Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-03 13:54:00
Rəqəmsal texnologiyalar və yeni bacarıqlar təmin olunmalıdır  

Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” XXI əsrin tələblərinə uyğun təhsil sisteminin məqsədlərinə çatmağı da əhatə edir. Milli Prioritetlər, eləcə də gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməsini, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqların, ixtisasların və peşələrin verilməsini vəzifə kimi müəyyən edir.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat verib.

 

R.Əzizov qeyd edib ki, 2019-2020-ci tədris ilindən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan “STEAM Azərbaycan” layihəsinin əsas məqsədi şagirdlərimizdə XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıq etmə, effektiv ünsiyyət, proqramlaşdırma və texnologiya savadlılığı, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsidir. Hazırda “STEAM Azərbaycan” layihəsi ölkə üzrə mərkəzlə yanaşı, Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla 45 regionda 147 ümumtəhsil məktəbindən 25 mindən çox şagird və 800 müəllimi əhatə edir. COVID-19 pandemiyasının davam etməsinə baxmayaraq, layihə uğurla həyata keçirilir.

 

Belə ki, əgər VI siniflər üzrə məzmuna keçən tədris ilindən “STEAM ilə tanışlıq”, rəqəmsal incəsənət - “Tinkerkad və 3D çap”, müxtəlif mühəndislik modulları (mexanika, ekologiya, elektrik mühəndisliyi), birplatalı mini kompüterlərdə (Micro:bit) kodlaşdırma kimi modullar daxil idisə, bu ildən həmin məzmuna 3D qələmlə işləmə bacarıqları və müxtəlif kiçik layihələrin yerinə yetirilməsi kimi yeni məzmun əlavə edilmişdir.

 

Pandemiya dövründə Təhsil İnstitutunun üzərinə böyük məsuliyyət və yerinə yetirilməsi zəruri olan işlər düşür. Pandemiya rəqəmsal təhsilə keçidi sürətləndirir və bütün təhsil iştirakçılarının fəaliyyətində müəyyən dəyişiklikləri şərtləndirir. Bu istiqamətdə təhsilverənləri dəstəkləmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutu UNICEF ilə birgə “Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi” adlı layihə həyata keçirib. Layihə çərçivəsində ilkin olaraq şagirdlərin öyrənmə qabiliyyətini və müəllimə dəstəyi artırmaq, effektiv məktəb fəaliyyətini təmin etmək, distant mühitdə lazımi tədris və qiymətləndirmə strategiyalarının tətbiqi üçün təlimatlar, distant dərsin qiymətləndirilməsi üçün meyarlar və s. hazırlanmışdır. Eyni zamanda, müəllim, məktəb rəhbərliyi və yerli təhsili idarəetmə orqanlarının nümayəndələrinə distant təhsilin təşkili, e-təhsil resursları və alətləri, distant təhsilin monitorinqi və s. mövzularda təlimlər və vebinarlar keçirilmişdir. Həmçinin, COVID-19 pandemiyası dövründə və sonrasında istər məktəb, istərsə də evdə tədrisin effektiv təşkilinə dair müxtəlif resurslar - video təlimatlar, şagirdlərə ilkin psixososial dəstək göstərilməsi ilə bağlı müəllim və valideynlər üçün tövsiyələr hazırlanıb.

 

Düşünürük ki, yaxın gələcəkdə pandemiya bitsə də dünyada rəqəmsal təhsilə keçid sürətlə davam edəcək. Bu baxımdan, Təhsil İnstitutu rəqəmsal təhsilə dair strateji prioritetlərin müəyyən olunmasında da yaxından iştirak edir. Mövzu üzrə kiçik araşdırma aparılmış və müxtəlif ölkələrin təcrübəsinə baxılmışdır. Rəqəmsal təhsilin inkişafı üçün müvafiq hüquqi-normativ baza genişləndirilməlidir. Belə ki, təhsil müəssisələrinin rəqəmsal idarəolunmasının təmin edilməsi və mərkəzləşdirilmiş sistemlərin istifadəyə verilməsi vacibdir. Rəqəmsal təhsil ekosisteminin qurulması, təhsil müəssisələrinin ehtiyaclarının müəyyənləşdirilməsi və təhsil işçilərinin bacarıqlarının təkmilləşdirilməsi təmin olunmalıdır. Təhsilalanların rəqəmsal bacarıqlarının gücləndirilməsi, təhsil proqramlarının adaptasiya olunması, məlumatların mütəmadi yığılması və görülən tədbirlərin təsirinin ölçülməsinin prioritetlər sırasında olacağına inanırıq.