Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-11 13:00:00
Rektor və təhsil adamlarından 5 yaşlı DİM-ə təbriklər: "Daim şəffaflığını qoruyub"

Bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının yaradılmasının beş ili tamam olur.

 

Dövlət İmtahan Mərkəzinin ali məktəblərə, dövlət qurumlarına və s. qəbul prosesinin inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş normativ hüquqi aktların həyata keçirilməsində xüsusi rolu  vardır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olaraq yaradılıb.

 

DİM-in 5 il ərzində gördüyü işlər, ümumilikdə fəaliyyəti ali məktəb rəhbərləri və tanınmış təhsil xadimləri tərəfindən necə dəyərləndirilir?

 

AzEdu.az onların fikirlərini təqdim edir:

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov: “DİM müasir informasiya texnologiyalarını tətbiq etməklə, tələbələr və magistrlar haqqında informasiya resurslarını tam formalaşdıra bilib”.

 

 

“İlk olaraq, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin 5 illik yubileyi münasibətilə başda Meleykə xanım Abbaszadə olmaqla bütün kollektivi səmimi-qəlbdən təbrik edirəm.

 

Qeyd etməliyəm ki, Dövlət İmtahan Mərkəzi  5 illik səmərəli fəaliyyəti ərzində bir çox uğurlara nail olub.

 

Belə ki, sözügedən qurum ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu uğurla həyata keçirir.

 

Yeri gəlmişkən, bir məqamı vurğulayım ki, Bakı Ali Neft Məktəbi yarandığı gündən tələbə qəbulu prosesinə uğurla qoşulub və qəbul prosesində yaradılan şəffaf və demokratik mühit sayəsində cəmiyyətimizin yüksək intellektual potensiallı gənclərinin seçim ünvanına çevrilib.

 

Bundan başqa, ötən müddət ərzində DİM müasir informasiya texnologiyalarını tətbiq etməklə, tələbələr və magistrlar haqqında informasiya resurslarını tam formalaşdıra bilib.

 

Eyni zamanda, heç kəsə sirr deyil ki, Dövlət İmtahan Mərkəzi müasir tələblərə cavab verən yeni dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı istiqamətində də effektiv fəaliyyət qurub. Bunun nəticəsidir ki, dövlət qulluğu sisteminin inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.

 

Fürsətdən istifadə edib, Meleykə xanım Abbaszadə başda olmaqla, Dövlət İmtahan Mərkəzinin bütün kollektivinə geniş spekteri əhatə edən məqsədyönlü fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram”.

 

 

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev: “Bizim ali tədris ocağımız Dövlət İmtahan Mərkəzi ilə  daim səmərəli əməkdaşlıq edir və bu gözəl ənənəni uğurla davam etdirməkdədir”

 

“Aprel ayının 11-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının yaradılmasının 5 ili tamam olur. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası 5 illik fəaliyyəti ərzində dövlət qulluğu üçün peşəkar kadrların seçilməsi, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə tələbə qəbulunun həyata keçirilməsi, həmçinin ali təhsilin doktorantura səviyyəsinə qəbul olmaq istəyənlər üçün xarici dildən qəbul imtahanlarının keçirilməsi, dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanların təşkil olunması istiqamətində əhəmiyyətli işlər görüb, vətəndaşlara daha yüksək xidmət göstərilməsi məqsədilə yeni texnologiyaların tətbiq sahəsini genişləndirərək mühüm tədbirlər həyata keçirib. Ölkəmizin aparıcı ali təhsil müəssisəsi olan Azərbaycan Texniki Universiteti Mərkəzlə daim səmərəli əməkdaşlıq edir və bu gözəl ənənəni uğurla davam etdirməkdədir.

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının 5 illiyini təbrik edir, yeni-yeni uğurlar arzu edirəm!”

 

İctimai Şuranın sədr müavini Nadir İsrafilov: “DİM-in fəaliyyətini daim izləmişəm, aşkarlıq və şəffaflığın bilavasitə şahidi olmuşam”.

 

“Məlum olduğu kimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılılıb. Dövlət İmtahan Mərkəzi  dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilib.

 

DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.

 

Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edir. Mərkəz yarandığı gündən müxtəlif ixtisas sahələrinə aid 100-dən çox imtahanı keçirmək hüququ əldə edib və beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib. İmtahanlar onlayn və kompüter-əsaslı qaydada təşkil olunur və DİM Azərbaycanda müvafiq lisenziyanı əldə edən ilk qurumdur.

 

Bir təhsil eksperti olaraq dəfələrlə Mərkəzin keçirdiyi müxtəlif tədbirlərin, müzakirələrin, debatların iştirakçısı olmuşam. DİM-in fəaliyyəti ilə sıx bağlılığım bu qurumda aşkarlıq və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə fikir söyləməyə əsas verir. 2017 ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası tərəfindən buraxılış imtahanları materiallarının emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, eləcə də görülən işin şəffaflığının təmin edilməsi məqsədilə mənim də daxil olduğum İctimai Şura yaradılıb. Şuraya üzv olmaq üçün müvafiq elan verilib və 40-dan artıq QHT, təhsil eksperti, müəllim və KİV-lərin nümayəndələri üzv olmaq üçün müraciət ediblər.

 

Qeydiyyatdan keçən şəxslərin özləri haqqında təqdim etdikləri məlumatlar araşdırıldıqdan sonra DİM Direktorlar Şurası tərəfindən şura üzvləri formalaşdırılıb.

 

Dəfələrlə DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza zallarında, qapalı şəraitdə, kompüter vasitəsilə markerlər tərəfindən imtahan yazı işlərinin yoxlanılması prosesini izləmişik, DİM Apelyasiya komissiyasında İmtahan nəticəsindən narazı olan məzunları dinləmişik. Prosesi izləyəndən sonra öz təəssüratlarımızı bölüşmüş, DİM  keçirdiyi imtahanların bütün mərhələlərində təhsil ictimaiyyətinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə, ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm verdiyinin şahidi olmuşuq.

 

Düzdür 1992-ci ildə Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kimi yarandığı və 2016-cı ildən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi kimi fəaliyyətə başladığı illərdən bəri bu  qurum zaman-zaman haqlı-haqsız tənqidlərə, qarşılıqlı ittihamlara da məruz qalıb. Bununla belə, daim işini təkmilləşdirib, yeniləşdirib, zona müşavirələri keçirib, bütün narazılıq və narahatçılıqlara operativ şəkildə reaksiya verib, yaranan suallara aydınlıq gətirməyə çalışıb, ümumi ictimai rəyə hörmətlə yanaşıb.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin də dediyi kimi Azərbaycanda təhsil sistemi təhsil alanların maraqlarını müdafiə etməlidir, təhsil sisteminin, təhsil sistemində işləyənlərin yox. Mənim isə üzərimə DİM-in 5 illik fəaliyyətinin tamam olması ilə əlaqədar bu Dövlət qurumuna uğurlar arzulamaq missiyası düşür”.

 

 

 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov: “DİM-in uğurlu fəaliyyəti növbəti illərdə də davam edəcək”.

 

“DİM  Azərbaycanda təkcə tələbə qəbulunu yox, eyni zamanda dövlət qulluğu üçün kadrların seçilməsi, ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələri üzrə, həmçinin kolleclərə  qəbul imtahanlarını həyata keçirən qurum kimi fəaliyyətə başladı. DİM-in  funksiyaları xeyli genişlənib. Sələfi olaraq yaradılmış TQDK-nın fəaliyyətindən daha böyük səlahiyyətlər verildi.

 

DİM publik hüquqi şəxs kimi birbaşa dövlətdən asılı olmadan fəaliyyətini qurmaq istiqamətində yeni nümunəni təsdiq etmiş oldu. Mütəmadi olaraq abituriyentlər, bakalavr, magistrlar, həmçinin dövlət qulluğuna hazırlaşanlar üçün mükəmməl pratiki vəsaitlər nəşr etdirir. DİM-in ictimaiyyətlə əlaqələri də təqdirə layiqdir. DİM-in nəzdində İctimaiyyətə Nəzarət Şurası  fəaliyyət göstərir. Bu qurum daim yeni təcrübələri ortaya qoyur, innovasiyalara xeyli açıqdır. Düşünürəm ki, DİM-in uğurlu fəaliyyəti növbəti illərdə də davam edəcək. 5 illik yubileyi münasibəti ilə bütün DİM kollektivini təbrik edirəm, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”.

Firayə Allahverdiyeva, Ayşən Mustafayeva