Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-13 13:13:00
UNEC-in şəhid məzununun diplomu ailəsinə təqdim edildi  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev, dekan müavini Rahim Mürsəlov, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Rüfət Süleymanlı və fəal tələbələr Vətən müharibəsi şəhidi Böyükağa Şahverdiyevin ailəsini və məzarını ziyarət ediblər.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, şəhidin ailəsi ilə görüşdə anası övladının Vətəni canı qədər sevdiyini və “Qarabağ, Cəbrayıl, Vətən bölünməz, şəhidlər ölməz” şüarının onun həyat devizi olduğunu deyib.

 

İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev Böyükağa Şahverdiyevin diplomunu şəhidin anasına təqdim edib, onun UNEC-in əbədi məzunu olduğunu bildirərək, xatirəsinin daim əziz tutulacağını vurğulayıb.


UNEC THİK sədri Rüfət Süleymanlı universitetin Fəxri fərmanını və tələbə Nəzrin Əliyevanın özəl olaraq hazırladığı rəsm tablosunu Böyükağanın ailəsinə təqdim edib.

 

Qeyd edək ki, Şahverdiyev Böyükağa 1998-ci il iyunun 15-də Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Cəbrayıl rayon 10 nömrəli orta məktəbdə təhsil alıb. 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək UNEC-in İqtisadiyyat fakültəsinə qəbul olub. 2019-cu ildə məzun olaraq, hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlananda Cəbrayıl, Füzuli uğrunda döyüşlərdə iştirak edib. Çox sayda düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində iştirak edib. Uşaqlıqdan Qarabağa, Cəbrayıla olan sevgisinin həmin əraziləri dərindən öyrənib mənimsəməsində böyük rolu olub və bu biliklərini döyüş zamanı çox dəqiqliklə tətbiq edib. 2020-ci il oktyabrın 8-də Füzuli rayonu uğrunda döyüşlərdə şəhid olub.

 

Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.