Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Təhsil hamı üçün” adlı onlayn təlim keçirilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, təlim UNESCO-nun “təhsil hamı üçün” prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanması məqsədilə keçirilib.

 

Təlimdə Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva spiker kimi çıxış edib. O, COVID-19 pandemiyasına görə tətbiq edilən distant təhsil və onun təşkili, bu istiqamətdə Təhsil İnstitutunun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib.

 

Ü.Babayeva tədbir iştirakçılarının distant, əyani və hibrid model təhsil haqqında fikirlərini bildirməsi üçün sorğu keçirib. Pandemiya ilə bağlı müxtəlif beynəlxalq təşkilatların keçirdiyi tədqiqatlar və həmin tədqiqatların nəticələrinə əsasən ictimaiyyətə təqdim olunan tövsiyələrin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Təhsil İnstitutunun UNICEF ilə birgə həyata keçirdiyi “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" layihəsi və onun mövcud vəziyyətdə təhsilin təşkilinə verdiyi dəstək qeyd olunub.

 

Təlimdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Təhsil İnstitutu, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları, həmçinin şəhər və rayon Uşaq-Gənclər İnkişaf mərkəzlərinin pedaqoji heyəti olmaqla 50-yə yaxın nümayəndə iştirak edib.