Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-02 15:36:00
Nazirlik və Qərargah  məktəblərlə bağlı qərarı tam vaxtında verdi” – Asif Cahangirovdan proqnozlar

 

 

“Nazirlər Kabineti yanında Operativ Qərargah və Təhsil Nazirliyinin tədrislə bağlı qərarlarını dəstəkləyir və onları yerində atılan addım   hesab edirəm”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Əməkdar müəllim Asif Cahangirov deyib.

 

O, nazirliyin keçirdiyi ictimai rəy sorğusunu və buna uyğun olaraq 5 bölgədə tədrisin distant forması ilə  əvəzlənməsinə münasibət bildirib:

 

“Koronavirus bütün cəmiyyətlərdə birmənalı olaraq qarşılanmır. Müxtəlif cür yanaşmalar  yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də formalaşıb. Bir qrup insanlar  COVİD-19-u tamamilə yalan, bioloji silah, insanları başqa istiqamətə yönəldən nüans olduğunu iddia etdikləri halda, digərləri  isə ona çox ciddi yanaşır və pandemiyanı dünya üçün böyük dəhşət hesab edirlər. Mən ikinci qrup şəxslərə daxiləm. Bu xəstəlik bütün Yer kürəsi üçün təhdiddir.

 

Noyabrın 10-na kimi ölkəmiz müharibə şəraitində idi. Apardığımız mübarizədə düşmənlə iki cəbhədə vuruşurduq. Bir tərəfdə vandal ermənilər, digər tərəfdə isə gözəgörünməz koronavirus infeksiyası...

 

Biz  Vətən müharibəsindən qalib çıxdıq, lakin pandemiya hələ də davam etməkdədir. Onun dəhşəti isə insana hər tərəfdən zərbə endirə bilmək qabiliyyətində olmasındadır. COVİD-19-un hər an gələcək zərbəsini öncədən müəyyən etmək mümkün olmur. Bütün insanları maksimum dərəcədə sayıq və diqqətli olmağa çağırıram.  Məsələ yalnız şəxsin özünün xəstələnməyi deyil, onun potensial təhlükə olaraq ətrafdakı insanları  da yoluxdura bilməsidir. Aparılan elmi tədqiqatlar göstərir ki, bir virus daşıyıcısı ən azı 8 nəfəri yoluxdurmaq potensialına malikdir. Buna görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın və Təhsil Nazirliyinin qərarlarını dəstəkləyir və onları yerində verilən əmr hesab edirəm”.

 

Asif Cahangirov qeyd edir ki, bu tədbirlərin əleyhinə çıxan şəxslər də olur:

 

“Bəzi valideynlər iddia edirlər ki, övladları təhsildən uzaqlaşır və inkişafdan kənarda qalırlar. Müəyyən dərəcədə onlar  haqlıdırlar. Lakin tərəzinin bir gözünə övladlarımızın sağlamlığı, digərinə isə aldıqları təhsili qoyduqda, sözsüz ki, sağlamlıq  daha ağır gəlir. 

 

COVID-19 bəzi insanlarda yüngül keçsə də, başqalarında ölümlə də nəticələnə bilər. Məktəbyaşlı şagirdlərin  keçirdiyi koronavirus ya simptomsuz olur, ya da  bir-iki gün ərzində onun  əlamətləri  özünü göstərərək keçib-gedir. Amma həmin uşaqlar  vasitəsi ilə  onlarla təmasda olan insanlar yoluxur. Hamı düşünür ki, koronavirus onlardan yan keçəcək. Lakin elə olsaydı, bugünədək planetdə 3 milyona yaxın insan dünyasını dəyişməzdi. Mənim tibbi xidmətimizə yanaşmam heç zaman birmənalı şəkildə olmayıb. Lakin etiraf edək ki, bəzilərimizin məsuliyyətsizliyi nəticəsində  tibb işçilərimizi  böyük  təhlükə qarşısında qoyuruq. Hər bir xəstə  potensial olaraq  təhlükədir. Bir millət olaraq özümüzü və ətrafımızı qorumalıyıq.

 

Pandemiya səbəbindən təhsilimiz müəyyən qədər zəifləyib, lakin həmin proseslər bütün dünyada baş verir.  Hazırda  təhsil sistemində ən çox zərər çəkən   bağçalar və məktəbəhazırlıq qruplarıdır. Həmçinin, ibtidai sinif şagirdləri bu prosesdən olduqca təsirləniblər. Mən bir pedaqoq olaraq  deyə bilərəm ki, ən çox problemlə üzləşən məhz  azyaşlı şagirdlərdir. Onlar sosiallaşma prosesindən uzaq düşüblər.  Şagirdlər arasında canlı, qarşılıqlı ünsiyyət,  söhbət, müzakirə və diskussiyaların olmaması onlarda ümummədəni bacarıq və səriştələrin formalaşdırılmasına, eyni zamanda  təfəkkür,  danışıq  və digər qabiliyyətlərinin inkişafına  ciddi  təsir göstərib.

 

Əməkdar müəllim verilən qərarlar haqqında düşüncələrini bildirib:

 

“Mən Nazirlər Kabineti və Təhsil Nazirliyinin 5 bölgədə tədrisin distant formada keçirilməsi qərarını düzgün hesab edirəm. Belə ki, özüm  də koronavirusa  yoluxmuşam. Onu keçirməyən insan  düşünə bilər ki, bu çox yüngül  xəstəlikdir.   Yaşım 70-i keçib və xəstəlik dövründə  hər an düşünürdüm ki, bu dünyadan gedə bilərəm. Bu əsnada gözümün önünə övladlarım və nəvələrim gəlirdi. Çünki ətrafımızda koronavirusa yoluxmuş bəzi  insanlar dünyasını dəyişmişdi. Lakin mən iradəmi toplayaraq anlayırdım  ki, yaşamalıyam. Belə məsələlərdə çox diqqətli olmalı və vəziyyətə həssaslıqla yanaşmalıyıq. Hər insanın həyatı unikaldır. Biz Allahın verdiyi ömrü  yaşamalıyıq.  

Koronavirus məsələsinə dırnaqarası yanaşan şəxslər isə əslində digərlərinin həyatına qəsd edir. Onlar nə öz yaşamlarını dərindən dərk edir, nə də ətrafdakı insanların yaşamaq haqqına adekvat  qiymət verə bilir. Lakin virus kiminsə ailəsində yayılanda hamı panikaya düşür. Ona görə də diqqəti əldən vermək olmaz.

 

Onlayn təhsil  asan model  deyil. 5-10 ildən sonra  ölkə təhsilimizi  də köklü dəyişikliklər gözləyir. Həmin dövrdə  şagird və tələbə səhərdən axşama kimi  sinif otaqlarında  oturub dərs keçməyəcək.  Müxtəlif növ yeni təhsillənmə metodları, öyrənmə üsulları   yaranacaq,  mövcud məktəb binaları hazırki funksional mahiyyətini dəyişəcəklər.

Robototexnika, rəqəmsal  texnologiyalar kəskin şəkildə  inkişaf edəcəkl. İndinin özündə də müasir  təhsil üçün fərqli mühit və imkanlar yaranmaqdadır. 

 

Elmi araşdırmalar göstərir ki,  koronavirusa yoluxanların orqanizmlərində müəyyən dəyişikliklər və fəsadlar baş verir. Gənc nəslin bədənlərinin gələcək illərdə bu xəstəliyə nə kimi cavab reaksiyası verəcəyini bilmirik. Ona görə də yoluxma hallarını kəskin şəkildə azaltmalıyıq.

 

Mən təhsil orqanlarını, pedaqoji ictimaiyyəti  onlayn təhsili daha da təkmilləşdirməyə çağırıram.  Bəzi proqnozlar COVİD-19-un  illərlə davam edəcəyini deyir. Şagirdlərə müxtəlif təhsillənmə yollarını  öyrətməyə, özünütəhsilə daha çox  diqqət yetirməliyik.

 

Pandemiya dövründə valideynlər  onlayn təhsil mühitində müəllimliyin nə qədər ağır və çətin peşə olduğunu daha dərindən anladılar.  Bəli,  hamımız çətin və hələ də sonu görünməyən bir dövrdə yaşayırıq.

 

Əminəm ki,  xalqımızın, uşaq, gənc, ahıl nəsillərin sağlamlağının qorunması   və mühafizəsi, həmişə olduğu kimi,  əsas prioritet olacaqdır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları