Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 17:15:00
 "Təhsilin məzmunu zaman kontekstində" mövzusunda onlayn müzakirə təşkil edilib

Aprelin 21-də Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən "Təhsilin məzmunu zaman kontekstində" mövzusunda onlayn müzakirə təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, çıxış edən nazirlik yanında İctimai Şuranın sədri Şahlar Əsgərov qeyd edib ki, təhsilə baxış dəyişilməli, kamil insanlar yetişdirmək təhsilin məzmununda əsas meyar kimi qəbul edilməlidir.

 

Təhsil nazirinin müşaviri Elnur Nəsibov ictimai müzakirələrin əhəmiyyətinə toxunaraq Təhsil Nazirliyi tərəfindən son zamanlar təşkil edilən ictimai sorğu və müzakirələrin nəticələrinin nəzərə alındığını xüsusi diqqətə çatdırıb.   

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov da öz növbəsində müzakirələrdə önə çıxan məsələlərin tətbiqi barədə danışaraq bildirib ki, dəyişikliklərin məqsədə xidmət edib-etmədiyini ölçmək də xüsusi əhəmiyyət kəsb edir. Rüfət Əzizov ölçmə alətlərindən biri olaraq beynəlxalq qiymətləndirmə vasitələrinə də diqqət çəkib. Rüfət Əzizov əlavə edib ki, layihə əsaslı təhsilə keçid edilməli, kitabdan aslılıq minimuma endirilməlidir.  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva müzakirə edilən məsələlərin həlli yollarının təhlilinə ehtiyac olduğunu bildirib.

 

Müzakirələrdə iştirak edən İctimai Şuranın üzvləri Hikmət Əlizadə, Asif Cahangirov, Ülviyyə Mikayılova, Təhsil İnstitutunun direktor müavini  Ənvər Abbasov və digər iştirakçılar da mövzuya dair fikirlərini bölüşüblər. Bildirilib ki, təhsilin məqsədi təhsilalanları həyata və təhsilin növbəti pilləsinə hazırlamaq, onların ixtisaslaşmasına dəstək olmaqdır. Təhsilin məzmunu elə qurulmalıdır ki, şagird məktəbə həvəslə, böyük maraqla gəlsin, öz potensialını reallaşdırsın, yeniliklər əldə etsin. Şagirdlərə həyatda nə lazım olacaqsa, onlara o aşılanmalıdır.

 

Yekunda bu və digər mövzularda müzakirələrin davamlı təşkil olunması qərara alınıb.