Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-05 13:11:00
“Bəzi valideynlər  özlərini  məsuliyyətdən uzaqlaşdırmaq üçün  bu qərardan narazılıq edirlər” – Hikmət Əlizadə

 

 

“Başqa ərazilərdə də yoluxma sayı  artsa, o zaman həmin bölgələr də distant təhsilə keçməlidir”.

 

Bunu AzEdu.az-a açıqlamasında  bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, professor Hikmət Əlizadə deyib.

 

O, nazirliyin keçirdiyi  ictimai rəy sorğusu və buna uyğun olaraq 5 bölgədə tədrisin distant formaya keçirilməsinə münasibət bildirib:

 

“Bakı və digər 4 şəhərdə təhsilin distant formaya keçməsini düzgün qiymətləndirirəm. Düşünürəm ki, bu çox vaxtında atılmış addımdır. Şagirdlərin sağlamlığı qorunmalı, amma buna paralel olaraq distant təhsilin imkanları da genişləndirilməlidir. Bu tədris forması pandemiya səbəbindən yaranan arzuolunmaz vəziyyətdən yeganə çıxış yolu idi.

 

Qərar  statistik  məlumatlara uyğun olaraq qəbul olunub, təsadüfi seçimlə deyil. Çünki bu 5 ərazidə daha çox yoluxma hallarına rast gəlinir. Əgər başqa  yerlərdə də yoluxma sayı  artsa, o zaman həmin bölgələr də distant təhsilə keçəcək.

 

İndidən gələcək ayların təhsil planlaşmalarını demək çox çətindir. Amma böyük fəxr hissi ilə qeyd edərdim ki, Azərbaycan müəllimləri qısa zamanda onlayn təhsilin  xüsusiyyətlərini əxz edə biliblər. Bu gün bizim müəllimlərimiz nəiinki öz dərslərini, hətta müxtəlif tədbirləri də onlayn şəkildə təşkil edirlər.  ZOOM və TEAMS proqramları vasitəsi ilə şagirdlər dərslərə qoşulmaq imkanı qazanırlar. Müəllimlər bu geniş imkanlardan  yararlanıb, onlayn dərsin keyfiyyətini ənənəvi tədrisin səmərəsinə yaxınlaşdırmağı bacarıblar.   

 

Hikmət Əlizadə valideynləri daha məsuliyyətli olmağa çağırır:

 

“Şagirdlərin  təhsili  həm valideyn, həm də müəllimlərin məsuliyyəti altındadır. Şagird məktəbdə olarkən müəllimin diqqəti  daha çox ona yönəlir,  evdə isə  onlayn dərsə nəzarəti valideyn həyata keçirir. Düşünürəm ki, bəzi valideynlər bu məsuliyyətdən özlərini uzaqlaşdırmaq üçün  həmin qərarlardan narazılıq edirlər. Hər bir valideyn ilk növbədə öz övladının təhsilinə diqqət göstərməlidir. Şagird məktəbdə günortaya qədər vaxt  keçirir,  günortadan sonra isə o evdə olur. Əgər valideyn günortadan sonra övladının dərslərə necə hazırlaşmasına nəzarət edə bilmirsə, hansısa nəticə qazanıla bilməz. Dərslərini  yaxşı öyrənməyən şagirdlər məhz belələrinin övladı olur. Valideynlər pandemiya vəziyyətində övladlarının sağlamlıqları naminə  məsuliyyətlərini bir az da artırmalıdırlar. Onlar övladları ilə daha çox məşğul olmalı və dərslərinə   nəzarət etməlidilər.

 

Bəzən iddia edilir ki, uşaqların kompüter qarşısında çox vaxt keçirməsi onların sağlamlıqlarına ziyan vurur. Mən bu fikri qəbul  edirəm. Amma gəlin, qəbul edək ki, bütün gün uşaqların telefon və müxtəlif oyunlarla vaxt keçirməsi də onların sağlamlığına zərər göstərir. Lakin onlayn təhsil övladlarımızın telefondan boş-boş istifadəsinin qarşısını alır. Düşünürəm ki, bu şagirdlərdə daha yaxşı vərdiş yarada bilər. Onlar gələcəkdə  bu yolla kompüterin imkanlarından daha düzgün yararlana bilərlər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları