Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 13:50:00
Rektor:"Haqq işi uğrunda mübarizədə hər zaman qardaş Türkiyənin yanındayıq"

Heç bir tarixi və hüquqi əsası olmayan qondarma “erməni soyqırımı” məsələsinin gündəmə gətirilməsi böyük təəssüf hissi doğurur və ondan siyasi təzyiq vasitəsi kimi istifadə olunmasını qəbuledilməz hesab edirik.

 

AzEdu.az xəbər verir ki, bunu Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

 

Rektor vurğulayıb ki, saxtalaşdırılmış məlumatlar və məkrli niyyətlərdən qaynaqlanan belə bir fikrin səsləndirilməsi özünü insan haqları və demokratiyanın keşikçisi, ədalətin və sülhün carçısı kimi göstərən ABŞ-ın strateji müttəfiqi olan Türkiyə ilə münasibətlərinə ciddi zərbə vurur: “Şübhəsizdir ki, təqribən 100 il bundan əvvəlki hadisələrin tarixi kontekstdən çıxarılması və təhrif edilərək siyasiləşdirilməsi hazırda Türk Dünyasının güclənməsindən narahat olan qüvvələrin növbəti təxribatıdır.

 

Eyni zamanda, yaxın tariximizdə bütün dünyanın gözü qarşısında Xocalıda erməni vəhşiləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına ədalətli hüquqi qiymət vermədən uydurma bir hadisənin qabardılması qeyri-obyektiv yanaşmanın və ikili standartın bariz nümunəsidir.

 

Sadə məntiq onu deyir ki, qondarma erməni məsələsi bu gün qüdrətlənən Türkiyəni və möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığını gözləri götürməyən dairələr üçün siyasi alətdən başqa bir anlam kəsb etmir”.

 

Sevindirici haldır ki, bu gün ən yüksək səviyyədə olan Türkiyə-Azərbaycan birliyi tarixin bütün sınaqlarından uğurla çıxaraq müasir beynəlxalq münasibətlər üçün həmrəylik nümunəsinə çevrilib. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin daim xalqımızın yanında olması və ölkəmizin haqlı mövqeyini dəstəkləməsi ortaq yeni tariximizin qürurverici amillərindən hesab olunur.

 

Rektor deyib: “Danılmaz faktdır ki, hazırda Türkiyə regionda sülh və təhlükəsizliyin əsas təminatçılarından, eləcə də iqtisadi inkişafın hərəkətverici qüvvələrindən biri statusunda çıxış edir. Fikrimizcə, Cənubi Qafqazda sülhün bərqərar edilməsi sahəsində əldə olunan uğurlar və təklif olunan yeni əməkdaşlıq formatları mənfur qüvvələrin ciddi narahatçılığına səbəb olur.

 

Lakin, əzəli torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən tarixi zəfərdən sonra, regionda yaranan yeni geosiyasi situasiyada Türkiyə və Azərbaycan faktorunun əhəmiyyətli rolu obyektiv reallıq kimi qəbul edilməlidir.

 

Möhtərəm Prezidentimizin sözügedən məsələ ilə bağlı ortaya qoymuş olduğu çevik, ədalətli və qətiyyətli mövqe, bir azərbaycanlı olaraq, mənim də sonsuz fəxarət hissləri keçirməyimə səbəb olub”.

 

Qondarma “erməni soyqırımı” məsələsinin gündəmə gətirilməsini şiddətlə qınadığını vurğulayan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov haqq işi uğrunda mübarizədə hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bir daha diqqətə çatdırıb.(Azərtac)