Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-22 12:38:00
Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə mayın 16-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı mayın 14-ü saat 10:00-dək aparılacaq.
İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 9 (AB - 2, AC - 7) namizəd qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və məlumatlar sistemdə olmadıqda qeydiyyat aparılmır. Bu halda Azərbaycan Respublikasının ali məktəblərinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Həmçinin qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.
Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına bu barədə bildiriş və yaddaş kitabçası göndərilir. DİM-lə yazışmaların operativliyinin təmini üçün namizədin öz elektron poçtundan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 “Çağrı mərkəzi”nə zəng edib bu barədə məlumat vermək lazımdır.