Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 16:34:00
Balakəndə buraxılış imtahanları üç mərkəzdə aparılıb  

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 23-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Balakən rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

İmtahanların keçirilməsi üçün Balakən rayonunda 3 mərkəz ayrılıb. Buraxılış imtahanları Balakən şəhərindəki 1, 3 saylı və Hənifə kənd tam orta məktəblərdə təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq hər üç imtahan mərkəzində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Ümumilikdə, 680 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 11 imtahan rəhbəri və 68 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 57 otaq ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

DİM-in Şəki regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aprelin 23-də Qax və Zaqatala rayonlarında da gürcü bölməsi üzrə buraxılış imtahanları keçirilib. İmtahanlar Qax şəhər 2 saylı orta məktəb-lisey və Zaqatala şəhər 1 saylı tam orta məktəbdə təşkil olunub. Qaxda keçirilən imtahanda 68, Zaqatalada keçirilən imtahanda isə 8 nəfərin iştirakı nəzərdə tutulub.

Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

 

AZƏRTAC