Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-08 11:43:00
İş tapa bilməyən tələbələr üçün “ Qızıl məsləhətlər” - Təhsil söhbəti

"Diplomumuz sandıqda toz basır"

 

Belə bir məsəl var.

 

. Həqiqtən gənclər diplomlarını sandığa qoyulması,  toz basması üçün 4 il universitet, 2 il magistr təhsili alırlar. Təhsilin daha yüksək pilləsinə qalxanları sadalamıram. Hazırda ən problemli məsələlərdən biri gənclərin iş tapa bilməməsidir. Xüsusilə də ali təhsilli gənc kadrlar öz ixtisasları üzrə iş tapa bilmirlər.

 

Məsələ ilə bağlı  yazıçı, jurnalist, AzEdu.az təhsil portalının baş redaktoru  Elmin Nuri  "Olaylar"a müsahibə   verib.

 
-Gənclər, tələbələr iş tapmaqda nə üçün çətinlik çəkirlər? Əsas səbəblər nədir?

 

-Bugünkü  dünyada təhsilin əsas meyarlarından biri marketinq, menecment və onun bazar iqtisadiyyatı tələblərinə cavab verməsidir. Hazırda dünyada təhsil və biznes əlaqələndirilməsi əsas önərilən meyarlardan hesab olunur. Təhsil, maarif mahiyyət olaraq ali səviyyədir, onun tətbiq dairələri arasında 21-ci əsrin tələbi olan biznes elementləri dayanır.

 

Biz bunu çağdaş dünyada Avropa, Amerika, həmçinin Şərqin Yaponiya, Cənubi Koreya, Sinqapur modelləri əsasında aydın görə bilirik. Təhsil artıq bəzi istiqamətlər kimi tələb və təklif cavablarına uyğun olaraq hərəkət edir. Bu gün tələbənin seçdiyi ixtisas bazar iqtisadiyyatının tələblərinə nə qədər cavab verir?

 

Əsas sual budur. Hesablayıblar ki, 2050-ci ilə qədər hazırda var olan ixtisasların 60% - i olmayacaq. Bu o deməkdir ki, artıq dünyanın maraq dairəsi, dünyanın tələb mexanizmləri tamamilə dəyişir və insanlar da ona uyğunlaşmalı, ayaqlaşmalıdır.

 

Bir çox gənclər abituriyent ikən imtahan verirlər. Və müəyyən bal toplayan abituriyent ən böyük çətinliyi ixtisas seçimi zamanı yaşayır. Təəssüflər olsun ki, yalnız bir məram var. İxtisas seçməyə kömək edən valideyn yalnız "mənim övladım harasa düşsün" arzusu ilə seçim edirlər. İxtisas fərq etmir. Amma həmin abituriyent seçdiyi, lakin mahiyyətini dərk etmədiyi ixtisasa qəbul olur. Universitet illərndə fərqinə varır ki, seçdiyi ixtisasla maraq dairəsi arasında yer və göy qədər fərq , uçurum var. Bu fərq həmin tələbənin özülünü udur. Gənclər  özünə uyğun olmayan seçdiyi ixtisasla özünü batırmaqdadır. Buna görə gənclər iş tapmaqda çətinliklərlə üzləşirlər.

 

 -İş həyatı üçün hansı bacarıqların olması vacibdir?

 

Bu günün gənci oxuduğu ixtisasdan asılı olmayaraq əsas işi özünə hədəflər proqramı hazırlamasıdır. Gənclər həmin hədəflər proqramı çərçivəsində hərəkət etməlidirlər.Həmin proqramda müəyyən bölgülər, uğura aparacaq yolun xəritəsi olmalıdır. Özünün həyat təcrübəsi, intellektual biliyi bunu etməyə kifayət etməzsə yardımçı vasitələr - xüsusi işgüzar ədəbiyyat vasitələri, koçların tövsiyyələrindən ibarət xüsusi jurnallar, kitablar, internet materialları mövcuddur. Hədəflər proqramının içərisində yer tutan əsas məsələ iş həyatı olmalıdır. İş həyatına aparan yol, uğurlu iş necə qurulur? Bu barədə cədvəl   olmalıdır.Və bu cədvəldə nəzərə alınacaq əsas meyarlar bacarıqlardır.

 

Gənclər bazarın tələb və təklifi mexanizmi üzərində təhlil aparıb, həmin tələblərin hansı bacarıqlar üzərində qurulduğunu aşkar etməlidir.

 

Hazırda idarəetmə fakültəsində oxuyan tələbələrə layihələrin idarə edilməsi ilə bağlı güclü, xarici mütəxəssislərdən aldığı 3 aylıq kurs daha əlverişlidir, nəinki bakalavriat  səviyyəsindən sonra alacağı magist təhsili.  Onu da qeyd edim ki, bugünki peşələrin çoxu praktika tələb edir. Gənclər iş həyatını uğurlu qurmaq üçün tətbiq bacarıqları əsasında düşünməlidir. Öyrəndiklərini nəzəriyyəni tətbiq etmə sahəsində istifadə edə bilən gənclər öz xəritələrini uğurlu çəkmiş olacaq.

 

 -Ali təhsil müəssisələrində öyrədilən bilik və bacarıqlar iş dünyasında demək olar  kifayət etmir. Bunun əsas səbəbləri nədir?

 

-Bütün ali təhsil müəssisələrinə aid etmək olmaz. Onların da profilləri var.Müəyyən  spesifik sahə ilə bağlı Tibb Universiteti, İqtisad Universiteti,  Bakı Mühəndislik Universitetini  misal göstərmək olar.  Və ümüumi profili olan universitetlərə  BDU, MDU, GDU -nu qeyd etmək olar. 

 

Burada əsas problem tələb və təklif prinsiplərinlərin, bazar maraqlarının həmin universitetlərin öyrətdiklərindən kənarda qalmasıdır. 21-ci əsrin 21-ci ilini yaşayırıq. Bugünün tələbləri nədir? , Gələcəyə baxış nədir? Bu kimi suallar üzərində universitet  rəhbərlikləri düşünməlidr.  Bugünki universitetlər  istehsalat müəssisəsi rolunu oynamalıdr. 

 

Bəli, universitelərin öyrətdikləri iş dünyası üçün qənaətbəxş deyil. Çünki bazarın öz tələbləri var. Universitet öz fəaliyyət proqramını, inkişaf mexanizmini həmin tələblər üzərində quracaqsa, dünya təcrübəsindən müsbət tendensiyaları özünə tətbiq edəcəksə, o açıq bazarı, iş dünyasının qapılarını tələbələrə açmış olacaq. Bugünün tələbəsi sabahın məzunudur. Universitetlərin ən böyük çatışmazlığı məzunlar birlyinin olmamasıdır. Tələbə universiteti bitirir və diplomu aldıqdan sonra da sağollaşır. Lakin belə olmamalıdır. Tələbənin universitetlə bağlı həyatı məhz onun məzunluq dövrünə təsadüf etməlidir. Dünyanın tanınmış və böyük universtetlərində belədir. Oxford, Kembric, Sinqapur Universiteti və s. Həmin universitetlərdə  uğurlu məzunlar ictimai birlik kimi təşkilat yaradırlar. Öz təcrübələrini, iş dünyasındakı bilik və bacarıqlarını hazırki tələbələrə öyrədirlər. Onların arasında olan qarşılıqlı əməkdaşlıq cari tələbələr üçün böyük fürsət hesab olunur.

 

Universitet bu gün qapılarını iş dünyasına açıq elan etməlidir. İş dünyası ilə istehsalat dünyası, açıq bazar arasındakı dəhliz daha da genişlənməlidir. 

 

-İş üçün müraciət edən hər bir gəncə "təcrübən var" sualı verilir. Nəyə görə təcrübəsiz gənclərin bilik və bacarıqlarını sınamaq istəmirlər?

 

-Bunun özəyini universitetlərdəki yanlış strateji xətt təşkil edir. Gənclər üçün bakalavr mərhələsi staj mərhələsi olmalıdır. Yəni diplomunu alan hər bir tələbə işə hazır kadr kimi getməyi özünə əsas vəzifə bilməlidir. Hazırda bizdə çox az sayda tələbə iş dünyası üçün hazır kadr kimi yetişir. Bunun kökündə yalnız universitet problemi deyil, tələbənin yaratdığı problemlər də durur. Tələbələr 4 illik strateji hədəfini özü üçün müəyyən etmir. Gənclər hazırlamalı olduğu hədəflər planını təyin etmir. Yalnız universitet dərsləri ilə kifayətlənməyib müəyyən təlimlərdə, seminarlarda iştirak edərək iş dünyası üçün bilik və bacarıqlar toplaya bilərlər.

 

Mənə də bu sual maraqlıdır. Nəyə görə gənclərimiz təcrübəsiz olmalıdır?

 

Axı 4 il az müddət deyil. Bu müddət ərzində özünün nəzəri biliklərini praktiki cəhətdən sınamalıdır.

 

-Hər bir iş müraciəti üçün xüsusi müsahibə mərhələsi olur. Gənclər həmin müsahibə üçün necə hazırlaşmalı? Hansı suallara cavab axtarmalıdırlar?

 

-İş dünyasına addım atacaq hər bir kəs bilməlidir ki, kimlərləsə diskusiya edəcək və müəyyən suallara cavab verəcək. Yəni müsahibə mərhələsində iştirak edəcək. Öz konkret hədəfləri olan gəncləri bu mərhələ nadir hallarda qorxudur.  Bu mərhələyə çatmaq üçün tələbənin etməli olduğu bir sıra meyarlar mövcuddur. Əvvəlcə gənclər özlərinin təhlil, analitik qabiliyyətini genişləndirməlidir. Bunun üçün müxtəlif ədəbiyyatlardan, internet vasitələrindən bəhrələnə bilərlər. Tələbə  niyə, nə üçün sualları üzərində düşünməlidir. Müsahibə mərhələsində olan hər bir kəs bilməlidir ki, ondan nə tarixdəki hər hansısa bir döyüşün vaxtı və yaxud bir şairin ölüm ildönümünü soruşmayacaqlar. Müsahibə mərhələsində əsas analiz və tətbiqetmə qabiliyyətinin necəliyi öyrənilir. Çoxsaylı işgüzar motivasiya ədəbiyatlarını oxuyub faydalana bilərlər. Bir neçəsinin adını qeyd edəcəm. Napoleon Hill, Robın Sharma,  Brayan Tracy və s. kimi müəlliflərin kitablarından faydalana  bilələr. Azərbaycanda da Nadir Adilman, Rövşən Abdulloğlunun  kitablarına  müraciət etmək olar. 

 

-Gənclər işə qəbul olunmursa günah gənclərdə, yoxsa  işəgötürənlərdədir?

 

-Mən əvvəlki sualların cavablarında gənclərin etdiyi səhvlərdən bəhs etdim. Lakin sadəcə gənclərdə səhv görmək düzgün deyil. İşəgötürənlərin özlərində də müəyyən səhvlər olur. Hər bir işə götürən müəssisə rəhbəri, layihə komanda şefi istəyir ki, onun komandasının bütün üzvləri bir-birini tamamlayan bilik, bacarıq, istedad  və faydalılıq əmsalına görə bərabər olan şəxslərdən qurulsun. Lakin bizdə işəgötürənlər arasında şans verməmək halları da mövcuddur. Təəssüf ki, bu bəzi məqamlarda çoxluq təşkil edir. Bu gün hər bir şəxs kimi işəgötürənin də özünün hədəf kodeksləri var. O istəyir ki, bu kodeksə çatmaq üçün səmərəli, fayda gətirə biləcək şəxslərdən yararlansın. Bu onun haqqıdır. Amma bir detal var. Qurulan hər bir komanda əgər güclü fərdlərdən ibarətdirsə zəif bəndi də güclü etmək qabiliyyətinə malikdir. 

 

Əlbəttə, hər bir gəncin özünü inkişat etdirməyi və iş dünyası üçün hazır kadr kimi yetişməyi arzuolunandır. Amma team liderlər təcrübəsiz şəxsləri də işə götürüb hazır kadr kimi yetişdirməyə maraqlı olmalıdır.

 

Ülkər Abdurahmanlı

Olaylar.az