Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-14 15:06:00
Osman Gündüz:"Bu Azərbaycanın rəqəmsal dünyasının ən absurd qərarlarından biridir" 

 

İnformatika, yoxsa  Kimya ?

 

Azərbaycanın rəqəmsal dünyasının ən absurd qərarlarından biri: İnformatika müəllimliyi ixtisasını seçənlər İnformatikadan deyil Kimyadan qəbul imtahanı verməlidir.

 

Son zamanlar rəqəmsal sektorda uzun illər həllini gözləyən problemləri bir daha xatırladıram. Baxıram ki, bizim rəqəmsal problemlərimiz də xeyli “qocalıb” .

 

Uzun illərdir ali məktəblərə qəbulda “İnformatika, yoxsa Kimya” problemi də öz həllini tapa bilmir. Dəfələrlə bu məsələ DİM və Təhsil  Nazirliyi  qarşısında qaldırılıb. Uzun-uzadı müzakirələr aparılıb.

 

Belə görünür ki, bu il də İKT yönümlü ixtisası seçənlər, İnformatika müəllimliyini seçənlər , Proqramlaşdırma  ixtisaslarını seçənlər İnformatika əvəzinə Kimyadan qəbul imtahanı verəcəklər.

 

Deməli, hələ də DİM və Təhsil  Nazirliyi  bununla bağlı daxili problemlərini həll edə bilməyiblər.

 

Situasiya isə təxminən belədir :

 

DİM deyir ki, texnoloji ixtisaslara İnformatikadan imtahan götürülərsə əksəriyyət kəsiləcək. DİM düşünür ki, bu Təhsil  Nazirliyinin problemidir, məktəblərdə İnformatikanın tədrisi yetərli olmadığından , şagirdlərin bilik və bacarıqları da qənaətbəxş  deyil.

 

TN isə deyir ki, bu DİM-in problemidir, gərək DİM İnformatikanı imtahan olaraq daxil etsin ki , məktəblərdə, valideynlərdə və şagirdlərdə bu fənnə diqqət artırılsın.

 

Əlbəttə, DİM-in elmi-statistik təhlillərindən görsənir ki, məktəblərdə nəinki informatikanın, elə riyaziyyatın da tədrisində ciddi problemlər var.

 

Amma nəzərə almaq lazımdır ki, MİQ müsabiqələrindən sonra İnformatikanın tədrisi məktəblərdə xeyli yaxşılaşıb.

 

Və beləliklə də, iki dövlət qurumunun ortaq məxrəcə gələ bilməməsi səbəbindən uzun illərdir ki problem həll olunmadan qalır.

 

Bir müddət öncə DİM riyaziyyatdan bəzi imtahan tapşırıqlarının İnformatika fənni üzrə ola biləcəyini açıqlasa da sonradan bunlar da unuduldu.

 

Ötən illərdə hökumət İKT yönümlü ixtisasların təsnifatını xeyli təkmilləşdirib. Yeni İT ixtisaslar, mexatronika və robototexnika, radiotexnika, aerokosmik, elektronika və telekommunikasiya mühəndisliyi və s. bu kimi ixtisaslar var.

 

Düşünürəm ki, hökumət  DİM və Təhsil  Nazirliyi, rəqəmsal inkişafa cavabdeh olan dövlət qurumalrını bir araya gətirərək, normal müzakirələr təşkil etməli və 4-cü Sənaye inqilabının çağırışlarını , rəqəmsal transformasiyanın tələblərini nəzərə alarq İT yönümlü ixtisasların olduğu 1-ci Qrupun imtahanlarında Kimya fənnini İnformatika ilə əvəzləməlidir.

 

Osman Gündüz

Azərbaycan  İnternet  Forumunun  Prezidenti