Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 11:25:00
"Erkən uşaqlıq dövrü inkişafı və Azərbaycanda Milli Eudi kampaniyası"nın təqdimatı olub  

Aprelin 22-də “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimat mərasimi keçirilib.

 

Tədbir Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə baş tutub. 

 

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri, Milli Məclisin deputatı Soltan Məmmədov  EUDİ layihəsinin Azərbaycanın hər zaman tətbiqində yüksək siyasi iradə nümayiş etdirdiyi 17 davamlı inkişaf məqsədlərindən 11-nin uğurlu icrasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Soltan Məmmədov ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun uşaqların sağlamlığı, təhsili və sosial təminatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdiyini vurğulayıb. 


Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, uşaq inkişafının 4 əsas istiqaməti –  fiziki, əqli, əxlaqi və estetik inkişafı dövlətin diqqət mərkəzindədir. Məktəbəhazırlıq qruplarının əhəmiyyətindən söz açan Firudin Qurvanov əlavə edib ki, məktəbəqədər təhsilin həm əhatə dairəsinin genişləndirilməsi, həm də keyfiyyətinin yüksəldilməsi milli prioritetlərdəndir. Bu qrupların balaca şagirdlərin həm öyrənmə fəaliyyətinə, həm də sosial bacarıqlarının inkişafına verdiyi səmərə yüksək olub. Nazir müavini icmaəsaslı məktəbəqədər təhsil qruplarınının fəaliyyəti barədə də məlumat verib. Bildirib ki,  bu gün icmaəsaslı qrupların sayı 179, oraya cəlb edilmiş uşaqların sayı isə 9373-dür. 

 

Nazir müavini pandemiya dövründə teledərslər çərçivəsində məktəbəhazırlıq, həmçinin icmaəsaslı məktəbəqədər təhsil qruplarının  uşaqları üçün  məşğələlərin yayımlandığını diqqətə çatdırıb. Firudin Qurbanov qeyd edib ki, bu, həm də valideynlər üçün bir öyrənmə mənbəyi oldu. Nazir müavininin sözlərinə görə, bu böhran dövründə valideynlərin üzərinə olduqca ağır yük düşdü. Həmin yükü azaltmağın bir yolu da Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında hədəf kimi qoyulmuş “Səriştəli valideyn” proqramının hazırlanması və bütün əlçatan vasitələrlə - televiziya, radio, mətbuat – işıqlandırılmasıdır. Nazir müavini əlavə edib ki, gənc valideynlərin səriştəsinin artırılmasına həm tibb sektoru, həm sosial sektor, elə işəgötürənlər də dəstək olmalıdır. 


Firudin Qurbanov vurğulayıb ki, Təhsil Nazirliyi erkən uşaqlıq dövründə inkişaf kampaniyasına hər vasitə ilə dəstək verməyə, bütün aidiyyəti sektorlarla bu sahədə ideya mübadiləsi aparmağa və əməkdaşlıq etməyə hazırdır.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova EUDİ layihəsinin vacib və yüksək nəticəyə hesablanmış bir layihə olduğunu qeyd edib.

 

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas EUDİ layihəsinin Azərbaycan xalqına və gələcək nəsillərə töhfə verəcəyinə ümidvar olduqlarını bildirib.

 

Sonra erkən uşaqlıq dövründə inkişafla bağlı qısa videoçarx nümayiş olunub. EUDİ layihəsinin məqsədləri, layihə çərçivəsində yaradılmış www.eudi.az  portalı, Erkən Uşaqlıq Dövründə İnkişaf Resurs Mərkəzinin fəaliyyəti, o cümlədən gələcəkdə nəzərdə tutulan digər fəaliyyətlər barədə ətraflı məlumat verilib.

 

Sonra www.eudi.az  portalına həsr olunmuş videoçarx nümayiş olunub.

 

Tədbir müzakirələrlə davam etdirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, səhiyyə nazirinin müavini Rəhim Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Milli Məclisin deputatları Hicran Hüseynova, İlham Məmmədov, Müşfiq Məmmədlinin çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, Azərbaycanda Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.