Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 15:27:00
Nadir İsrafilov: Distant təhsilin ənənəvini üstələcəyini güman edirəm

“Distant təhsilin ənənəvini üstələcəyini güman edirəm, amma yeni çağırışlarla hesablaşmalı olduğumuzu da nəzərdən qaçırmamalıyıq”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

O, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasına əsasən təhsilalma formalarına distantın əlavə edilməsinə münasibət bildirib:

 

“Onlayn təhsil haqqında çox deyilib və yazılıb. Sadəcə onu əlavə edə bilərəm ki, bu heç də bir çoxlarının düşündüyü kimi yeni məsələ deyil. Dünyanın bir çox ali təhsil müəssisələri onu geniş tətbiq edir. Ölkəmizdə onlayn təhsil formasının rəsmi yaranma tarixi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiq edildiyi 19 iyun 2009-cu il hesab olunur. Həmin qanunun 13-cü maddəsinə əsasən Azərbaycanda əyani, qiyabi, sərbəst (eksternat) təhsil formaları ilə yanaşı distant (məsafədən) təhsil də mövcuddur. Sadəcə olaraq distant təhsil informasiya texnologiyaları və multimedia sistemlərinin köməyi ilə əyani, qiyabi və axşam təhsil formalarının əsas elementlərini uzlaşdıran bir vasitədir. Qiyabi təhsildən fərqli olaraq, distant tədris internet vasitəsilə aparılır. Bu təhsil formasında müəllim və təhsil alanlar arasında canlı ünsiyyət olmur və şəxslər dərslərə müntəzəm gəlmir. Telekommunikasiya vasitələrinin köməyilə müəllimlə əlaqə qurur, sual verilir və onları maraqlandıran məsələlər müzakirə edilir”.

 

Nadir İsrafilov distant təhsilin üstünlüklərindən danışıb:

 

“Müasir zamanın tələblərinə uyğun distant təhsilin geniş tətbiqi daha çox insanın təhsilə cəlb olunmasına imkan verir. Distant təhsil sayəsində ucqar kəndlərdə yaşayanlar, əlilliyi olanlar, müəyyən səbəblərə görə təhsilini davam etdirə bilməyənlər də rahat təhsil alır. Son onillikdə distant təhsilə ehtiyac duymadığımızdan bu müasir təhsilalma formasına elə də  lazımı diqqət yetirməmişik. Halbuki, bu müddət ərzində distant təhsilin vacibliyi və zəruriliyi barədə müəyyən çağırışlar da olub. Pandemiya dünyada gözlənilməyən problemlər meydana gətirdikdən sonra insanların birbaşa ünsiyyəti və idarə etmədə müəyyən çətinliklər yarandı. Distant iş və onlayn menecmentliyin tətbiqində texnoloji əsaslara uyğunlaşan əməli işlər həyata keçirməyə başlanıldı. Yəni, həm koronavirus problemi, həm də məktəblərin online tədris sistemi distant təhsilinin önəmini artırdı. Onlayn tədrisin üstünlükləri barədə hər hansı bir əlavəyə ehtiyac duymuram, bu zamanın çağırışıdır. Müasir dövrdə texnologiyanın inkişafının təhsil sisteminə təsiri nəticəsində distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb. Başqa sözlə, tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkilolunma forması distant təhsil adlanır”.

 

Sədr müavini təhsildə distant formanın tətbiqindən söz açıb:

 

“Pedaqoji prosesdə distant təhsildə hər iki tərəf arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən həyata keçirilir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə müəllimin yeni rolu, tədrisin keyfiyyətinə nəzarət, təlimdə fərqli vasitə və texnologiyalardan istifadə aid edilir. Ölkə başçısının vurğuladığı kimi "İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir.” Əgər nəzərə alsaq ki, distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır, öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir, distant təhsildə informasiyalar öyrənənlərə çap, materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir, bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır - deməli bu düşündüyümüz qədər də sadə və asan həyata keçirilən vəzifə deyil. Distant təhsil çoxlu maliyyə tələb edən sahədir. Burada bununla işləyə biləcək mütəxəssislər, maddi-texniki baza, digər resurslar olmalıdır. Bu baxımdan bəzi problemlərin qısa müddətdə aradan qaldırılması o qədər də real görünmür. Digər bir məsələ, distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi vacib bir hal alıb. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir. Nazirin də qeyd etdiyi kimi, “Distant təhsilin ailələr üçün böyük stres və diskamfort yaratdığını bilirəm. Bunu başa düşürük. Məncə cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Distant tədrisə pandemiyanın törəməsi kimi baxmalıyıq”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları