Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 10:40:00
Məktəblərin  I siniflərinə şagird qəbulu başlayır  

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.  Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az  elektron portalı vasitəsilə aparılacaq. 

 

I sinfə şagird qəbulu üçün valideyn, yaxud digər qanuni nümayəndələrin ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Bununla bağlı 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı keçirilən onlayn tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov məlumat verib. Onun sözlərinə görə, aprelin 29-dan həm Azərbaycan bölməsi üzrə sorğu yerləşdirmək, həm də dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil edilən  müsahibəyə yazılmaq mümkün olacaq.

 

Həmin gün həm də Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyata start veriləcək.

 

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq və mayın 4-dən müsahibələr başlayacaq. COVID-19 pandemiyasına görə ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu nəzərə alınaraq müsahibələr ancaq onlayn formada təşkil olunacaq. 

 

Qeyd edək ki, müsahibələr birinci siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilir. Müsahibə komissiyaları uşaqların təhsil almaq istədiyi dildə dinləyib anlamasına, ünsiyyət qura bilməsinə, öz fikrini sadə formada ifadə etməsinə diqqət yetirir.  Qiymətləndirmə aparılarkən söz və ya söz birləşmələrini necə tələffüz etməsi, özü və ailəsi haqqında məlumat verməsi kimi meyarlar nəzərə alınır.

 

Müsahibələrin iyunun 14-dək davam edəcəyi nəzərdə tutulub. Müsahibədən uğurla keçən uşaqların valideynlərinin məktəb seçimi ilə bağlı sorğularının yerləşdirilməsinə iyunun 24-ü saat 11:00-da start veriləcək.  Həmin gündən Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrində tədris rus dilində aparılan birinci siniflərinə qəbulla bağlı xidməti ərazi üzrə uşaqların məktəb seçiminə başlanılacaq.

 

Həmin vaxt Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı isə müsabiqəyə yazılma mümkün olacaq. Xatırladaq ki, iyulun 2-si saat 18:00-dək davam edəcək prosesdə rus bölməsi üzrə müsahibəyə yazılmaq istəyənlər Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrini, o cümlədən Bakı Avropa liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbini də seçə biləcəklər.

 

Rus bölməsi üzrə birinci sinfə ərazi üzrə qəbul aparılan ümumi təhsil müəssisələrinə məktəb seçimi üçün qeydiyyat iyulun 12-də bitir.

 

İyulun 5-15-dək Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələr keçiriləcək.

 

İyulun 19-dan rus bölməsi üzrə birinci siniflərə prioritetlər üzrə məktəb seçimi etmiş və müsabiqədən uğurla keçən şagirdlər üçün müəllim seçimi başlayacaq.

 

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14 -də başa çatacaq.

 

Lisey və gimnaziyalara qəbul

 

Lisey və gimnaziyalara qəbula gəlincə, əgər valideyn uşağının tədrisi digər dillərdə aparılan bölmədə təhsil almağını istəyirsə, qeyd etdiyimiz kimi, öncə şifahi nitq bacarıqlarının yoxlanılması üzrə müsahibədə uğur qazanmalıdır. Bundan sonra lisey və gimnaziyalara müsabiqəyə yazılır.  Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilirlər. Qeydiyyat ünvanı həmin lisey və ya gimnaziyanın müəyyən edilmiş ərazisinə uyğun olmayanlar təhsil müəssisəsində yer olarsa, qəbul edilirlər. Belə ki, uşağın bacı və qardaşlarından biri həmin lisey və ya gimnaziyada təhsil almırsa və ya valideynlərdən (qanuni nümayəndə) biri həmin lisey və ya gimnaziyada işləmirsə, “Növbə” bölməsini seçərək növbəyə yazılırlar.

 

I sinfə qəbulu üçün müsahibələr onlayn aparılacaq

 

Elçin Kərimov bildirib ki, elektron sistemdə qeydiyyat valideyn və ya uşağın qanuni nümayəndəsi tərəfindən aparılacaq: “Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari il üçün artıq elektron kabineti mövcuddur, yəni yeni şəxsi kabinet açmağa ehtiyac yoxdur. Sadəcə həmin login və şifrə ilə məktəb seçimi etmək mümkündür. Mövcud pandemiya şəraitinə görə tədris digər dillərdə aparılan şagirdlərin I sinfə qəbulu üçün müsahibələr onlayn aparılacaq, bura həm məktəbəhazırlıq qruplarına cəlb olunmuş, həm də cəlb olunmamış uşaqlar aiddir. Müsahibəyə yazılanlar arasında məktəbəhazırlıq qruplarına cəlb olunanlar var, onlar müsahibədən uğurla keçdikcə həmin məktəbdə birbaşa I sinfə qəbul edilir. Digər uşaqlar isə müsahibədən uğurla keçdikcə artıq məktəb seçimi edə bilərlər”.

 

Elçin Kərimov qəbul prosesində başqa bir maraqlı məqama da toxunub. O,  xüsusi istedadı olan şagirdlərin vaxtından əvvəl I sinfə qəbulunun aparılmadığını vurğulayıb. 6 yaşı, eləcə də 8 yaşı tamam olan bütün uşaqlar qeyd olunan formada qeydiyyatdan keçib I sinfə qəbul ola bilərlər: “Yaşı 8-dən  yuxarı olan uşaqlar uzun müddət təhsildən kənar qalan şəxslər üçün fərdi tədrisə cəlb edilirlər”.

 

Valideynlərin etiraz hüququ var

 

Gələn həftə başlayıb iyunun 14-də başa çatacaq prosesdən narazı qalanların ola biləcəyi də istisna edilmir. Elçin Kərimovun sözlərinə görə, narazı qalanların yenidən müsahibəsi olmayacaq, sadəcə müsahibə vaxtı olan videoçəkilişə baxılaraq müvafiq rəy veriləcək. Təkrar müsahibənin keçirilməsi üçün komissiya rəy verməlidir: “İstisna hal, məsələn, internet problemi ola bilər. Bu zaman da komissiya rəy verməlidir ki, yenidən müsahibə olsun, yoxsa yox. 21 iyuna qədər tədris digər dillərdə aparılan müsahibələrdən (əsasən rus bölməsi) uğurla keçən məktəbəhazırlıq qruplarında olan uşaqlar oxuduqları məktəblərdə I sinfə qəbul olacaq. Məktəbəhazırlıq qruplarında olmayan və müsahibədən uğurla keçən uşaqlar üçün 24 iyun saat 11:00-dan məktəb seçimi aktivləşəcək”.  (Azərbaycan müəllimi)