Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-16 16:29:00
Paytaxt müəllimləri vaksinasiya prosesinə inamla qoşulur

 Təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin  “COVID-19” əleyhinə vaksinasiya prosesi paytaxtın ümumtəhsil məktəblərində yaradılmış 10 peyvənd məntəqəsində aparılır.  Prosesi yaxından izləmək üçün Bakıdakı 158 nömrəli tam orta məktəbdə olduq. İdman zalında təşkil olunmuş vaksinasiya məntəqəsinə daxil olan müəllimlərin əvvəlcə bədən hərarətləri ölçülür və onlar şəxsiyyətini təsdiq edən sənədlə qeydiyyata alınır.  Bundan sonra  onların arterial təzyiqi yoxlanılır və hər hansı bir narahatçılığının olub-olmamağı barədə məlumat əldə edilir. Səhhətində heç bir problem aşkarlanmayan şəxs vaksin olunaraq 10-15 dəqiqə gözlədikdən sonra məntəqədən ayrılmasına icazə verilir. Peyvənd məntəqəsində olarkən vaksin olunan müəllimlərlə  söhbət etdik. Onlar doğma sinif otaqlarında ənənəvi dərslərə qayıtmağın yeganə yolunu peyvəndlənmədə və gigiyenik qaydalara əməl etməkdə  görürlər.

 

Bakıdakı 161 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Züleyxa Abdullayeva:  “Vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir. Təhsil işçilərimizin vaksinasiya olunmasını ürəkdən arzu edirik. Bu, hər şeydən əvvəl sağlamlığımız üçün çox vacibdir. Eyni zamanda biz müəllimlər şagirdlərlə ünsiyyətdə oluruq. Qarşılıqlı ünsiyyət şəkilində xəstəlikdən qorunmaq üçün biz müəllimlərin   vaksinasiya olunması vacibdir. Bunu düşünərək könüllü şəkildə  peyvənd məntəqəsinə gələrək təhsil üçün vaksinasiya olundum”. 

 

Bakıdakı 161 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şükufə Seyidova:  “Təhsil üçün vaksinasiya kampaniyasına mən də qoşuldum. Hal-hazırda özümü çox normal hiss edirəm. Bu gün ilkin dozanı qəbul etdim. İkinci doza üçün də  həvəslə gələcəyəm. Gələcəyimiz üçün bunun əhəmiyyətli olduğunu düşünürəm. Biz müəllimlər vaksinasiya olunmalıyıq ki, şagirdləri və özümüzü bu xəstəlikdən uzaq edək. Əziz  həmkarlarıma müraciət etmək istərdim ki, gəlin bu xəstəliyə yoluxmamaq üçün  peyvənd olunaq”.

 

Bakıdakı 197 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Şəlalə Səlimova:  “Dünyanın bəlasına çevrilən  “COVID-19”-dan xilas olmağın yeganə yolu vaksinasiya və gigiyenik qaydalara əməl etməkdir. Şükürlər olsun ki, ölkəmizdə bununla bağlı qabaqlayıcı addımlar atıldı.  Bu gün elə ölkələr var ki, onlar hələ də peyvənd ala bilməyiblər. Dövlətimizin gücü sayəsində biz vaksinlər vurdura bilirik. Fikrimcə, bu xəstəlikdən tezliklə xilas olmaq üçün peyvənd vurdurmalıyıq. Ağlıma gətirə bilməzdim ki, vaksin məntəqəsində bu qədər təhsil işçisi olar. Bu, çox sevindirici bir haldır. Gələcəyimiz və əvvəlki həyatımıza qayıtmaq  üçün   gəlin vaksin olunaq”.

 

Bakıdakı 161 nömrəli tam orta məktəbin texniki işçisi Fərqanə Abdullayeva: “Mən də iş yoldaşlarım kimi könüllü şəkildə vaksin vurdurmağa gəlmişəm. Təhsil işçiləri üçün   burada  çox yüksək səviyyədə şərait yaradılıb.   Çox sevinirik ki, bu vaksinasiya vaxtında başladı. Hamımız istəyirik ki, ənənəvi təhsilə qayıdaq. Bunun da yeganə çıxış yolu qaydalara əməl etməklə yanaşı vaksin olunmaqdır”.

 

13 nömrəli Uşaq Poliklinikasının həkimi Nərgiz Qurbanova: “Müəllimlər arasında vaksinasiyaya gələnlər çoxdur. Hamısı könülü şəkildə vaksin olunurlar. Onları əvvəlcə mən qəbul edirəm.  Burada qan təzyiqləri və bədən hərarətləri ölçülür. İlk vaxtlarda bir az həyəcanlı olurlar. O da 5-10 dəqiqə gözlədikdən sonra tam keçir. İndiyə kimi xoşagəlməz hallarla qarşılaşmamışıq. Peyvənd vurulan təhsil işçiləri  arasında hər hansı bir səhhətində problem olanı görməmişik”.

 

Rəşad ZİYADOV, Azərbaycan müəllimi