Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-19 10:48:00
11 nəhəng universitetə qəbul olunan  Elmir: “Harvardda oxumaq üçün  maddi  dəstəyə  ehtiyacım  var”

 

 

 

Bakı  Mühəndislik  Universiteti  İqtisadiyyat  və  idarəetmə  fakültəsinin  məzunu Elmir  Muxtarov  magistratura  dərəcəsində  təhsilini  davam  etdirmək  üçün əksəriyyəti  dünyanın  nüfuzlu  universitetləri  sırasında  yer  alan  11  təhsil ocağından  müsbət  cavab  alıb.

 

Həmin  universitetlər  sırasında  Harvard  Universiteti (ABŞ),  Kembric Universiteti  (Birləşmiş Krallıq), Çikaqo  Universiteti (ABŞ), UCL  (Birləşmiş Krallıq), Sinqapur  Milli Universiteti, “Kolumbiya  Universiteti (ABŞ), Miçiqan  Universiteti (ABŞ), “Sciences  Po” (Fransa), Corc   Vaşinqton Universiteti (ABŞ), Amerikan  Universiteti (ABŞ), Antverpen  Universiteti (Belçika)  kimi  nüfuzlu  təhsil  ocaqları  var.

 

AzEdu.az   Elmir Muxtarovla   müsahibəni  təqdim  edir.

 

Əvvəlcə  onu  öz  dilindən  tanıyaq...

 

-Mən Elmir Muxtarov, 23 yaşım var. Qax rayonunda anadan olmuşam. Orta təhsilimi də Qax şəhər 2 saylı orta məktəbdə bitirmişəm. Daha sonra FLEX proqramı çərçivəsində 1 il ABŞ-da təhsil almışam. Bakalavr təhsilimi Bakı Mühəndislik Universitetində dövlət sifarişi əsasında Dünya İqtisadiyyatı ixtisası üzrə başlamış, 2019-cu ildə isə bitirmişəm.

 

-Bakalavr  təhsili  müddətində  fəaliyyətinizdən  bir  az  danışardınız. Tələbə  olaraq  nə  kimi  aktivlikləriniz  olub?

 

-Birinci  kursdan etibarən  daimi olaraq  Model  BMT  simulyasiyalarında  iştirak etmişəm. Bu tədbirlərin   bilik  və  bacarıqlarımın inkişafına xeyli   müsbət  təsir göstərdiyinə  əminəm. 2017- 2018 - ci  akademik  ilində  universitetimizin  Model BMT  klubunun  rəhbəri  kimi  fəaliyyət  göstərmişəm. Ümumilikdə  son  5  il ərzində  16  MUN  konfransında  nümayəndə  kimi, 8 konfransda  isə sədr-təşkilatçı  rolunu  üstələnmişəm.

 

Bundan əlavə, Avropa Gənclər Parlamentinin 84-cü beynəlxalq sessiyasının iqtisadiyyat komitəsində Azərbaycanı təmsil etmiş, “NAYORA”-ın təşkil etdiyi “Gənc Elçilər” proqramını  bitirmiş, “Mən Paşa Bankın təqaüdçüsüyəm” proqramına seçilmiş  və 2 il müddətində  8-ci  BMT  dayanıqlı  inkişaf  məqsədi (İqtisadi Artım və Layiqli Əmək)  üzrə  Gənc  Səfir  olaraq  fəaliyyət  göstərmişəm.

 

Tələbələlik  illərində  sosial  fəaliyyəti  Azərbaycanın  sərhədləri  ilə  məhdudlaşmayıb

 

-Tələbə  olduğum  son  il  ərzində  İqtisadi  və  Sosial  İnkişaf  Mərkəzində  əvvəl təcrübəçi, daha  sonra  isə  tədqiqatçı  kimi çalışmışam. Orada  işlədiyim  zaman bir  neçə  yazım  müxtəlif  yerlərdə  dərc  olunub. Həmçinin, Azərbaycanın Avrasiya  İttifaqına  daxil  olmasının  potensialını  araşdıran  həmmüəllifi  olduğum  elmi  məqalə  Kaliforniya  Universitetinin “Communist  and  Post-Communist  Studies” jurnalında  2019-cu  ildə  dərc  olunub. Həmin  ilin oktyabr ayında “Mərkəzi  Avrasiya  Araşdırmalar  Cəmiyyəti”nin  dəvət  və  sponsorluğu ilə Corc  Vaşinqton  Universitində  Azərbaycan  və  Mərkəzi  Asiyanın iqtisadi-siyasi  inteqrasiyası  haqqında  yazdığım  yazını  təqdim  etməklə konfransın  ən  gənc  iştirakçısı  olmuşam.

 

-Magistratura  pilləsinə  hazırlıq  prosesi  və  universitetlərə  müraciətinizdən  bir  bir  az  danışardınız...

 

-Xaricdə  magistr  təhsili  almaq  planı  artıq  bir  neçə  ildir  ki, mənim hədəflərimdə  idi. Bu  səbəbdən  bakalavrda  oxuduğum  müddətdə  mümkün  qədər  həm  qiymət ortalamamı  yuxarı  tutmaq, həm  sosial  layihələrdə  iştirak  etmək, həm  də  iş təcrübəsi  qazanmaq  üçün  çalışdım. Son  2  il ərzində  IELTS  və  GRE imtahanlarına  daxil  oldum. 2020 - ci  ilin  Avqust – Sentyabr  aylarında  imtahan nəticələrim, akademik  və  professional  iş  təcrübəm  və  karyera  maraqlarımı nəzərə  alaraq  müraciət  edəcəyim  universitetlərin  seçimini  bitirdim. Sentyabrdan  Yanvarın  ortalarına  qədər  seçdiyim  bütün  universitetlərə müraciətlərimi  göndərdim.

 

-Və  beləliklə dünyanın  11 nəhəng  universitetindən  müsbət  cavab aldınız. Hər  kəs  üçün maraqlıdır,  hansını  seçməyi  düşünürsüz?

 

-Yetərli  maliyyə  resurslarının  tapılması  halında  ilkin  seçimim  şübhəsiz  olaraq oxumaq  istədiyim  sahə  üzrə  dünya  reytinqlərində  birinci  yerdə  olan  Harvard Universitetidir. Əgər  bu  mümkün  olmasa, Kembric, Çikaqo  və  Sinqapur  Milli Universiteti  də  əsas  seçimlərim  arasındadırlar. Lakin  onlarda  da  maliyyə məsələsi  hələlik  tam  həllini  tapmayıb. 

 

-Ümumilikdə,  gələcək fəaliyyətinizi  hansı  istiqamətdə    və  hansı  ölkədə  davam etdirməyi  düşünürsüz?

 

-Magistr  təhsilimi  bitirdikdən  sonra  Azərbaycana  qayıtmağı  və  ictimai sektorda  fəaliyyət  göstərməyi  planlayıram.

 

-Seçdiyiniz  universitetdə  təhsil  alacağınız  müddətdə  nə  kimi  fəaliyyət planlarınız  var?

 

-İlkin  planım  dərs  strukturunu  mümkün  qədər  iqtisadi  inkişaf  ətrafında qurmaq  olacaq. Təhsil  alacağım  universitetdən asılı  olaraq  orada  olan azərbaycanlı  və Azərbaycan  əsilli  tələbələrlə şəbəkə  yaratmaq  və  ya  hazırda mövcud  olan  şəbəkəyə  qoşulmağı  planlayıram. Eyni  zamanda, mənimlə  eyni akademik  maraqlara (fiskal siyasət, iqtisadi inteqrasiya  və  təbii  sərvətlərin  idarə olunması) malik  tələbə  və  fakültə  üzvləri  ilə akademik  tədqiqat  aparmaq istəyərdim.  

 

-BMU-nun  Dünya  iqtisadiyyatı  ixtisası  üzrə  məzunsuznuz. Bəs  Azərbaycan iqtisadiyyatında  nə  kimi  yenilik  yaxud  dəyişikliklər  etməyi  düşünərsiz?

 

-Düşünürəm  ki, hazırda  demək  olar  ki, bütün  dünya  ölkələri  kimi Azərbaycanın  da qarşısında  duran  bir  nömrəli  prioritet  uzunmüddətli, dayanıqlı  və inkluziv  iqtisadi  inkişafa  çatmaqdır. Ölkəmizin  tükənən  təbii  sərvətlərlə zənginliyini  də nəzərə aldıqda  bu  məsələ  daha da önəmli  olur. Buna  görə  də, gələcək fəaliyyətimi  bu  istiqamətdə  qurmağı  düşünürəm.  

 

-Sizin  kimi  xaricdə  nüfuzlu   universitetlərdə  təhsil  almağı  hədəfləyən tələbələrə bu  yolda  nə  kimi  tövsiyələriniz  var?

 

-Bəlkə  də  hər  il  yüzlərlə  Azərbaycan  gənci  özlərinə  yetəri  qədər inanmadıqlarından  onların  həqiqətən  də  layiq  olduqları  universitetlərdən  daha zəiflərinə  yollanmalı  olurlar. Ona  görə  tövsiyə  edərdim  ki, müraciət  etdikləri zaman  ən  azından  2 - 3  yüksək  reytinqli  universitetlərə  də  müraciət  etməkdən çəkinməsinlər. Çünki  bəzən, böyük  imkanlar  bizə  bizim  düşündüyümüzdən daha  yaxındırlar.

    

Son  olaraq  Elmir bəy  təhsilini  davam  etdirmək  üçün  dəstəyə  ehtiyacı  olduğunu  bildirib

 

-Yuxarıda  qeyd  etdiyim  kimi,  birinci  seçimim  olan  Harvard  Universitetində təhsil  xərclərinin  maliyyəsi  problemi  ilə  üzləşirəm. Oxumaq  istədiyim  ixtisas üzrə  Harvard  Universitetinin  təqaüd  proqramlarının  demək  olar  ki, hamısı xüsusi  qruplara  yönəldiyindən (ABŞ-da  yaşayan  etnik  azlıqlar, Ərəb  Birliyi ölkələrinin  vətəndaşları  və  s.) universitet  tərəfindən  təqaüd  tapmaq  mümkün olmadı. Hazırda  təhsilimin  maliyyələşməsi  üçün  mümkün  olan  yolları axtarıram. Əgər  bu  istiqamətdə  mənə  kömək  edəcək  dövlət  qurumu,  təşkilat və  ya  özəl  şirkət  varsa  mənimlə  əlaqə  saxlamalarını  xahiş  edirəm.