Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-12 15:49:00
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq üçün qeydiyyat davam edir  

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq üçün keçirilmiş test imtahanının I mərhələsində müvəffəqiyyət qazanaraq Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərə cəlb olunmuş namizədlərin test imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyatı aparılır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qeydiyyat aprelin ayının 16-dək davam edəcək. İmtahanın II mərhələsi aprelin 17-də Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada keçiriləcək.

Namizədlər “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsinə onlayn qeydiyyat” xidməti vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”lərinin pul hesabına imtahanda iştirak üçün tələb olunan 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahanın II mərhələsi Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair sualları əhatə edir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 120-dir. 84 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.