Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-29 16:03:00
İşçi qrupu I sinfə qəbulla bağlı valideynlərə bu məsələlərin həllində köməklik göstərəcək-DETALLAR

I sinfə elektron ərizə qəbulu prosesinin əlaqələndirilməsi və səmərəli təşkil edilməsi məqsədilə Bakı Şəhər Təhsil İdarəsinin tərkibində yaradılan işçi qrupu  nümayəndələri vasitəsilə ümumi təhsil məktəblərinin birinci siniflərinə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq köməklik göstərilir. AzEdu.az-ın sorğusuna cavab olaraq BŞTİ İşçi qrupunun fəaliyyəti ilə bağlı bütün detalları açıqladı:

 

İşçi qrup hansı saatlar daxilində fəaliyyət göstərir?

-Ümumi təhsil məktəblərinin birinci siniflərinə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir. Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) müəyyən olunub. Valideynlər digər bütün hallarla bağlı www.mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər. Həmin müraciətlər isə iş günləri ərzində saat 10:00-dan 18:00-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaradılmış işçi qrupları tərəfindən cavablandırılır.

 

Bu qrup nə zamanadək aktiv fəaliyyətdə olacaq?

 

İşçi qrupları 2021-2022-ci tədris ili üzrə ümumi təhsil məktəblərinin birinci siniflərinə şagird qəbulu prosesi yekunlaşanadək fəaliyyətini davam etdirəcək.

 

Valideynlər işçi qrupla necə əlaqə saxlaya bilərlər? Onlayn görüşlər nəzərdə tutulurmu?

 

 Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlər iş günləri ərzində saat 10:00-dan 16:00-dək məktəblərdə yaradılmış Alternativ qeydiyyat mərkəzlərinə və onlayn Alternativ qeydiyyat mərkəzlərinə (https://baku.edu.gov.az/az/page/276) müraciətlərini ünvanlaya bilərlər. Həmçinin valideynlər şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciətlərini işçi qrupa ünvanlaya bilərlər. Ümumi təhsil məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesinə start verilməzdən öncə ictimaiyyətlə üçün bir neçə onlayn təmas yaradılıb. Prosesin gedişi zamanı da zərurət olduqca belə təmasların yaradılması mümkündür.

 

Valideynlər tərəfinən ən çox hansı suallar ünvanlanır?

Müraciətlər əsasən sistemdə qeydiyyat, rus bölməsi üzrə müsahibə, məktəb və müəllim seçimi, mobil nömrələrin yenilənməsi və digər mövzular üzrə ünvanlanır.

 

İndiyədək neçə müraciət həllini tapıb?

27 aprel saat 18:00-dək ümumilikdə 800-ə yaxın vətəndaş müraciəti cavablandırılıb. Qeyd edək ki, onlardan 130-u məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 128-i onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp”müraciətləri), 336-sı www.mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi, 202-si isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qaynar xəttindən yönləndirilmiş telefon zəngləri vasitəsilə cavablandırılıb.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları