Ağstafa rayonunun Dağkəsəmən kənd İlqar Salıfov adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Vüsal Həsənov dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul imtahanlarında iştirak edərək rayon üzrə namizədlər arasında ən yüksək bal toplayıb.

 

5 illik pedaqoji təcrübəsi olan Vüsal müəllim bundan əvvəl Lerik və Tovuz rayonlarında ümumtəhsil məktəblərində dərs deyib.

 

“Məqsədim direktor anlayışını, təhsilə yanaşma anlayışını müasirləşdirmək, günümüzün tələblərinə uyğun etməkdir. Düşünürəm ki, köhnə yanaşmaları, sterotipləri aradan qaldırmaq olar. Məktəblərimizdə rəhbər postlarda yaşlı nəsil üstünlük təşkil edir. Bu da insanlarda elə fikir formalaşdırır ki, gənclər idarəçilikdə ya zəifdir, ya da özlərini göstərə bilmirlər. Əslində belə deyil. Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya olub. İndiki müəllimlər də müasir təlim metodlarından istifadə edirlər”, - deyə Vüsal Həsənov bildirib.

 

Ağstafa rayon Aşağı Göycəli kəndində yaşayan Vüsal müəllim hər gün dərs dediyi Dağkəsəmən kəndinə gedib gəlir. İlqar Salıfov adına 2 nömrəli tam orta məktəbdə işə bu tədris ilindən başlasa da, kollektivin rəğbətini qazana bilib. İndi 6, 7 və 8-ci siniflərə coğrafiya fənnindən dərs deyir.

 

Vüsal Həsənov çox iddialıdır. Anası da ingilis dili müəllimi işləyir. Yəqin ki, bu da ona pedaqoji sahəyə maraq göstərməsində təsirsiz olmayıb. Üstəlik direktor vəzifəsinə işə qəbul imtahanından əldə etdiyi uğur onu peşəsinə daha çox bağlayıb. İndi bu arzusuna çatması üçün ikinci mərhələdən – yəni müsahibədən keçmək qalır.

 

27 yaşı iyun ayında tamam olacaq gənc müəllim bu mərhələdən də uğurla keçəcəyinə əmindir: “Mən bu enerjini, potensialı, idarəçilik qabiliyyətini özümdə maksimum şəkildə görürəm. Düşünürəm ki, idarəçiliyə tam hazıram”.

 

Qeyd edək ki, Vüsal Həsənov Gəncə Dövlət Universitetində tarix və coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alıb.