Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 11:23:00
Ali təhsilin yeni dövlət standartları müəyyənləşir  

Ali təhsilin yeni dövlət standartları müəyyənləşir.

 

AzEdu.az-ın məlumatına görə, bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb. 

 

Layihəyə əsasən, ali təhsil proqramlarının həyata keçirilməsini təmin etmək üçün cəmiyyətin və əmək bazarının tələbləri nəzərə alınmaqla müvafiq icra  hakimiyyəti orqanı tərəfindən  ali təhsilin dövlət standartı hazırlanır və təsdiq edilir.

 

Ali təhsilin dövlət standartı aşağıdakıları müəyyən edir:

 

- ali təhsilin səviyyələri ( subbakalavriat, bakalavriat, magistratura və doktorantura) üzrə  təhsilin məzmununu və məzmun strukturuna qoyulan tələbləri;

- ali təhsilin müvafiq  səviyyələri üzrə səriştə əsaslı təhsil proqramının hazırlanması üzrə vahid tələbləri;

- ali təhsil pilləsində  təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini;

- təhsil səviyyəsinin tələbəyönümlü  təşkili və idarə eidlməsi ilə  bağlı tələbləri;

- ali təhsilin idarə olunmasını;

- ali təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına qoyulan tələbləri;

- ali təhsilin infrastrukturunu;

- keyfiyyətin təminatı üzrə tələbləri;

- təhsilverənlərin keyfiyyət göstəricilərini.

 

Ali təhsilin dövlət standartının hazırlanması zamanı təhsilin digər pillələri  üzrə dövlət standartları, qoyulmuş tələblər və təhsilin fasiləsizliyi  nəzərə alınır.

 

Ali təhsil müəssisəsinin maddi-texniki və tədris bazası daşınan və daşınmaz əmlakdan ibarətdir.  Ali təhsil müəssisəsinin  maddi-texniki və təhsil infrastukturu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən normativlərə uyğun olmalıdır.

 

Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, akkreditasiya və attestasiyası ali təhsilin dövlət standartı əsasında həyata keçirilir.

 

Ali təhsilin dövlət standartı sağlamlıq imkanları məhdud şəxslərin ali təhsil prosesinə cəlb edilməsi üçün müvafiq standart və tələbləri də müəyyən edir.

 

Ali təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastukturu  normativləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən  təsdiq edilir.

 

Ali təhsilin dövlət standartı tabeliyindən, mülkiyyət növündən və təçkilati- hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur. Ali təhsilin dövlət standartı  6 ( altı) ildən bir yenilənir.