Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-03 10:34:00
DİM tərəfindən fənlər üzrə hazırlıq kursları keçirilib  

Dövlət İmtahan Mərkəzində (DİM) qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və açıq tipli tapşırıqların yoxlanılmasına dair hazırlıq kurslarında Azərbaycan dili, fizika və tarix fənləri üzrə ilk məşğələlər, kimya, biologiya, ingilis dili fənləri üzrə isə növbəti məşğələlər keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən həyata keçirilib.

 

Kurslarda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.

 

İclasda DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verərək qeyd edib ki, kursun nəzəri hissəsi mövcud şəraitə görə 2 gün ərzində onlayn qaydada keçiriləcək. Sonra kursun praktiki hissəsində iştirakçıların ev tapşırıqlarını bir ay müddətində internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməli olduqları bildirilib. Hazırlıq kursunun sonunda Bakı şəhərindən olan iştirakçıların DİM-in Ə.Salamzadə 28 ünvanında yerləşən binasında, regionlarda yaşayan iştirakçıların isə yaşadığı əraziyə ən yaxın DİM-in regional bölməsində cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesindən (kalibrləmə) keçməli olduqları qeyd edilib.

 

Daha sonra hazırlıq kurslarında moderatorlar Saməddin İbrahimov (Azərbaycan dili), Elşad Abdullayev (kimya), Nailə Əliyeva (biologiya), Əlövsət Rəcəbli (fizika), Hafiz Cabbarov (tarix) və Nərminə Əliyeva (ingilis dili) müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan altstandartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimat ediblər.

 

Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcək.