İqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi. Məlum olduğu kimi, bu problemlər yalnız BMT işçiləri, təbiəti mühafizə təşkilatlarının fəalları və kiçik ada dövlətlərinin sakinlərini narahat etmir.  Yer üzündə yaşayanların 67 faizi qlobal istiləşmə və fauna və flora növlərinin sürətlə yox olmasından narahatdır.

 

"Dünya 2030-cu ildə" adlandırılmış sorğuda 15 min nəfər iştirak edib. Sorğuya ilk növbədə gənclər maraq göstəriblər – sorğu keçirilən zaman respondentlərin 57 faizinin 35 yaşı belə tamam olmayıb.

 

Əhəmiyyətinə görə ikinci qlobal problem, planetin sakinlərinin fikrincə, münaqişələr və zorakılıqdır. Üçüncü yerdə ayrı–seçkilik və bərabərsizlik, dördüncü yerdə - su, ərzaq və mənzil çatışmazlığı yer alır.

 

Dünya problemlərinin həllinə gəldikdə isə, bir çox respondentin bəyan etdiyi kimi, bunun üçün yaxşı təhsil gərəkdir. Planetin əksər sakinləri, həmçinin qlobal məsələlərin həlli üçün beynəlxalq əməkdaşlığın vacib olduğunu düşünürlər. Lakin sorğuda iştirak edənlərin yalnız 25 faizi ölkələrin bir-biri ilə razılığa gələ biləcəklərinə inanır.

 

UNESCO ekspertləri, həmçinin insan həyatının hansı sahələrinin yaxın onillikdə prinsipcə dəyişməli olduğunu müəyyənləşdirməyə çalışıblar. Respondentlərin 47 faizi pandemiya fonunda təhsil sahəsində ciddi islahatların həyata keçirilməli olduğunu bildirib.

 

İnsanlar təbiətə də münasibətini köklü şəkildə dəyişməlidirlər. Respondentlərin 45 faizi belə hesab edir. Planetin sakinlərinin daha 40 faizi düşünür ki, elmi sahədə əməkdaşlığa və məlumat mübadiləsinə daha çox diqqət yetirmək lazımdır.

 

Şərqi Avropa regionunda UNESCO-nun sorğusunda təxminən 2 min nəfər, əksəriyyəti, 62 faizi qadın olmaqla, iştirak edib. Məlum olduğu kimi, bu regionun sakinlərini başqalarından daha çox dezinformasiya və söz azadlığının məhdudlaşdırılması, həmçinin miqrasiya və mobillik kimi məsələlər narahat edir.

 
AZƏRTAC