Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “CN Group” arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz edilmiş, elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli kadr və resurslara malik tərəflər başlıca olaraq müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması, eləcə də keyfiyyətə nəzarət istiqamətində birgə fəaliyyət göstərəcəklər. Belə ki, neft–qaz sektorunun iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılacaq şərait müvafiq istiqamətlər üzrə təhsilalanların sənayenin ehtiyaclarına uyğun kadr kimi formalaşmasına birbaşa dəstək verəcək. Həmçinin əməkdaşlıq çərçivəsində Mərkəzdə mövcud istiqamətlər üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirakı, yeni istiqamətlər üzrə tədris proqramlarının hazırlanmasına dair rəylərin alınması, təlim və personal sertifikatlaşdırma proqramlarının həyata keçirilməsi, müvafiq bilik və bacarıqların qiymətləndirilməsi, eləcə də təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilən tələbələrin işlə təmin olunması nəzərdə tutulur.

 

Qeyd edək ki, hər iki tərəfin əməkdaşlığı nəticəsində birgə perspektiv layihələr hazırlanacaq.