Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-09 12:00:00
Nizami irsinin milli və bəşəri ideyaları geniş şəkildə öyrənilir və öyrədilir  

“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar

 

 

Aprelin 5-də “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib.  Vebinar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Nizami Gəncəvi İli”nin elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrildiyini, eyni zamanda klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğunu bildirib.

 

Vebinarda çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə Azərbaycan üçün deyil, türk, Şərq və dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Bu Sərəncam Azərbaycanın ədəbi və bədii irsinə dövlətimizin ən ali formada ehtiramının göstəricisidir.  2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin irsinin tədqiqi və təbliği işinə yeni təkan verəcək, yubiley tədbirləri istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda ən yüksək səviyyədə qeyd olunacaq, bütün dünyada sözün və idrakın bayramına çevriləcək.

 

Vebinarda Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək son dərəcə vacib məsələyə həsr olunan bu tədbirdə iştirakçıları Təhsil Nazirliyi adından salamlayıb, Əqli Mülkiyyət Agentliyinin rəhbərliyinə və digər tədbirə dəstək verənlərə belə dəyərli təşəbbüsə görə minnətdarlığını bildirib.

 

Firudin Qurbanov qeyd edib ki, 2021-ci ildə qüdrətli söz və fikir ustadı, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dünya bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəvi mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.

 

Fərəhləndiricidir ki, 2021-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildi. Bu, qədim mədəniyyətimizin incilərinə, onların qorunub saxlanmasına, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə dövlətimizin və dövlət başçısının yüksək münasibətinin təzahürüdür.

 

Nazir müavini diqqətə çatdırıb ki, əsərləri yüzilliklərdən bəri sevilə-sevilə oxunan, bu gün də ürəkləri fəth edən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin ən mühüm nüsxələri dünyanın müxtəlif kitabxanalarında və əlyazma saxlanclarında mühafizə olunur. Bu, Nizami irsinin mütaliə dairəsinin bariz göstəricisidir. Böyük şairin yaradıcılıq nümunələri dünyanın ən parlaq zəka sahibləri tərəfindən öyrənilib və hazırda da öyrənilməkdədir. Şairin əsərləri dünyanın müxtəlif ölkələrində fərqli dillərə tərcümə olunaraq nəşr olunub. Bununla yanaşı, onun ədəbi irsi həm də qədim tarixə, mükəmməl ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olub, xalqımızın fəxri, milli iftixarı, bütün türk dünyasının qürur mənbəyidir.

 

F.Qurbanov bildirib ki, Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin incilərindən olub, onun zirvəsində dayanır. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülmüş, çox sayda tədqiqatlar aparılmış, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır.

 

1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başladığını vurğulayan F. Qurbanov qeyd edib ki, həmin mərhələ bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Nazirlər Sovetinin 1979-cu il 6 yanvar tarixli qərarı bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır.

 

Heç təsadüfi deyil ki, YUNESKO 1991-ci ili “Nizami ili” elan edib. Bu gün İngiltərədə Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi fəaliyyət göstərir.

 

Hesab edirik ki, “Nizami Gəncəvi İli”ndə də dünya ədəbiyyatı xəzinəsinə nadir sima kimi daxil olmuş görkəmli filosof, mütəfəkkir və söz sənəti mülkünün sultanı Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə böyük ustadın sənət dünyasına yenidən nəzər salınacaq, yetişən nəslə təqdim olunacaqdır.

 

Araşdırmalar göstərir ki, Nizami Gəncəvi xalq yaradıcılığına tükənməz bir xəzinə kimi baxıb, folklor nümunələrindən öz fikirlərini xalqa daha yaxşı çatdırmaq üçün ustalıqla istifadə edib.

 

Nazir müavini Vətənə, xalqa xidmət haqqında düşünürüksə, Nizamidən öyrənmək, onun əsərlərini oxumaq, duymaq, hikmət çeşməsindən dadmaq və əməl etmək kifayətdir - qənaətini tədbir iştirakçıları ilə bölüşüb.

 

Nizami böyük həvəslə Azərbaycanın gözəl təbiətini təsvir edir. Şairin poemalarında Gəncənin, Bərdənin, Şirvanın, Muğanın sözlə yaradılmış möhtəşəm peyzajını görə bilirik. “Xəmsə”də Azərbaycanın bugünkü coğrafiyası üçün xarakterik olan yer adlarına, toponimlərə, oykonimlərə, oronimlərə, hidronimlərə tez-tez rast gəlirik. F.Qurbanov əlavə edib ki, “Xosrov və Şirin”də, “İskəndərnamə”də xalqımızın qədim adət-ənənələrindən söz açılır, süfrə mədəniyyətimiz, qonaq qarşılamağımız, düşmən belə olsa, qonaqdırsa, ona ehtiramla davranmağımız bədii nümunələrlə məhz azərbaycanlı obrazların simasında təqdim olunur.

 

Nizami əsərlərini fars dilində qələmə alsa da, onlarda kifayət qədər türk sözlərinə rast gələ bilirik. Şair bəzən Azərbaycan atalar sözü və zərb-məsəllərini fars dilinə hərfi tərcümə edərək əsərlərinə daxil edir. Bu da bir daha onu sübut edir ki, Nizami türkcə düşünüb farsca yazıb.

 

Deyilənlərdən çıxış edərək qürur hissi ilə söyləyə bilərik ki, Nizami Gəncəvinin yaradıcılığı: “Xəmsə”sinə daxil olan poemalar və lirik irsi Azərbaycan xalqının milli-mənəvi sərvəti, əqli mülkiyyətidir.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışının sonunda bildirib ki, bu gün müstəqil Azərbaycanın ümumtəhsil məktəblərində Nizami irsi layiqincə tədris edilir və hər yeni gün onu müasir gənclərimizə daha da yaxın etmək imkanları barədə düşünülür, Nizami irsinin milli və bəşəri ideyaları geniş şəkildə öyrənilir və öyrədilir.

 

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva,  İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Əkmələddin İhsanoğlu, ISESCO-nun sabiq baş direktoru  Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru Vüsal Qasımlı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri Elnur Əliyev və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək vebinar çərçivəsində müzakirə olunan önəmli məsələlərin, səsləndirilən fikirlərin tədbirin işinə töhfəsini verəcəyini vurğulayıblar.

 

Sonda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşər dünyasının mədəni sərvətidir” mövzusunda geniş məruzəsi dinlənilib.