Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-12 14:00:00
Beynəlxalq kosmik təşkilatın sədr müavini işləmiş soydaşımız: “İnanmırlar ki, bu qədər işi mən görmüşəm”-MÜSAHİBƏ

 

 

 

“2000-ci illəri əvvəlləri  idi. Almaniyada təhsilimi bitirib, Azərbaycana qayıtmışdım, Rabitə Nazirliyində işə düzəlmək üçün hər gün nazirliyin qabağında qəbula düşməyi gözləyirdim. O qədər  getmişdim ki, nazirliyin gözətçisi də məni tanıyır, nə üçün gəldiyimi, kimi gözlədiyimi bilirdi.

 

Bir  dəfə  ovaxtkı  nazir Nadir Əhmədov maşından düşüb nazirliyə gedəndə gözətçi ona yaxınlaşıb əli ilə məni göstərib dedi ki, “Nadir müəllim, bu cavan oğlan bilirsiniz nə deyir? - Deyir ki, rabitə sahəsini Nadir müəllim də daxil, Azərbaycanda hamıdan yaxşı bilirəm.

 

Nazir bu sözlərdən mat qaldı, qayıdıb diqqətlə mənə baxdı, tez cavabladım  ki, cənab nazir, mən elə bir şey deməmişəm, amma buna fikir verən kim idi?! 

 

Məni çağırıb kim olduğumu, harada təhsil aldığımı soruşdu. Nazirliyə dəvət edib, müvafiq qurumların rəhbərlərini də çağırdı. Elə kabinetdəcə mənim biliklərimi yüngülvari test etdilər. Məlum oldu ki, məni bildiyim sahə üzrə yoxlamaq üçün nazirlikdə ümumiyyətlə mütəxəssis yoxdur. Elə ordaca əmrimi  verib, işə götürdülər”.

 

Bunu AzEdu.az-a müsahibəsində təəssüf ki, hələ də əksəriyyətimizin tanımadığı alim Almaniyanın Köln Universitetinin məzunu, texnika elmləri üzrə fəlsəfə doktoru, konstruktor, texnoloq, 2004-cü ildə Azərbaycanın ilk Milli Peykinin Layihəsinin müəllifi Məzahim Quliyev deyib.

 

Bir neçə ildən sonra isə…

 

Azərbaycanın Milli Peyki mövzusu ortaya çıxanda, nazirlikdə layihəni hansı təşkilatın yazması müzakirə olunanda Məzahim Quliyev - “Başqa təşkilatı niyə axtarırsınız, Layihəni mən yaza bilərəm, ixtisasım budur”-deyərək işə başlayır. Tezliklə Milli Peyk Layihəsi ortaya çıxır.

 

 

 Öz dilindən DOSYE:

 

-Orta təhsilimi 1989-cu ildə Hacıqabul rayonunda   başa vurub, sənədlərimi Azərbaycan Texniki Universitetinə  təqdim etdim. Radiotexnika fakültəsinə qəbul olundum, 1994-cü ildə oranı fərqlənmə diplomu ilə bitirdim.

 

Bakalavriatura səviyyəsindən sonra, AMEA-da aspiranturaya qəbul olundum. Avropa İttifaqının layihəsi çərçivəsində Almaniyaya yollandım. Köln Tətbiqi Elmlər Universitetində tədqiqata başladım. İşlərimin nəzəri hissəsini universitetdə, praktik hissəsini isə “Ford” avtomobil zavodunda keçirdim. Həmin avtomobillərə quraşdırılan GPS  sisteminin üzərində almanlarla birgə işləyirdim. Burada olduğum müddətdə professor U.Langerdən texnologiya sahəsinə aid çox şey öyrəndim. 2 illik müqavilə ilə getmişdim. Kosmik biliyimin əsası da məhz bu proqram vasitəsilə Almaniyada qoyuldu. Daha sonra Azərbaycana qayıdıb, o vaxt Rabitə Nazirliyi adlandırılan qurumda fəaliyyətə başladım. Özüm şəxsən ovaxtkı nazir Nadir Əhmədova ərizə yazdım ki, işə qəbul olunmağıma kömək etsin.

 

Məzahim bəy kosmik istiqamətdə bir sıra kreativ təkliflər irəli sürür, yeni yanaşmaların tətbiqinə çalışır. Amma onun ən böyük uğuru isə... Yaxşısı budur, özünü dinləyək...

 

-Beynəlxalq Telekommunikasiya İttifaqı (İKT sektorunu tənzimləyən orqandır. Mənzil qərargahı Cenevrə şəhərində yerləşir –red.) peyklə bağlı rəy bildirməyim üçün mənim adıma sənədlər göndərirdi.

Daha sonra nazir Nadir Əhmədovla müzakirələrimiz oldu və nəticədə “Milli Peyk” layihəsini yazmağa başladım. Həmin illərdə telekommunikasiya haqda ölkəmizdə kadrlar azlıq təşkil edirdi.

 

SSRİ dövründə Azərbaycanda “Peyk rabitəsi və yayımı” adlı fənn dərs cədvəlində əksini tapsa da,  davamlı şəkildə tədris olunmurdu. Sadəcə, Moskvada mütəmadi keçirilirdi. İttifaqa daxil olan digər ölkələrdəki  kosmik biliklərlə bağlı  gerilik məhz bu səbəbdən yaşandı.

 

L.Kontor adlı alim vardı, - SSRİ peyk proqramları rəhbəri idi - onunla BTİ-də rastlaşdım. O zaman SSRİ dağılmışdı. Bu səviyyəli alimlə eyni auditoriyanı bölüşmək mənə yuxu kimi gəlirdi. Onunla müzakirələrə başladıq, məndən bu sahəni necə və harada öyrəndiyimi soruşdu. Cavabında Almaniyada təhsil aldığımı bildirdim. Kontorla 8 il  eyni komissiyada çalışdıq. Yeganə azərbaycanlıyam ki, peyk sahəsində beynəlxalq komissiyanın üzvü olmuşam.

 

Bir  ay müddətində “Milli Peyk” layihəsini yazdım. Demək olar ki, bütün günümü layihəyə sərf edirdim. Bu layihəyə qədər Azərbaycan seqmentləri müxtəlif ölkələrdən kirayə götürürdü; məsələn, Rusiyadan, ABŞ-dan(İNTERSAT) və s - buna da xeyli vəsait tələb olunurdu.

 

Bu layihəni yazmaqda əsas məqsədim  o idi ki, Azərbaycan özünün informasiya müstəqilliyini əldə etsin.

 

Peyk bizə məxsus olmadığı üçün istənilən vaxt kanalı bağlaya bilərdilər. Buna görə öz peykimiz olmalı idi. Layihəni bitirdikdən sonra tender elan olundu. Dünyanın kosmik nəhəngləri (Yaponiya, Fransa, Rusiya və Amerikan şirkətləri) ilə birbaşa əlaqə saxladım. Bu onların marağını cəlb etdi. Daha sonra həm milli, həm də dünya mətbuatı bu hadisədən və mənim fəaliyyətimdən yazdı. BBC telekanalı da haqqımda videosüjet yayımladı. Dünya nəhəngləri elektron poçtuma şəxsən  məktub yazdılar.

 

M.Quliyevin  layihənin tətbiqi barəsində danışdıqları da çox maraqlıdır:

 

-Əsas məsələlərdən biri kosmik mövqenin əldə olunmasında idi. Sovet dövründə SSRİ-nin 14 kosmik mövqeyi vardı.

 

SSRİ dağıldıqdan sonra həmin mövqelərin hüquqi varisi kimi Rusiya elan olunmuşdu. Digər dövlətlər kosmik mövqesiz qaldı. Bunun üçün Cenevrəyə getdim. Danışıqlardan sonra məlum oldu ki, SSRİ dağıldıqdan sonra Rusiyadan başqa heç bir dövlət kosmik mövqe üçün müraciət etməyib və bu hüquqdan məhrum olunublar. Bu səbəbdən başqa alternativ düşündüm. Kosmik mövqe üçün Azərbaycana ən əlverişli Malayziyadır. Malayziya dördüncü peykindən istifadə etmirdi. 2008-ci ilin noyabrında oraya gedib, danışıqlar apardım. İlk görüş uğurlu alındı və Azərbaycana qayıtdım. Üçüncü görüşdən sonra məsələlərə yekun vuruldu və Azərbaycan üçün kosmik mövqe alındı.

Milli peykimiz Amerikada yığıldı. 2013-cü Fransa Qvianasında yerləşən KURU kosmodromundan milli peykimizi qaldırdıq.

 

“Azərbaycanın Dünya Kosmik Klubunun üzvünə çevrilməsi üçün əlimdən gələni etmişəm”

 

-Vaşinqtondakı fəaliyyətiniz necə başladı? Necə oldu ki, oraya dəvət aldınız?

 

-Azərbaycan həmçinin Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının da  (Baş qərargahı Vaşinqtonda yerləşir-red.) da üzvü idi. Bu təşkilatın Afrikada-Uqandada toplantısı keçirildi. Müzakirə olunan əsas məsələlərdən biri də  təşkilatın Şərqi Avropa üzrə sədr müavini kimin olması idi. Mən  və digər ölkələrdən bəzi nümayəndələrin namizədliyi irəli sürüldü. Səs vermə nəticəsində Azərbaycan nümayəndəsi, yəni mən  sədr müavini seçildim. Təşkilatda  4 il  bu vəzifəni yerinə yetirdim. Azərbaycanın Dünya Kosmik Klubunun üzvünə çevrilməsi üçün əlimdən gələni etmişəm.

 

“Ancaq indi Nigar Camaldan soruşsanız ki,  “Məzahim bəy kimdir?”, tanımayacaq”

 

Azərbaycanın “Avroviziya” müsabiqəsində təmsil olunması üçün Avropa Yayım Zonasına qəbulu labüd idi.  Məzahim Quliyev burada da xidmətinin olduğunu vurğulayır:

 

-Azərbaycanın Avropa yayım zonasına(European Broadcasting Area) qəbul olunması üçün Kopenhagen və Cenevrədə danışıqlar aparmışam. 2 həftə Kopenhagendə, 4 həftə isə Cenevrədə oldum. Məsələni həll etdim. Bunun nəticəsində Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinə qatıldı. Ancaq indi sonradan həmin müsabiqədə qalib gələn müğənni Nigar Camaldan soruşsanız ki,  Məzahim bəy kimdir, tanımayacaq(gülür).

 

Ermənilər burada da bizim əleyhimizə çıxışlar edir, bu işin uğurla bitməsinə mane olmağa çalışırdılar. Bu danışıqlar zamanı mənə vaxtilə “Türk Telekom”un direktoru kimi çalışan Fatih Yurdal çox dəstək oldu. Kopenhagendəki evində məni qonaq etdi və necə çıxış etməli oluğumu  anlatdı.

Bu görüşlərdə istifadə olunan sənədləri hələ də saxlamışam. Bunlar bizim tariximizdir.

 

“Məqsəd odur ki, sub-orbital turistik kosmik təyyarəsi hazırlansın və insanları kütləvi şəkildə kosmik fəzaya qaldırsınlar”

 

-Kosmik dünya bəşəriyyət üçün hansı sürprizləri hazırlayır?

 

-Ötən 2020-ci il təəssüf ki, bir qədər uğursuz başladı. Kosmik layihələrin ən vaciblərindən bir neçəsi həyata keçirilməli idi. Məsələn, NASA-nın 2005-ci ildə başladığı “Constellation” proqramı var. Məqsəd o idi ki, 2020-ci ildə insanlar Ay səthinə çıxacaqdı. Məlumat üçün bildirim ki, 1969-cu ildə Nil Armstrong Aya çıxan ilk və son insan olub. NASA bu il planlaşdırırdı ki, Venera planetinə də avtomatik enmə modulu göndərsin. Pandemiya səbəbindən kosmik aləm üçün kasad il oldu.

 

Hazırda fəaliyyət göstərən kosmik institutlar kosmosu dayanmadan tədqiq edirlər. Sub-orbital peyklər hazırlanır. NASA və Avropanın aerokosmik konserni bu istiqamətdə xeyli inkişaf edib. Kosmik institutlar əsas iki şirkətlə (Blue Origin və Virgin Galactic) çalışır. Məqsəd odur ki, sub-orbital turistik kosmik təyyarəsi hazırlansın və insanları kütləvi şəkildə kosmik fəzaya qaldırsınlar. Gözün üzündə 100 km-i keçirsənsə, artıq atmosfer itir və kosmik fəzada sayılırsan.

 

“İnsanlar 2050-ci ilədək Marsa gedə bilməyəcək”

 

Yerdən başqa planetdə həyat varmı? Yad planetlilərin var olmasına inanırsınızmı?

 

-Canlıların haradasa yaşaması üçün həmin yerdə mikroorqanizm olmalıdır. Heç bir planetdə bu yoxdur. Marsda yaşamaq insanlara  maraqlı gəlir, ancaq ora getmək problemlidir. Ən böyük radiasiya məhz bu planetdədir. Şüalanma çox olduğu üçün onu “Qırmızı planet” də adlandırırlar. Ora getmək üçün 30 mln km yol qət edilməlidir. Düşünürəm ki, insanlar 2050-ci ilədək Marsa gedə bilməyəcəklər.

Elmi əsası olmadığı üçün yadplanetlilərin mövcud olmasına inamım yoxdur.

 

“İnana bilmirlər ki, bu qədər işi mən etmişəm”

 

Həm də pedaqoji fəaliyyətlə də  məşğulsunuz. Bir az da bu haqda danışaq...  

 

-5 ildir ki, pedaqoji fəaliyyətlə məşğul oluram.  Tələbələrimə fəaliyyətim haqda danışanda inana bilmirlər ki, bu qədər işi mən etmişəm. Hazırda ADNSU-da “Kompüter mütəxxəssiliyi” kafedrasının dosentiyəm. BMU və Xəzər  Universitetlərində də saathesabı dərs keçirəm.

 

Kosmik dünyanın sirlərinə Almaniyada təhsil aldığım illərdə yiyələndim. Ora getməsəydim, “Milli Peyk” layihəsini yazmağım çox çətin olardı.

 

-Məzahim bəy, ən sonda 12 Aprel Kosmonavtika Günü ilə bağlı nə kimi təkliflər irəli sürərdiniz?

 

-Çox istərdim ki, bugünkü tarix 12 aprel-Kosmonavtika Günü ilə bağlı maraqlı layihələr, kosmik- inşa müsabiqələri (uzaq kosmos nədir, kosmik fəzada insanlar necə davranmalıdır, yer ətrafı orbitlər nədir, insanlıq hara gedir və s.)  həyata keçirilsin və kosmik Start up lar təşkil olunsun.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları