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən “Təhsildə təlim və tərbiyənin vəhdəti” mövzusunda keçirilən onlayn müzakirənin bəzi təfərrüatları ilə Şuranın sədr müavini Nadir İsrafilov AzEdu az.-la bölüşüb:

 

Məlum olduğu kimi ümumi təhsil müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi məqsədlərə xidmət edir. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə və ümumbəşəri dəyərlərə hörmət edən vətəndaş yetişdirmək də məhz bu məqsədlərdən irəli gəlir.

 

Açıq etiraf edək ki, zəmanəmizdə tərbiyə işi, təlimlə müqayisədə bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilməklə təhsildə gedən pozitiv dəyişikliklər fonunda o qədər də ürəkaçan görünmür. İstəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini bir qədər arxa plana keçirib.

 

Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı “Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var.” kimi proqram xarakterli mesaj vermişdi.

 

Kim bilməsə də, pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilməmiş deyil ki,  məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir. Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə – şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır.

 

Pedaqoji proseslə bağlı bəzi mühüm məqamları xatırlatmaqda məqsədim ondan ibarətdir ki, pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafını tənzimləyir. Çünki təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin, yəni yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların gənc nəslə ötürülməsi kimi başa düşülürsə, dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin, eləcə də təlim və təhsilin mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi anlaşılır.

 

Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir.

 

Onu da xatırlatmaq yerinə düşər ki,  hələ 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyı bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur.

 

Çıxarılan nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq.

 

“Təhsildə təlim və tərbiyənin vəhdəti” mövzusunda onlayn müzakirədə məhz tərbiyənin elmi, pedaqoji və fəlsəfi aspektlərinə toxunularaq, yekdilliklə belə bir qənaətə gəlindi ki, tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir. Bu istiqamətdə tədqiqat və maarifləndirmə işlərinin davamlı aparılması zəruridir.

 

İctimai Şuranın məsul katibi İlqar Orucovun moderatorluğu ilə Nazirin müşaviri Elnur Nəsibovun da  qatıldığı tədbirdə Şuranın sədri, professor Şahlar Əsgərovun çıxışı ətrafında müzakirələrdə  Milli Məclisin deputatı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru Etibar Əliyev, həmçinin şuranın digər üzvləri professor Hikmət Əlizadə, Mirzə Cəfərzadə, Təhsil İnstitutunun direktor müavini, fəlsəfə doktoru Ənvər Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev və digər iştirakçılar mövzuya dair fikirlərini bölüşərək konkret təkliflər veriblər.

 

Artıq xəbər verildiyi kimi müzakirənin yekununda şura tərəfindən ictimai davranış qaydalarının hazırlanması ilə bağlı səsləndirilən təklif yekdilliklə qəbul edilib.