Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-24 15:30:00
UNEC-də imtahan qaydaları dəyişib, suallar tələbələrə verilməyəcək

Azərbaycan Dövlət İqtisad Univeristetinin (UNEC) Biznesin idarə edilməsi ixtisasının magistr səviyyəsi üzrə I kurs tələbələri II semest imtahanlarının test suallarının əvvəlcədən onlara verilməməsindən şikayət edir.


Tələbələr distant tədrislə əlaqədar dərsləri lazımi səviyyədə keçə bilmədiklərindən imtahana necə və hansı mövzular əsasında hazırlaşacaqlarını bilmədiklərini qeyd ediblər.

 

Mövzu ilə əlaqəli UNEC-dən bildirilib ki, UNEC-də bakalavr və magistraturada əyani təhsil alan tələbələrin imtahanları test üsulu ilə keçiriləcək və test suallarının məxfi saxlanılması ilə bağlı qərar qəbul edilib:


“Elmi Şuranın qərarına əsasən, 4-cü modulun test imtahan sualları əvvəlcədən tələbələrə verilməyəcək. İmtahana düşəcək suallar tədris boyu keçirilən mövzularla əlaqəli olacaq və heç bir kənar mövzu imtahan suallarına salınmayacaq. Əgər keçilən mövzudan kənar sual imtahanda olarsa, o zaman tələbənin xeyrinə qərar veriləcək. UNEC-də distant tədrisdə dərslər qrafik üzrə keçirilir. Hesab edirik ki, tələbələr dərs zamanı keçirilən mövzunu yaxşı mənimsəyə biliblərsə, narahatlığa heç bir əsas yoxdur.


Əgər tələbələr hansısa müəllimin distant tədris zamanı keçdiyi dərsin keyfiyyətindən narazıdırsa, o zaman dekanlığa müraciət edə bilərlər. Qeyd edim ki, UNEC-də elektron kitabxana müəllim və tələblərin istifadəsinə verilib, bütün mövzulara dair mühazirə və digər materiallar müəllimlərin şəxsi kabinetində yerləşdirilib, internet resursları çox və mövzu ilə bağlı materiallar əlçatandır.


Xatırladaq ki, 1-ci modul üzrə imtahanlarda tələbələrə test sualları düzgün cavab qeyd edilməklə verilmişdi. 2-ci modulda test sualları düzgün cavab qeyd edilmədən verildi, 3-cü modulda isə suallar verildi, lakin cavab variantları ümumiyyətlə verilmədi. 4-cü modulda isə test sualları məxfi saxlanacaq. Yəni proses mərhələli olub, tələbələrin şəxsi kabinetlərinə bu barədə məlumat vaxtaşırı gedib və bu, anidən atılan addım deyil".

 

Qeyd edək ki, 4-cü modulun dərsləri aprelin 26-dan iyunun 6-dək davam edəcək, imtahanlar isə iyunun 16-dan sonra başlayacaq.

 

Report