Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-16 10:13:00
Azərbaycanın 3 universiteti dünya reytinqində göstərilib

Dünyanın nüfuzlu elm-təhsil müəssisələrinin “Scimago Institutions Rankings 2021” beynəlxalq reytinqi açıqlanıb. Reytinq İspaniyanın Milli Tədqiqat Şurası (CSIC), “Granada” Universiteti, III Karl adına Madrid Universiteti və  dünyanın ən böyük elmi nəşriyyatlarından olan “Elsevier”in birgə əməkdaşlığı ilə hazırlanıb. Reytinqdə Azərbaycanın  3 universiteti yer alıb: Bakı Dövlət Universiteti  (852), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (885), Azərbaycan Tibb Universiteti (899). 

 

“Scimago Institutions Rankings 2020” reytinqi dünyanın bir sıra müstəqil və etibarlı mənbələrindən - beynəlxalq məlumat bazalarından son beş ildə verilən məlumatlar əsasında ali təhsil və elmi-tədqiqat müəssisələrini qiymətləndirən ən obyektiv reytinqlərdən biri hesab olunur. Bu reytinq dünyanın hər yerindən 7533 aparıcı universiteti və elmi təşkilatı əhatə edir.

 

Reytinqdə akademik və tədqiqat müəssisələri elmi-tədqiqat işlərini, innovasiya fəaliyyətini və sosial qarşılıqlı əlaqəni qiymətləndirən üç müxtəlif meyar dəsti üzrə sıralanır.

 

Reytinq üç istiqamət üzrə qiymətləndirilən 17 meyar üzərində qurulub:

 

1. Tədqiqat işinin qiymətləndirilməsi meyarları - bu qrupa ümumi çəkisi 50% olan on bir meyar daxildir. Bu qrup üçün məlumat mənbəyi Scopus Scientometric verilənlər bazasıdır.

2. İnnovativ fəaliyyətin qiymətləndirilməsi meyarları - bu qrupa ümumi çəkisi 30% olan üç meyar daxildir. Məlumat mənbəyi PATSTAT verilənlər bazasıdır.

3. Sosial təsiri qiymətləndirmək üçün meyarlar - bu qrupa ümumi çəki əmsalı 20% olan üç veb göstərici daxildir. Məlumat mənbələri Google və Ahrefsdir.

 

Oruc MUSTAFAYEV,Azərbaycan müəllimi